Keçid linkləri

2026, 23 İyul, cümə axşamı, Bakı vaxtı 18:58

Rubio Tehrana xəbərdarlıq edir

Marko Rubio
Marko Rubio

ABŞ dövlət katibi Marko Rubio iyulun 23-də Tehrana sərt xəbərdarlıq edib. Bir gün əvvəl isə İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazındakı gəmi hücumlarına görə İran infrastrukturunu bombalamaq təhdidinə cavab olaraq "gözə göz" prinsipi ilə hərəkət edəcəklərini demişdi.

"Prezidentin siyasəti "gözə görə baş" prinsipindən ibarətdir", –Rubio iyulun 23-də Manilada, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində jurnalistlərə bildirib. "Onlar atdıqları addımlara görə çox ağır bədəl ödəyəcəklər, onsuz da hazırda da bunu çox ağır ödəyirlər", - o, əlavə edib.

Ötən gecə münaqişə bir neçə fərqli cəbhədə daha da genişlənib.

Qarşılıqlı zərbələr

ABŞ ardıcıl olaraq 12-ci gecədir ki, İrandakı hədəflərə zərbələr endirir. Buna cavab olaraq İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən bir neçə ABŞ hərbi bazasını vurduğunu bəyan edib.

Gərginlik yeni bir cəbhəyə də sıçrayıb. Qırmızı dənizdə Səudiyyə Ərəbistanının bayrağı altında üzən gəmilərdən biri zərbəyə məruz qalıb. Bundan əvvəl isə İranın dəstəklədiyi husilər Səudiyyəyə məxsus iki tankerə raket və dronlarla hücum etdiklərini açıqlamışdılar.

Həftənin əvvəlində husilər Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki limanlarını blokadaya alacaqları və Bab əl-Məndəb boğazından keçidi pozacaqları ilə hədələmişdilər.

Tramp isə husilərin təhdidi ilə bağlı suala cavab olaraq "Belə bir addım atılsa, bunun öhdəsindən gələrik", – deyə vurğulayıb.

Tramp: İran razılaşmaya hazır deyil

Tramp iyulun 22-də bildirib ki, İranın razılığa gəlməyə hazır olduğuna inanmır, çünki Tehran əldə edilən hər bir kompromisi yenidən müzakirə obyektinə çevirməyə çalışır. "Onlar hazır deyillər, amma çox tezliklə hazır olacaqlar", – o qeyd edib.

Bu ay Hörmüz boğazı ətrafında döyüşlərin qızışması ilə iyunun ortalarında əldə olunmuş atəşkəs faktiki olaraq qüvvəsini itirib. "The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə və uçuş məlumatlarına istinadən xəbər verir ki, bölgəyə əlavə Amerika hərbçiləri, hərbi həkimlər və silah-sursat cəlb olunub.

Rubio Manilada təşkil olunan mətbuat konfransında Rusiyanın İrana ABŞ qüvvələrini hədəfə almaqda kömək etməsi barədə yayılan məlumatlara da münasibət bildirib. O, bu bəyanatdan öncə ASEAN sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşmüşdü. Rubio kəşfiyyat məsələlərini şərh etməyəcəyini vurğulayıb. Onu da əlavə edib ki, belə xəbərlər doğru olsa belə, onları ictimai müzakirəyə çıxarmayacaq.

Dövlət katibi bildirib ki, İran uzun illərdir raket və dron potensialını müstəqil şəkildə inkişaf etdirib, bu səbəbdən hazırda xarici aktorların apardığı fəaliyyət Tehranın amerikalıları hədəfə almaq qabiliyyətini artırmır.

Kremlin sözçüsü Dmitri Peskov isə bu məsələni birbaşa şərh etməkdən boyun qaçırıb.

XS
SM
MD
LG