Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

ABŞ İran neftinin dünya boyunca idxalını dayandırmaq istəyir


İranın neft naziri Bijan Zanganeh
İranın neft naziri Bijan Zanganeh

Birləşmiş Ştatlar noyabrın əvvəllərindən İran neftinin idxalının dayandırılması üçün bütün ölkələr üzərinə təzyiq göstərməyə başlayıb.

İyunun 26-da ABŞ Dövlət Departamenti bildirib ki, İran neftinin idxalı üçün heç bir istisnaya yol verilməyəcək.

Prezident Donald Trump mayın 8-də ABŞ-ın İranla imzalanmış 2015-ci il nüvə sazişindən çıxdığını elan edib.

2015-ci ilin sazişi İranı özünün nüvə proqramını məhdudlaşdırması hesabına sanksiyalardan azad edirdi.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi bildirib ki, Trump İrana qarşı sanksiyaların qaldırılması müddətinin 180 gündən artıq uzadılmayacağı barədə fikrində qətidir. Bu müddət noyabrın 4-də bitir.

Trump administrasiyası bu müddətdən o yana hətta öz müttəfiqləri üçün də güzəşt edilməyəcəyini bildirib.

Rəsmi deyib ki, administrasiya İranın bütün valyuta gəlirləri kanallarını bağlamaq niyyətindədir.

Rəsmi bunu da əlavə edib ki, ABŞ özünün Yaxın Şərq müttəfiqləri ilə neft hasilatının artırılması barədə razılaşma əldə etməyi planlaşdırır. Vaşinqtonun fikrincə, bu yolla İran neftinin idxalının qadağanı neft qiymətlərini təsirləndirməməlidir.

***

Rohani deyir ki, İran ABŞ-ın təzyiqini dəf etməyə hazırdır

Bundan əvvəl prezident Hassan Rohani iranlıları əmin edib ki, onun hökuməti qarşıdan gələn ABŞ sanksiyalarının iqtisadi təzyiqlərini dəf etməyə hazırdır.

Prezidentin bu bəyanatından bir gün əvvəl ölkədə milli valyutanın ucuzlaşması ilə bağlı etiraz aksiyaları keçirilib.

Hassan Rohani
Hassan Rohani

İyunun 26-da televiziya ilə canlı translyasiya olunan çıxışında Rohani deyib ki, büdcə gəlirləri son aylar ərzində azalmayıb. O milli valyuta rialın dəyərdən düşməsinə görə “xarici media tənbliğatını” ittiham edib.

İyunun 25-də Tehranın Böyk bazarında etiraz edən izdiham sonradan parlament binasının qarşısına toplaşmışdı. Bu, ilin əvvəlində ölkəni bürümüş etirazlardan sonra baş verən ilk belə aksiya olub.

İranın yarırəsmi ISNA agentliyi iyunun 26-da xəbər verib ki, bir gün əvvəl etiraz aksiyasını keçirənlər saxlanıb. Agentlik etirazçıları “iğtişaşçı” adlandırıb.

Lakin Böyük bazardakı etirazlar iyunun 26-da da davam edib. Bu etirazlar zamanı aksiyaçılar antihökumət şüarları səsləndirirdilər.

Bəzi xəbərlərdə deyilir ki, bazardakı bir çox tacirlər etirazların davam edəcəyindən ehtiyatlanaraq dükanlarını bağlayıblar.

Prezident Donald Trump ötən may ayında ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan etdikdən sonra Tehran üzərinə yeni və daha sərt sanksiyaların tətbiq ediləcəyi gözlənilir.

ABŞ-dan gözlənilən yeni sanksiyalarla bağlı bir çox iranlılar milli valyutada olan əmanətlərini xarici valyutaya, əsas etibarilə ABŞ dollarına çevirməyə çalışırlar.

Lakin prezident Rohani narahatlıqlara son qoymaq məqsədilə deyib:

"Hətta ən pis halda da söz verirəm ki, iranlıların təməl ehtiyacları ödənəcək. Bizim kifayət qədər şəkərimiz, buğdamız və maye yağımız var.”

O əlavə edib ki, ABŞ-ın yeni sanksiyaları İrana qarşı “psixoloji, iqtisadi və siyasi müharibənin bir hissəsidir”.

Rohani deyib ki, ABŞ “öz əməllərinə görə baha bədəl ödəyəcək”.

Tehran bahalaşmanın qarşısını almaq üçün bir sıra xarici malların idxalının qadağanı da daxil bəzi tədbirlərin həyata keçirilməsinə başlayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG