Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 11:47

Rubl, rial və lirənin ucuzlaşması manata nə vəd edir?


Manata yenə təhlükə yaranır?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Manata yenə təhlükə yaranır?

Regionda İran, Rusiya və Türkiyənin milli valyutaları ucuzlaşır, bəs manatın məzənnəsi ilə bağlı proqnoz necədir?

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, Azərbaycanda manatın məzənnəsi yalnız iqtisadi yox, həm də siyasi amillərlə bağlıdır. O, devalvasiyanın yaxın vaxtlarda baş verəcəyini gözləmir, amma deyir ki, bunun olacağı istisna deyil:

“Devalvasiyanı şərtləndirən səbəblər aktivdir. Əgər dünya bazarında neft ucuzlaşsa, devalvasiyanı daha tez görə biləcəyik. Əgər bu proses daha da uzanarsa, müəyyən müddətdən sonra yenə devalvasiya olacaq. İstənilən halda devalvasiya istisna olunmur, devalvasiya olacaq, sadəcə zamana bağlılığı var”.

Mərkəzi Bankın sədri Elman Rüstəmov isə aprelin 9-da, mətbuat konfransında deyib ki, manatın ucuzlaşmasına səbəb yoxdur:

“Manatın ucuzlaşması üçün heç bir fundamental səbəb görmürük. Artıq bir ildir ki, manatın dollara nisbətdə məzənnəsi sabitdir. Həm də əhali, real sektor iştirakçıları arasında manatın məzənnəsinin dəyişməsi ilə bağlı gözləntilər azalıb”.

Elman Rüstəmov deyib ki, bu ilin birinci rübündə valyuta ehtiyatları 2.2 milyard dollar artıb, 44 milyard dolları keçib, Mərkəzi Bankın sədri deyib ki, neftin qiymətində əhəmiyyətli dəyişiklik olmasa, valyuta ehtiyatları artacaq.

Əslində, hökumət, 2015-ci ilin dekabrından üzən məzənnəyə keçib, Bakı Dövlət Universitetinin İqtisad müəllimi, təhlilçi Toğrul Maşallı isə deyir ki, hökumət hələ də aktiv şəkildə məzənnəyə nəzarət edir:

“Keçən ilin aprelindən bu ilin aprelinə qədər manatın dollara nisbətən məzənnəsi sabit qalıb - 1.70. Bu da onu göstərir ki, məzənnə idarə olunur. Ola bilsin ki, dolların məzənnəsi bir qədər artsın…”

Toğrul Maşallı deyir ki, manatın real məzənnəsi 1.80-1.90 dollar arasındadır və manat dollara nəzərən 10-12 faiz ucuzlaşa bilər.

İqtisadçı alim Qubad İbadoğlu deyir ki, devalvasiyaya səbəb olacaq amillərdən biri də valyutaya tələbatın artmasıdır.

Onun sözlərinə görə, bu ilin 1-ci rübündə valyutaya tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 65,1 faiz artıb. Qubad İbadoğlu bildirir ki, hazırda devalvasiyaya səbəb olacaq səbəblərdən biri də idxalın həcminin artmasıdır. Belə ki, hələ də, ehtiyacı təmin etmək üçün ölkədən valyuta axır:

“Bu ilin birinci rübündə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda idxal 45 faiz artıb. Bu da o deməkdir ki, təqribən 600 milyon dollar vəsait idxalın maliyyələşdirilməsinə yönəlib. Yəni, valyuta bazarından ən azı bu qədər vəsait götürülməlidir”.

Başqa bir iqtisadiyyat təhlilçisi Natiq Cəfərli öz Facebook səhifəsində yazır ki, Rusiya rublu və Türkiyə lirəsinin ucuzlaşması həmin ölkələrdən Azərbaycana ixracı artıracaq, deməli Azərbaycandan çıxan valyutanın həcmi də artacaq. Daxili istehsal azalacaq, çünki istehsaldansa qonşulardan eyni malı gətirmək sərfəli olacaq, hər iki ölkə ilə Azərbaycanın sıx iqtisadi və insani əlaqələrinin olmasına görə rubl və lirənin ucuzlaşması manata psixologi basqını artıracaq, daxildə sərbəst manat kütləsinin dollara çevrilməsi sürətlənəcək.

Bəs, Bakı sakinlərinin manatla bağlı gözləntiləri nədir? Bu sualı özlərindən soruşmuşuq, sorğunu izləyək

Sizcə, manatı nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Azərbaycan manatı 2015-ci ilin dekabrı və 2016-cı ilin fevralındakı devalvasiyalarda dollara qarşı iki dəfəyə qədər dəyər itirib. Devalvasiyalar neft ucuzlaşan dövrdə baş verib.

Bundan sonra bankların durumu pisləşib, son dörd ildə problemli kreditlərin həcmi 2 milyard manata çatıb, 11 bank bağlanıb.

XS
SM
MD
LG