Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:10

Rusiya mediası: “Pilotu türkmanlar yox, türklər güllələyiblər”


Reuters-in videosunda Alparslan Çelik adı ilə təqdim olunmuş şəxs
Reuters-in videosunda Alparslan Çelik adı ilə təqdim olunmuş şəxs

Rusiyanın Su-24 təyyarəsinin Türkiyə tərəfindən Suriya sərhədində vurulmasının ardınca ölkə mediası rus pilotunu güllələyənlərin “axtarışına” başlayıb

Rusiya təyyarəsinin vurulmasının ardınca Reuters də daxil, aparıcı Qərb media qurumları Moskvanın mümkün qisas zərbəsinin Türkiyəyə yox, Suriya türkmanlarına yönələcəyindən yazırdı.

Siyasi təhlilçilər ehtimal edirdilər ki, Moskvanı təyyarənin vurulub salınmasından daha çox, paraşütlə atılan pilotun yerdən güllələnməsi qəzəbləndirəcək. Onlar yazırlar ki, paraşütçülərin havada güllələnməsi Cenevrə Konvensiyası ilə qadağandır və bunu edənlər hərbi cani hesab edilirlər.

Ziddiyyətli müsahibə

Rusiya pilotlarını paraşütlə enərkən onun dəstəsinin vurduğunu və özünün türkman qiyamçılarının komandiri olduğunu Alparslan Çelik adlı şəxs Reuters-ə verdiyi video müsahibədə demişdi.

Belə görünür ki, bu video istər Rusiya kəşfiyyatı, istərsə də Rusiya mediası üçün ciddi araşdırma predmetinə çevrilib. Özünü türkman komandiri kimi təqdim etmiş Çelik, indi bir növ Moskvanın “Cihadçı John”u olacaq. Britaniyanın baş naziri David Cameron Britaniya vətəndaşlarının öldürülməsində şübhəli bilinən bu cihadçının şəxsən hədəflənəcəyini bildirmişdi.

REGNUM agentliyi yazır ki, Su-24-ün komandiri podpolkovnik Oleq Peşkovu paraşütlə atıldıqdan sonra, “artıq yerdə, türkmanlar yox, türklər gülllələyiblər”. Bu da qeyd olunur ki, Peşkov Putin tərəfindən ölümündən sonra “Rusiya Qəhrəmanı” adı ilə təltif edilib.

REGNUM yazır ki, Youtube-da yayılmış videoda “türkman adlandırılan və Allahu-əkbər qışqıran dəstənin rus pilotuna atəş açdığı görünür”.

Alparslan Çelik kimdir?

Agentlik bildirir ki, Reuters-in videosunda özünü türkman komandiri kimi təqdim edən Alparslan Çelik heç də türkman yox, Türkiyə vətəndaşıdır.

Bu da qeyd edilir ki, Rusiyanın tanınmış blogerlərindən NTV Livejournal portalında yazdığı məqalədə sözü gedən şəxsin kimliyini tamlıqla müəyyən edib.

Bloqda bildirilir ki, Çelik Türkiyənin Elazıq əyalətinin Keban şəhərindəndir.

Məqalədə belə bir mühüm məqama diqqət yetirilir ki, Çelik Reuters-ə verdiyi müsahibədə Rusiyanın hərbi təhlükəsinin qarşısını almaq üçün Əl-Naciyə ərazisinə gəldiyini deyib. O əlavə edib ki, onlar bura gələndə, Türkiyə hərbi-hava qüvvələri Rusiya təyyarəsini Türkiyənin hava məkanını pozduğuna görə artıq vurmuşdular.

NTV Alparslan Çelikə məxsus Tvitter hesabını da aşkar etdiyini yazır. O qeyd edir ki, Çelik fotolarda barmaqları ilə Türkiyənin ifrat millətçi “Bozkurt” təşkilatının işarəsini göstərir.

“Tapmaq və məhv etmək”

NTV özünün “Tapmaq və məhv etmək” adlı bloqunda yazır ki, “KİV onları türkman adlandırır, lakin bu, belə deyil”.

Bloger yazır ki, qəzaya uğrayan təyyarədən xilas olmağa çalışan paraşütçülərin vurulması Cenevrə Konvensiyası ilə qadağandır.

“Gəlin bizim “türkmana” qayıdaq. O əslində heç də türkman deyil və xalis türkdür. Alparslan Elazıq vilayətinin Keban şəhərindəndir. O bu şəhərin keçmiş merinin oğludur. Bu şəhərdən türkmanların heç iyi də gəlmir” – iddia edir NTV.

Bizim pilotlarımıza hücumda heç bir “Suriya türkmanı” iştirak etməyib

Bloqda iddia olunur ki, hələ ötən il bir neçə Türkiyə resursunda Alparslan barədə məlumatlar olub. Orada onun İraq türkmanlarını müdafiə etmək üçün bu ölkəyə gəldiyi bildirilirdi.

“Odur ki, bizim pilotlarımıza hücumda heç bir “Suriya türkmanı” iştirak etməyib” – deyə nəticəyə gəlir bloger.

Bu da qeyd edilməlidir ki, Alparslan Çelik barədə məlumatlar habelə Rusiyanın rəsmi ORT və Rossia 24 kanallarında geniş verilib.

“Türkman məsələsi” gündəmdə qalır

Bu arada ABŞ Dövlət Departamenti bəyan edib ki, Suriya türkmanları Rusiya pilotlarına özünümüdafiə məqsədilə atəş aça bilərdilər.

Bundan əvvəl dövlət katibi John Kerry bəyan etmişdi ki, ABŞ, insidentin təfərrüatları araşdırılıb qurtarmayınca, heç bir bəyanat verməyəcək.

Rusiyanın “Arqumentı i faktı” qəzeti Dövlət Departamentinin sözçüsü Mark Toner-ə istinadən bildirir ki, türkmanların katapult etmiş pilotlara atəş açmaqda məqsədləri özünümüdafiə ola bilərdi.

Digər tərəfdən rəsmi Ankara ən son bəyanatında “Suriya türkmanlarının müdafiəsi üçün əlindən gələni edəcəyini” bildirib.

XS
SM
MD
LG