Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:01

Rusiyanın gizli müharibəsi


AzadlıqRadiosunun müxbiri Mark Krutov Rusiya Silahlı Qüvvələrinin Ukraynanın şərqindəki münaqişəyə birbaşa müdaxiləsi və iştirakına işıq salan materiallardan söz açıb

AzadlıqRadiosunun müxbiri Mark Krutov Bellingcat təhqiqat jurnalistikası qrupunun Rusiya Silahlı Qüvvələrinin Ukraynanın şərqindəki münaqişəyə birbaşa müdaxiləsi və iştirakına işıq salan materiallarından söz açıb.

Bellingcat könüllüləri Ukraynadakı Rusiya təcavüzünün ifşası üçün əsasən açıq informasiya mənbələrindən istifadə edirlər.

Bellincat-in internet saytında Rusiya hərbi texnikası və canlı qüvvəsinin Ukrayna ərazisinə keçməsini göstərən foto-xəritələr dərc olunub.

Bu fotolardan bəlli olur ki, Rusiya hərbçiləri Ukrayna ərazisinə sərhəd boyunca saldıqları hərbi düşərgələrdən keçirlər.

Könüllülər sərhədin keçildiyi 60-dək belə “məntəqə” aşkar ediblər.

Separatçı qələbəsinin sirri

Bu xüsusilə vurğulanmalıdır ki, Bellingcat Ukrayna sərhədinin qanunsuz keçilməsi hallarının xronoloji sənədləşdirilməsini də aparıb.

Bəlli olub ki, sərhədin Rusiya qüvvələri və texnikası tərəfindən pozulmasından az sonra Ukraynanın şərqindəki separatçıların “yeni hərbi uğurları” başlanıb.

Bellingcat artıq neçənci dəfədir ki, Rusiya-Ukrayna münaqişəsinə dair materiallar dərc edir.

Bunlardan biri də Malayziya Hava Yolları şirkətinə məxsus sərnişin təyyarəsinin Donetsk üzərində vurulmasında iştirakı mümkün sayılan “Buk” raket kompleksinin Rusiyadan Ukraynaya qanunsuz keçirilməsi barədədir.

Bellingcat bu fotoları sosial mediadan toplayıb
Bellingcat bu fotoları sosial mediadan toplayıb

Sosial mediada dərc olunan fotolar və başqa kəşfiyyat materialları əsasında “Buk” raketlərinin Rusiyadan Ukraynaya keçirilməsinin mümkün marşrutları aşkar edilib.

Fotolardan bəzilərində hətta sözü gedən hərbi texnikanın özü də görünür.

Bazalar və düşərgələr

Mark Krutov yazır ki, Rusiya hərbi düşərgələri adətən Ukrayna sərhədinin 100 metrliyində qurub.

İki ölkə arasında rəsmi keçid İzvarinoda olduğundan burada 2014-cü ildə ATƏT müşahidəçiləri olub.

Ona görə də “qeyri-rəsmi” və ya qanunsuz keçidi bir qədər şimalda açmışdılar.

Bellingcat güman edir ki, “Buk” raketləri də Ukrayna ərazisinə məhz oradan keçirilib.

Bellingcat qrupunun rəqəmli xəritələrindən biri
Bellingcat qrupunun rəqəmli xəritələrindən biri

Krutov yazır ki, Rusiya ordusunun Ukraynaya müdaxiləsini təkcə fotolar göstərmir.

Avqustun 26-da Ukrayna Rusiya ilə həmsərhəd Zerkalnoye kəndində 10-dək rus desantçısının yaxalandığını bildirmişdi.

Sonradan Rusiya bu əsgərlərin guya yol azaraq Ukrayna keçdiklərini bildirdi.

Reuters agentlyinin reportajlarından birində Ukraynadan çıxmağa çalışan zədəli tank görünür.

Ukraynada olmuş Rusiya əsgərlərindən bəziləri də öz fotolarını sosial mediaya çıxarırlar.

Rusiyanın başı qarışanda sakitlik olur

Təhqiqatçı jurnalistlər yazırlar ki, 2014-cü ilin iyul-sentyabrında separatçıların elə bir “qələbəsi” olmayıb ki, Rusiya tərəfindən texnika və canlı qüvvənin göndərildiyi vaxtlara “təsadüf” etməsin.

Separatçıların elə bir “qələbəsi” olmayıb ki, Rusiya tərəfindən texnika və canlı qüvvənin göndərildiyi vaxtlara “təsadüf” etməsin

Əslində 2014-cü ilin birinci yarısında separatçıların itiridikləri torpaqları “xalq respublikalarına” rus əsgəri qaytarıb.

Rusiya yalnız bundan sonra Minsk sövdələşməsinə getməyə razılıq verib.

Təhqiqatçı jurnalistlər yazırlar ki, hazırda Donbasda yaranmış “sakitlik” aldadıcı ola bilər.

​İnternetdə açıq mənbələrdən informasiya toplayan başqa bir qrup – InformNapalm bildirib ki, hazırda Rusiya Abxaziyadan böyük sayda hərbi texnikasını çıxarır.

“Amma ola bilsin ki, bu dəfə texnikanı Suriyaya göndərmək üçün çıxarırlar” – yazır Krutov.

Rusiyanın başı daha bir məxfi müharibəyə qarışmaqdadır.

XS
SM
MD
LG