Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 15:03

'Azərbaycan Rusiyanın xeyrinə dönüş etmək istəyir'


Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər

Son günlər həm Azərbaycan rəsmiləri, həm də ölkənin rəsmi kütləvi informasiya vasitələri (KİV) Amerika Birləşmiş Ştatları (ABŞ) və Fransaya qarşı kəskin tənqidlərə başlayıb.

Bir neçə gün əvvəl ABŞ Qarabağ münaqişəsi ilə bağlı uzun illər vasitəçilik etmiş ATƏT-in Minsk qrupuna (ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir) özünün yeni həmsədrini təyin etdi. Azərbaycan Xarici İşlər Nazirliyi də bunu sərt şəkildə qarşılayaraq bəyan etdi ki, bu münaqişə bitib. "Faktiki olaraq fəaliyyət göstərməyən Minsk qrupunun "reanimasiya" edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər", -nazirliyin sözçüsü vurğulamışdı.

ABŞ Dövlət Departamenti tənqidi rədd etmişdi. "Biz iki ölkə arasında hərtərəfli sülh nizamlanmasına nail olmaq üçün ikitərəfli, çoxtərəfli əsasda və həmfikir tərəfdaşlarla Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun asanlaşdırılmasına sadiqik", - Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel demişdi.

Prezidentin köməkçisindən ittiham

Avqustun 27-də isə prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, dəvət olunmalarına baxmayaraq, ABŞ və Fransa səfirlərinin Şuşaya gəlməmələrini Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi qəbul edirlər. O əlavə edib ki, bu ölkələr bir daha səfərlərə dəvət olunmayacaqlar.

ABŞ-dan cavab

ABŞ-ın Azərbaycandakı səfirliyindən isə bu məsələ ilə bağlı "Amerikanın Səsi"nə bildirilib ki, Azərbaycanın müstəqilliyi və suverenliyinin onlardan böyük dəstəkçisi yoxdur: "ABŞ səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edirlər".

A.Mirzəzadə
A.Mirzəzadə

"Qrupun nəylə məşğul olacağı aydın deyil"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Aydın Mirzəzadə də "Turan"a bildirib ki, ABŞ və Fransa tərəfindən ATƏT-in Minsk qrupunun reanimasiya cəhdləri, həqiqətən, var: "Ancaq Minsk qrupu artıq faktiki olaraq mövcud deyil. Rusiya ondan imtina edib, Azərbaycan bu qrupa ehtiyac olmadığını bildirir. Belə olan halda, qrupun nəylə məşğul olacağı aydın deyil".

Onun fikrincə, Azərbaycan Şuşada təşkil olunan beynəlxalq tədbirdə ABŞ və Fransa nümayəndələrinin olmaması ilə bağlı etirazında tamamilə haqlıdır: "ABŞ və Fransa sıradan bir ölkələr deyil və dünya siyasətini müəyyənləşdirən əsas faktorlardan biridirlər. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvlərindəndirlər, Azərbaycanın onlarla sıx münasibətləri var. Söhbət ondan getmir ki, mütləq səfirlər tədbirə qatılsın, səfirliyin nümayəndəsi də ola bilər".

"Bu iki ölkənin rəsmiləri ciddi düşünməlidirlər"

Deputat hesab edir ki, bu cür münasibət ABŞ və Fransanın beynəlxalq imicinə zərər də vura bilir: "Biz çox istərdik ki, Azərbaycanın bu narazılığını ABŞ xarici siyasət idarəsi nəzərə alaydı. Azərbaycan prezidentin köməkçisinin "biz bir daha onları dəvət etməyəcəyik" sözləri ətrafında bu iki xarici ölkənin rəsmiləri ciddi düşünməlidirlər".

ABŞ-dakı Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, sözügedən səfirliklərin Şuşaya səfər etməmələrini Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi dəyərləndirmək düzgün deyil. O vurğulayıb ki, cəmi bir ay bundan əvvəl Azərbaycan prezidenti ABŞ-ın müstəqillik günü ilə əlaqədar həmin ölkənin prezidentinə məktub yollamışdı: "Həmin məktubda Azərbaycan prezidenti açıq şəkildə demişdi ki, ABŞ müstəqilliyinin ilk günlərindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə ən böyük dəstək verən dövlətlərdən biri olub".

B.Hacıyev
B.Hacıyev

"Qərb əleyhinə ictimai rəy hazırlayırlar"

Onun sözlərinə görə, son günlərdə ABŞ və Fransaya yönələn tənqidlərin Azərbaycan baş nazirinin Avrasiya İqtisadi Birliyinin toplantısında iştirakı ilə eyni vaxta təsadüf etməsi təsadüfi deyil: "Düşünürəm ki, Azərbaycan xarici siyasətində Rusiyanın xeyrinə müəyyən bir dönüş etmək istəyir və ictimaiyyətin rəyini buna hazırlayır. Antiqərb ictimai rəyi hazırlayırlar və sonra da Rusiyanın Avrasiya İqtisadi Birliyinə inteqrasiya edəcəklər". (Rusiyadan başqa bu birliyə Belarus, Ermənistan, Qırğızıstan və Qazaxıstan daxildir)

Bu il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Sənəddə iki ölkə arasında hərbi, siyasi, iqtisadi və başqa sahələrdə əməkdaşlıqdan bəhs edilir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan (Şuşa şəhəri daxil) Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG