Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 23:06

ABŞ seçkilərinə müdaxilə planının müəllifləri bəlli olub


RISI-nin direktoru Mikhail Fradkov və prezident Vladimir Putin.

2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə planını Rusiya Strateji Araşdırmalar İnstitutu (RISI) işləyib hazırlayıbmış. Xəbəri «Reuters» informasiya agentliyi ABŞ administrasiyasının üç hazırkı və dörd keçmiş əməkdaşına istinadən yayıb.

ABŞ kəşfiyyatının keçmiş yüksəkrütbəli əməkdaşı qeyd edib ki, Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilənin «yol xəritəsi»ni hazırlamaq xahişi şəxsən prezident Vladimir Putin-dən gəlib. Agentliyin mənbələrinin verdiyi məlumata görə, RISI bununla bağlı iki sənəd işləyib hazırlayıb.

İKİ SSENARİ

İnstitut ötən ilin iyununda Kreml üçün sosial şəbəkələr və dövlət KİV-lərində təbliğat kampaniyasının başlanmasına dair tövsiyələr işləyib hazırlayıb. Təbliğat kampaniyasının məqsədi – amerikalıları Rusiyaya qarşı keçmiş prezident Barack Obama-dan daha yumşaq mövqe tutan prezident seçməyə meylləndirmək idi.

Oktyabrda hazırlanmış ikinci sənəddə isə ekspertlər Demokratların namizədi Hillary Clinton-un mümkün qələbəsi ssenarisindən çıxış edirlər. Bu sənəddə onlar Trump-ı dəstəkləyən təbliğat kampaniyasını dayandıraraq, guya seçkilər zamanı baş vermiş saxtakarlıq halları barədə məlumatların yayılmasına keçməyi tövsiyə edirlər. Məqsəd potensial gələcək prezident kimi Clinton-un nüfuzuna xələl gətirmək idi.

Ancaq «Reuters» xəbər verir ki, RISI -nin tövsiyə sənədlərində Demokratlar Partiyasının serverlərinə haker hücumları barədə heç bir məlumat yoxdur.

«TAM YALAN»

Bu sənədlərin ABŞ xüsusi xidmətlərinin əlinə necə düşməsi barədə heç bir bilgi verilmir.

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov, RISI və «Russia Today»in (RT) mətbuat xidmətləri məsələ ilə bağlı «Reuters»in suallarına cavab verməyiblər. «Sputnik» agentliyinin nümayəndəsi bu məlumatları «tam yalan» adlandırıb.

Hazırda Birləşmiş Ştatların xüsusi xidmətləri Rusiyanın ABŞ-da ötən il keçirilmiş prezident seçkilərinə ehtimal olunan müdaxiləsini araşdırırlar. Yanvarda ABŞ kəşfiyyatı bildirmişdi ki, Rusiya prezidenti V.Putin seçki kampaniyasına təsir etmək və Trump-a kömək məqsədilə Demokratlar Partiyasına qarşı haker hücumları gerçəkləşdirmək tapşırığını verib.

Kremlin özü isə sözügedən kiberhücumlarla bağlılığını inkar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG