Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:07

Rusiya ilə sərhəddə əməliyyat-axtarış tədbirləri keçirilib


Noyabrın 19-dan 25-dək Azərbaycan və Rusiyanın sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. Tədbir iki ölkənin daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, baş tutub.

Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin bu gün, noyabrın 29-da yayılan məlumatında bildirilir.

Məlumatda vurğulanır ki, əməliyyatın keçirilməsinin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsini öyrənmək olub.

Əməliyyat zamanı transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin, qurğuların, narkotik vasitələrin və başqa hüquqazidd əməllərin həyata keçirilməsinə qarşı kompleks təşkilati-praktiki tədbirlər icra edilib.

Əməliyyatlar Rusiyanın Dağıstan Respublikasının sərhədyanı bölgələrində və Azərbaycanın Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax, Oğuz rayonları ərazisində aparılıb.

Nazirlik bildirir ki, tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə, axtarışda olan 18 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 12 nəfər tutulub. Habelə itkin düşmüş hesab olunan 4 nəfər tapılıb. Eyni zamanda, mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 61 nəfər saxlanıb.

Məlumatda o da qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri zamanı 9 avtomat silahı, 5 tapança, 1 qumbaraatan, 40 qumbara aşkar olunub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 5 faktın aşkarlandığı, habelə 5 müxtəlif cinayətin açılmasının də təmin olunduğu vurğulanır.

XS
SM
MD
LG