Keçid linkləri

2024, 08 Dekabr, bazar, Bakı vaxtı 11:17

Ölmüş xəstələrdən implant cihazlarını çıxarıb... təkrar istifadə ediblər


Ürək əməliyyatı, arxiv fotosu
Ürək əməliyyatı, arxiv fotosu

Rumıniyada bir həkim qanunsuz olaraq ölən xəstələrin bədənindən yüzlərlə kardiostimulyator və defibrillyator toplama və onları maddi mənfəət naminə yeni xəstələrin bədənlərinə yerləşdirmə ittihamı ilə həbs edilib. Son yeddi ildə edilən bu əməliyyatların bəzilərinin həmin xəstələrə lazım olmadığı bildirilir.

Fevralın 17-də prokurorluq ölkənin şimal-şərqindəki İasi şəhərinin Müqəddəs Spiridon Hospitalının 52-yaşlı kardioloqu Dan Tesloyanunun barəsində cinayət işi açıb. Onun daha dörd tibb işçisi ilə birlikdə işlədiyi iddia olunur. Onlar Tesloyanuya xəstələri tapmaqda, onlar öldükdən sonra ürək implant cihazlarını çıxarmaqda kömək ediblər. Prokurorluq bildirir ki, onlar bu cihazları yeni kimi dövriyyəyə buraxaraq əldə edilən pulları mənimsəyiblər.

2017-ci illə 2022-ci ilin avqust ayı arasındakı dövr ərzində baş vermiş 238 halla bağlı araşdırma aparılır.

Bu xəbər onsuz da pis maliyyələşən səhiyyə sistemində qalmaqallara və yayğın korrupsiya hallarına öyrəşmiş Rumıniyanı şoka salıb. Ölkədə səhiyyə sistemi səmərəsiz və siyasiləşmiş idarəetmədən əziyyət çəkir. Rumıniya Avropa İttifaqında Bolqarıstandan sonra səhiyyəyə ən az pul xərcləyən ikinci ölkədir.

Qanunla qadağandır

“30 ildir həkiməm və buna inana bilmirəm”, – Rumıniyanın ən tanınmış həkimlərindən biri, Tibb Kollecinin prezidenti Dan Koriu deyir.

Rumıniya qanunlarında ölmüş insanlardan götürülmüş tibbi cihazların yenidən istifadəsinin yasaqlandığı xüsusi qeyd edilib. Mütəşəkkil cinayətkarlıq üzrə ixtisaslaşan prokurorlar deyirlər ki, Tesloyanunun işində həmin pasiyentlərdən və onların ailələrindən heç ölümdən əvvəl razılıq da alınmayıb.

Tesloyanu məhkəmədə iddialarla bağlı açıqlama verməyib. Vəkili isə belə deyib: “O, həyatları xilas edib”.

Ancaq heç də bütün xəstələr bu iddia ilə razılaşmır.

4 min cihaz...

Özünü Ana G kimi təqdim edən 57-yaşlı rumıniyalı qadın kardioloqun son 20 ildə müalicə etdiyi minlərlə xəstədən sadəcə biridir. 2021-ci ilin mayında onun ürəyinə qoyulan tibbi cihaz, az qala, onu öldürüb.

"Prosedur çətin oldu, dərhal başlayan ağırlaşmalar məni ölümə yaxınlaşdırdı. Sağ qalmağım Allahın möcüzəsidir. Cihaz düzgün qoyulmamışdı və … işləməmişdi. …İndi düşünürəm, görəsən, o cihaz ölmüş insandan götürülməmişdi ki”, – o deyir.

Vəkillərin sözlərinə görə, Tesloyanu karyerası ərzində xəstələrə 4 min kardiostimulyator və digər cihaz qoyub.

“Dan Tesloyanu məqsədyönlü hərəkət edib və xəstələrdə ağır tibbi problemlər və hətta ölümə yol açmaq riskinə də əhəmiyyət verməyib”, – işi araşdıran Rumıniyanın Baş Prokurorluğu açıqlamasında bildirir.

Əməliyyat qurbanları

Pasiyentlərdən hər hansı birinin bu qanunsuz cərrahiyyə prosedurları səbəbindən öldüyü haqda heç bir rəsmi məlumat verilməsə də, “Adevarul” xəbər saytı az iki xəstənin öldüyünü yazır.

Bundan başqa prokurorluğun məlumatında bəzi xəstələrin infeksiyaya yoluxaraq yenidən xəstəxanaya yerləşdirilməli olduğu bildirilir.

Bu şəbəkənin iştirakçısı olmaqda şübhəli bilinən digər dörd həkimdən biri Braşovdan olan hərbi həkim Eduard Beludur. Onun Tesloyanunu yaxın adamı olduğu bildirilir.

Cihazların üzərində səhiyyə nazirliyinin tələb olunan qarantiyası yox imiş. Onların implantasiyadan öncə sterilizasiya edildiyi haqda da heç bir sənəd yoxdur.

“Qondarma diaqnozlar”

Prokurorluq bu cərrahi müdaxilələrin “xeyli hissəsinin” zəruri belə olmadığını, həkimlərin “qondarma diaqnozlar” qoyduğunu bildirir. Onlar bu məqsədlə xəstələrdə “spesifik simptomlar yaratmaq üçün onlara xüsusi dərmanlar da yazırlarmış. Məsələn, xəstələri kardiostimulyatorun lazım olduğuna inandırmaq üçün dərmanla onların ürək döyüntülərini yavaşladırmışlar.

Tesloyanu bugünlərdə Buxarestdə məhkəmə qarşısına çıxarılıb. Hələlik, hakim onun 30 günlük saxlanması barədə hökm çıxarıb. Vəkilləri apelyasiyaya müraciət edib.

"Beynəlxalq müqavilələrə görə ölmüş insanlardan götürülən cihazları istifadə etmək olar. Gəlin başqa bir sual verək: bu cür cihazlara pul olmadığı üçün ölmək qanunidirmi?", – Tesloyanunun vəkili Marius Todeanka deyir.

Rumıniya qanununa görə stimulyatorun xərci dövlət tibbi sığorta qurumu olan Milli Səhiyyə Evi tərəfindən ödənir. Ancaq bəzən xəstələr ödəməni əvvəlcədən edir, daha sonra dövlətdən pullarını alırlar.

Aİ-də ən aşağı göstərici

Ötən ilin iyulunda Beynəlxalq Ticarət Administrasiyası Rumıniyanın 2021-ci ildə ümumilikdə 16,7 milyard dollar, yaxud adambaşına 872,3 dollar xərclədiyini bildirmişdi. Bu, ölkə ÜDM-nin 5,9 %-i deməkdir. Bu Aİ-də adambaşına ən aşağı göstəricilərdən biridir.

Məlumatda deyilir ki, hökumətin bu ümumi rəqəmin 78,5%-ni təşkil edən səhiyyə xərcləri Rusiya, Moldova və Ukrayna kimi Avropa ölkələrindən böyük, Xorvatiyanınkından bir qədər kiçikdir.

İlkin və ambulator yardıma ayrılan vəsait (18,6%) Aİ-də Bolqarıstandan sonra ikinci ən aşağı göstəricidir.

Minlərlə rumıniyalı sosial mediada həkimlərin “sərt cəzalandırılmasını” tələb edib.

2 min- 3 min avroya satıblar

Prokurorluğun məlumatında Tesloyanu və Belunun ölmüş xəstələrdən götürülən cihazlara görə xəstələrdən yeni cihazın qiyməti qədər, 2 min- 3 min avro pul aldığı bildirilir.

Adı çəkilməyən, Tesloyanu tərəfindən 2013-cü ildə əməliyyat olunan bir xəstə Rumıniyanın “Antena 1” TV kanalına müsahibəsində ona qoyulan kardiostimulyatorun keyfiyyətsiz olduğunu və tez-tez boşaldığını deyib.

O, cihazın yeni olması haqda sənədləri heç vaxt görmədiyini deyib. Onun sözlərinə görə, Tesloyanu onu yeddi dəfə əməliyyat etməkdə israr edib. "İndi başa düşürəm niyə”, – o vurğulayıb.

“Cihaz elə əvvəldən heç vaxt düz-əməlli işləməyib və ağırlaşmalar olub. O mənə kömək etməkdənsə həyatımı məhv edib”, – başqa bir pasiyent söyləyib.

XS
SM
MD
LG