Rusiyada Belqorod vilayətinin hakimiyyəti Belqorod şəhərinin sakinlərinə daha təhlükəsiz regionlara təxliyə olunmaq imkanı verə bilər.
Vilayətin qubernatoru Vyaçeslav Qladkov təxliyə olunmaq istəyənlərə onun və ya Belqorod meri Valentina Demidovanın qəbul otaqlarına, ya da təcili xidmətlərin qaynar xətlərinə müraciət etməyi məsləhət görüb.
Qladkovun sözlərinə görə təxliyə olunmaq istəyən sakinlərə elə həmin gün Starı Oskol və Qubkin şəhərlərindəki müvəqqəti yerləşdirmə məntəqələrində yer veriləcək.
Belqorod şəhəri və Belqorod vilayəti son bir həftə ərzində atəşə tutulur.
Dekabrın 30-da Belqoroda endirilmiş raket zərbəsi nəticəsində 25 nəfər həlak olub, daha 100 nəfər xəsarət alıb.
Həmin vaxtdan bəri vilayət demək olar hər gün atəşə tutulur.
Belqorod üzərinə hava zərbələri davam edir
Belqorod şəhərinin operativ qərargahının məlumatında deyilir ki, yanvarın 5-də hava hücumundan müdafiə qüvvələri “10 uçan hədəf” vurublar. İki nəfər xəsarət alıb. 92 mənzilə, 31 avtomobilə ziyan dəydiyi xəbər verilir.
Şəhər hakimiyyəti sakinlərə pəncərələrini yapışqanlı lentlərlə yapışdırmağı tövsiyə edib.
Belqorod üzərinə zərbə Rusiya hərbçilərinin dekabrın 29-da Ukraynaya hava zərbələrindən dərhal sonra endirilib.
Rusiya hakimiyyəti vilayətin atəşə tutulmasına görə Ukrayna silahlı qüvvələrini ittiham edir.
Rusiya prezidenti Vladimir Putin Belqoroda zərbəni “terror aktı” adlandırıb.
Ukrayna hərbçiləri adətən Rusiya ərazisinin atəşə tutulmasını şərh etmirlər.
Qarşılıqlı ittihamlar
Amma “Ukrainskaya pravda” qəzetinin xüsusi xidmətlərdəki mənbələri iddia ediblər ki, Ukrayna ordusu hərbi obyektlərə zərbələr endirib, amma Rusiya hava hücumundan müdafiə qüvvələrinin səriştəsizliyi üzündən raketlərin qırıntıları şəhərin mərkəzinə düşüb.
Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlanandan bəri Ukraynada 10 mindən çox dinc sakin həlak olub.
Amma Rusiya hərbçiləri və hakimiyyət nümayəndələri yalnız hərbi onbyektlərə və infrastruktura zərbə endirildiyində israr edirlər.
Dekabrın 29-da Ukraynanın ərazisi Rusiyanın ən miqyaslı hava hücumlarından birinə məruz qalıb.
Hava zərbələri nəticəsində 40-dək sakinin həlak olduğu xəbər verilib.
Bu yaxınlarda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya da Təhlükəsizlik Şurasının iclasında dinc sakinlərin həlak olmasına görə Ukrayna hava hücumundan müdafiə qüvvələrini ittiham edib.