Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:27

ABŞ və Rusiya məhbus mübadiləsinə hazır olduqlarını deyirlər


Britni Qriner məhkəmədə
Britni Qriner məhkəmədə

ABŞ Dövlət katibi Antoni Blinken avqustun 5-də deyib ki, Rusiyanın təklifi üzrə “hərəkətə keçəcəklər”

Moskva və Vaşinqton mümkün məhbus mübadiləsinini müzakirəsinə hazır olduqlarını deyirlər. Avqustun 4-də ABŞ-ın basketbol ulduzu Britni Qriner narkotik maddə qaçaqçılığında təqsirli bilinərək Rusiyada 9 il həbs cəzasına məhkum edilib. Prezident Co Bayden bunu “qəbuledilməz” adlandırıb.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun avqustun 5-də dediyinə görə, Moskva prezidentlər Bayden və Vladimir Putinin ötən ilin iyununda Cenevrədə sammitdə razılaşdırdığı mövcud diplomatik kanalla məhbus mübadiləsinin müzakirəsinə hazırdır.

Blinkenin reaksiyası

“Bu mövzunun, yalnız prezidentlər Putin və Baydenin razılaşdırdığı kanal çərçivəsində müzakirəsinə hazırıq”, – Lavrov Kambocada ASEAN təşkilatının toplantısı çərçivəsində deyib.

ABŞ Dövlət katibi Antoni Blinken avqustun 5-də deyib ki, Rusiyanın təklifi üzrə “hərəkətə keçəcəklər”.

“Rusiyanın Xarici işlər naziri Lavrov bu səhər deyib ki, (saxlanmış ABŞ idmançısının dəyişdirilməsini) müzakirə etməyə hazırdırlar. Biz bu məsələdə hərəkətə keçəcəyik”, – Blinken Kambocada xarici işlər nazirlərinin görüşündə söyləyib.

Avqustun 4-də çıxarılan məhkəmə hökmünün danışıqlara yol açacağı gözlənən idi, çünki məhbus mübadiləsi üçün əvvəlcə hökm olmalıdır. Rusiyanın Ukraynaнa təcavüzü ABŞ-Rusiya münasibətlərini ən aşağı həddə salıb. Ancaq bununla belə Rusiyada saxlanmış amerikalıların ölkələrinə gətirilməsi üçün Baydenə təzyiq edilir.

Pol Velanı da müzakirə ediblər

İyulun 29-da Blinkenlə Lavrovun telefon söhbətində Qrinerlə yanaşı ABŞ-ın keçmiş dəniz piyadası Pol Velanın da müzakirə mövzusu olduğu bildirilir.

Velan 2020-ci ildə casusluq ittihamları ilə 16 il həbsə məhkum edilib. Özü isə ittihamları rədd edir.

ABŞ mənbələrinin mediaya dediyinə görə, Rusiya bu iki amerikalını həbsdə olan silah alverçisi Viktor Bauta dəyişmək istəyir.

Apreldə tərəflər keçmiş dəniz piyadası Trevor Ridi ABŞ-da 20 il həbs cəzası çəkən rusiyalı pilot Konstantin Yaroşenkoya dəyişiblər.

Qrinerin vəkilləri hökmdən apelyasiya şikayəti veriləcəyini deyiblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG