Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibədə ağır yaralanmış üç rusiyalı hərbçi yenidən cəbhə xəttinə göndərilib. Yaxınları, dostları və hüquq müdafiəçiləri onların baş və döş qəfəsindən ağır yaralandıqlarını, birinin sol gözünü, digərinin isə hər iki qulağında eşitmə qabiliyyətini tamamilə itirdiyini bildirirlər.
Bu arada Rusiya müharibədə verdiyi canlı qüvvə itkilərini əvəzləməyə çalışır. Hüquq müdafiəçilərinin sözlərinə görə, yaralı əsgərlər evlərindən və xəstəxanalardan məcburi şəkildə aparılır. Hətta bəziləri müharibə zonasını tam tərk etməyə imkan tapmamış yenidən döyüş meydanına qaytarılırlar.
38 yaşlı Pavel Podqruşni 2023-cü ildə orduya cəlb edilib. Qohumu Dmitrinin dediyinə görə, Pavel ölümlə nəticələnən yol qəzasına görə 8 il həbs cəzası alsa da, qısa müddət sonra cəzaçəkmə müəssisəsindən çıxarılaraq hərbi xidmətə göndərilib. 2023-cü ilin dekabrında cəbhəyə göndərilən Podqruşni 2024-cü ilin aprelində ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
"Başından və döş qəfəsindən yaralanmışdı. Sol gözünü itirmişdi, qulaq pərdələri partladığı üçün eşitmirdi", – Dmitri danışır.
Onun sözlərinə görə, Podqruşni reabilitasiya üçün evə buraxılıb və müvəqqəti olaraq xidmətə yararsız sayılıb, amma bu statusu təsdiqləyən sənədlər ona təqdim edilməyib. Volqoqrad şəhərindəki xəstəxananın baş həkimi ailəyə: "Niyə bu qədər narahatsınız? Sənədlər sonra gələcək. Bir gözü olmayan adamı yenidən orduya qaytara bilməzlər", – deyə təminat versə də, ailənin qorxduğu başına gəlib.
Ötən ilin sentyabrında Podqruşni hərbi komissarlığa çağırılıb. Sonradan onu fərarilikdə ittiham ediblər. Hüquqi yolla tərxis olunmaq üçün altı ay mübarizə aparan Pavel günlərin birində qəfil saxlanılıb və telefonu əlindən alınıb. Ailəsi o vaxtdan bəri onunla əlaqə saxlaya bilmir. "Döyüş bölgəsində onun bir ay belə sağ qala bilməsi qeyri-mümkündür", - Dmitri əlavə edib.
Əsgərləri evlərindən və xəstəxanalardan aparırlar
Hüquq müdafiəçisi İqor vurğulayır ki, Podqruşninin işi istisna deyil. 2024-cü ilin iyununda müqavilə imzalayandan üç ay sonra ağır yaralanan Mixailin də başına eyni hadisə gəlib. Uşaq evində böyüyən Mixail yaralandıqdan sonra qalan yeganə gözündə də görmə qabiliyyətini böyük ölçüdə itirib. İqorun sözlərinə görə, Mixail zəruri tibbi yardım almağa çalışsa da, tibbi komissiya onu "beş dəqiqənin içində" xidmətə yararlı elan edib və ertəsi gün, demək olar ki, kor vəziyyətdə yenidən cəbhəyə göndərib.
Hüquq müdafiəçisi bildirir ki, son dövrlər hərbi qurumlar tibbi əsaslarla tərxis olunan şəxslərin evlərinə basqın edir, onları yenidən xidmətə qaytarmaq üçün məcburi şəkildə yeni müqavilələr imzaladırlar: "Onları adətən bir neçə gün qarnizon həbsxanasında, kazarmada və ya kamerada yeməksiz-susuz saxlayırlar. Sonra əvvəlki hərbi-tibbi komissiyanın qərarının saxta olduğunu təsdiqləyən sənədləri imzaladırlar. Bunun ardınca yeni komissiya təşkil olunur və həmin qurum tərxis edilmiş əsgəri yenidən xidmətə yararlı sayır. Çıxış yolu yoxdur".
"Son damla qanımızadək"
Komandirlər vaxt itirməmək üçün bəzi şəxsləri birbaşa xəstəxana çarpayısından aparırlar. 26 yaşlı Andrey Perevalovun dostu Sergey onun iki dəfə ağır yaralandığını və artıq faktiki olaraq əmək qabiliyyətini itirdiyini deyir: "Bədənində çoxsaylı qəlpələr var, sümükləri sınıb".
Buna baxmayaraq, Andrey birbaşa Donetsk vilayətindəki Pokrovsk yaxınlığında yerləşən qaynar döyüş bölgəsinə göndərilib. Sergey sual edir: "Bu vəziyyətdə o, döyüşçü deyil, amma ona yenə də "irəli" əmri verirlər. Bizi Ukrayna cəbhəsinə sadəcə insan kütləsi kimi atırlar? Son damla qanımıza qədər sıxırlar?".
Müharibənin ilk günlərindən cəbhədə olan buryatiyalı Bato-Munko Tsıbenov 2024-cü ilin martında mina partlayışında ağır yaralanıb. Keçmiş qonşusu Daşimanın sözlərinə görə, Tsıbenov cəmi bir ay müalicə aldıqdan sonra elə aprel ayında yenidən Ukraynaya göndərilib.
Altı ay sonra ikinci dəfə yaralanaraq Buryatiyaya qayıdıb. Sağ ayağındakı bütün barmaqları amputasiya edilən Tsıbenov kənddə yalnız əsa ilə gəzə bilsə də, növbəti ilin aprelində onu üçüncü dəfə orduya aparıblar. O, elə həmin ay – cəbhəyə çatdıqdan cəmi bir neçə gün sonra həlak olub.
Canlı qüvvə böhranı və səfərbərlik
Rusiya prezidenti Vladimir Putin hökuməti şəxsi heyətin sayını qorumaq üçün radikal tədbirlərə əl atır. Britaniya kəşfiyyatının mayın sonlarında yayımladığı hesabata görə, genişmiqyaslı işğal başlayandan bəri təxminən 500 min Rusiya hərbçisi həlak olub.
Bu boşluğu doldurmaq üçün məhbuslar, sərxoşlar və evsizlər fəal şəkildə orduya cəlb edilir, onlara yüksək maaşlar və ailələri üçün böyük bonuslar vəd olunur. Ötən ay Putin həmçinin yeni müqavilə əsasında xidmətə başlayanların 10 milyon rubla (təxminən 137 min dollar) qədər olan borclarının silinməsi üçün fərman imzalayıb.