Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Simonyan deyir ki, RT-nin ABŞ-da 'məcburən' qeydiyyatdan keçirilməsinin cavabı veriləcək


RT telekanalının baş redaktoru Marqarita Simonyan
RT telekanalının baş redaktoru Marqarita Simonyan

Rusiyanın dövlət tərəfindən maliyyələşdirilən RT telekanalı bildirib ki, onun iddia etdiyinə görə, ABŞ-ın tələbinə uyğun olaraq özünün Amerika bölümünü xarici agent kimi qeyd etdirəcək, lakin bu göstərişlə əlaqədar məhkəməyə müraciət edəcək.

Rusiya dərhal bu addımla əlaqədar Rusiyadakı ABŞ mediasına qarşı tədbirlər görüləcəyini bildirib.

Cavab tədbirlərinin Duma tərəfindən koordinasiya ediləcəyi xəbər verilib. Rusiya Xarici İşlər Nazirliyi cavab tədbirlərinə gələn həftə başlanacağını elan edib.

Əvvəllər Russia Today adı ilə tanınan RT telekanalı bildirib ki, ABŞ Ədliyyə Nazirliyi onun Amerika bölümünə ABŞ xarici agentlər qanununa uyğun olaraq qeydiyyatdan keçmək üçün noyabrın 13-dək vaxt verib.

RT həmçinin bildirmişdi ki, Xarici Agentlərin Qeydiyyatı qanununa uyğun olaraq qeydiyyatdan keçməsi, onun ABŞ əməliyyatlarının dayandırılması ilə nəticələnə bilər.

ABŞ Ədliyyə Nazirliyi RT-yə qeydiyyatdan keçmək göstərişinin verilməsi barədə xəbəri dəfələrlə nə təkzib, nə də təsdiq edib. Nazirlik noyabrın 9-da AzadlıqRadiosunun sorğusunu yenə də cavablandırmayıb.

RT-nin baş redaktoru Marqarita Simonyan deyib ki, onun təşkilatı Amerika qanunlarına uyğun olaraq qeydiyyatdan keçməsəydi, əməkdaşları həbs oluna bilərdi.

RT-nin internet saytında dərc olunmuş bəyanatda deyilir ki, “belə nəticələr və xarici agent kimi qeyd olunmaq arasında biz qeydiyyat variantını seçmişik, hərçənd bu tələblə qətiyyən razılaşmırıq”.

Mariya Zaxarova
Mariya Zaxarova

Simonyan əlavə edib ki, ABŞ tərəfinin bu tələbi ilə bağlı məhkəməyə müraciət ediləcək.

İngiliscə qısaldılmış adı FARA olan qanun Birləşmiş Ştatlarda xarici ölkələr üçün “siyasi və ya yarımsiyasi qismdə” işləyən şəxslərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsini tələb edir. Bu qanun 1938-ci ildə məxsusi olaraq ABŞ-da nasist təbliğatının və dezinformasiyanın yayılmasını önləmək məqsədilə qəbul olunub.

RT-nin baş redaktoru Simonyan, habelə prezident Putin və başqa Rusiya rəsmiləri xəbərdarlıq ediblər ki, Rusiya mediası ABŞ-da qeydiyyatdan keçməyə məcbur edilsə, Rusiyada fəaliyyət göstərən ABŞ media qurumlarına qarşı tədbirlər görüləcək. CNN, AzadlıqRadiosu və Amerikanın səsi mümkün hədəflər kimi göstərilib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Moskva RT-nin üzərinə təzyiqlərlə bağlı cavab addımlarını gələn həftə ata bilər.

Zaxarova noyabrın 9-da Rusiyanın dövlət telekanalına deyib ki, "biz cavab tədbirlərini işləyib hazırlamışıq və cavab addımlarının praktik fazasına gələn həftə başlanacaq”.

Noyabrın 10-da Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz müavininə cavab tədbirlərinin “koordinasiya edilməsini” və bu xüsusda Dumanın təhlükəsizlik, qanunvericilik və informasiya siyasəti komitələri ilə məsləhətləşmələr keçirilməsini tapşırıb.

Putinin yaxın müttəfiqi olan Volodin aparıcı millət vəkillərinin bu məsələni müzakirə etmələri üçün növbədənkənar fasilə elan edib.

Zaxarova cavab tədbirlərinin “Rusiya qanunvericiliyinə” əsaslanacağını desə də, təfərrüatlara varmayıb.

Oktyabr ayında Rusiyanın Ədliyyə Nazirliyi AzadlıqRadisouna xəbərdarlıq edib ki, ona qarşı Rusiyanın “xarici agent” qanunu tətbiq oluna bilər.

Bununla belə Volodin bildirib ki, Rusiyanın xarici agent qanunu “mediaya şamil edilmir”.

O deyib ki, “rusiyalıları Amerika media qurumlarının Rusiya ərazisindəki açıq müdaxiləsindən müdafiə etmək üçün” addımlar atılmalıdır.

Burası da var ki, RT öz proqramlarını Birləşmiş Ştatlarda kabel televiziyası vasitəsilə sərbəst yaya bilsə də, AzadlıqRadiosunun Rusiyadakı fəaliyyəti çoxdan məhdudlaşdırılıb. AzadlıqRadiosu inzibati təzyiqlər ucbatından artıq 2012-ci ilədək özünün demək olar bütün stansiyalarını bağlayıb. Nə AzadlıqRadiosunun, nə də Amerikanın səsinin Rusiyada kabel televiziyasına girişi yoxdur.

ABŞ Kəşfiyyatı bildirib ki, RT Kremlin 2016-cı il ABŞ seçkisinə iddia edilən müdaxiləsində əsas icraçılardan olub.

ABŞ rəsmiləri bildirirlər ki, Rusiyanın, tənqidçiləri və vətəndaş cəmiyyəti fəallarını susdurmaq üçün faydalandığı xarici agent qanunu ABŞ-ın FARA qanunundan köklü şəkildə fərqlənir.

Heather Nauert,
Heather Nauert,

ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert oktyabr ayında demişdi ki, Rusiyanın xarici agentlər qanunu xarici mənbə və hökumətlərdən hətta minimum maliyyələşən təşkilatlara da şamil edilir. Bu zaman həmin təşkilatın siyasi fəaliyyətdə olub-olmaması qətiyyən nəzərə alınmır.

Nauert bildirib ki, FARA qanunu yalnız o zaman hərəkətə gətirilir ki, hər hansı vahid və ya şəxs birbaşa siyasi fəaliyyətlə məşğul olsun.

Sözçü deyib ki, “biz hər hansı təşkilata qeydiyyatdan keçməyi göstəriş verəndə onların xəbər və informasiya yaymaq qabiliyyətinə heç bir əngəl törətmirik”.

Ədliyyə Nazirliyinin açıqladığı ən son məlumata görə FARA indiyədək Kanada, Koreya, Yaponiya və başqa ölkələrin azı beş media qurumuna tətbiq olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG