Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 03:08

RSF Azərbaycanda xarici medianın susdurulmasını pisləyir


RSF: "Azərbaycan: İlham Əliyev xarici medianı susdurub".
RSF: "Azərbaycan: İlham Əliyev xarici medianı susdurub".

"Azərbaycan hakimiyyəti bu yaxınlarda bir neçə xarici media orqanının jurnalistlərinin akkreditasiyasını ləğv edib, buna "qarşılıqlıq" kimi saxta arqument gətirib". Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bu "əsassız" qərarın "avtoritar" rejimin mətbuat azadlığına təzyiqini daha da gücləndirdiyini bildirir. Qurum jurnalistlərin akkreditəsini dərhal bərpa etməyə çağırır.

Ötən ay xarici media orqanları üçün işləyən jurnalistlərin akkreditəsi ləğv olunub və bu da onların xəbərləmə işini davam etdirməsini mümkünsüz edib. 1994-cü ildən bəri Azərbaycandan xəbər verən BBC fevralın 13-də Bakı ofisini bağlayıb.

ABŞ-nin "Bloomberg" biznes mediası, "Amerikanın səsi" dövlət mediasının akkreditəsi də ləğv edilib. Britaniyanın "Reuters" xəbər agentliyinin təmsilçisi RSF-ə deyib ki, ""Reuters" üçün işləyən iki frilans jurnalistin də daha Azərbaycanda akkreditəsi yoxdur, çünki hökumətin yeni siyasətinə görə, hər bir xarici media orqanına yalnız bir akkreditə verilir".

XİN-in arqumenti

Xarici İşlər Nazirliyi bu addımları "qarşılıqlıq" prinsipi ilə əsaslandırır, yəni Azərbaycandakı xarici jurnalistlərin sayını xaricdəki azərbaycanlı jurnalistlərin sayı ilə balanslaşdırmaq istəyir. Amma Bakının "azərbaycanlı jurnalistlər" dediyi əslində dövlətin nəzarətində olan media qurumlarının təmsilçiləridir.

"Jurnalistlərdən diplomatik münaqişələrdə, xüsusən də saxta "qarşılıqlıq" bəhanəsi ilə "piyada" kimi istifadə oluna bilməz. Bu əsassız qərarlar mətbuat azadlığına növbəti ciddi zərbədir, Azərbaycanı kənar baxışdan daha da təcrid etmək məqsədi güdür. Hakimiyyəti ləğv olunmuş akkreditasiyaları dərhal bərpa etməyə, xarici medianın tam redaksiya müstəqilliyi ilə sərbəst fəaliyyət göstərməsini təmin etməyə çağırırıq", – bunu RSF-in Şərqi Avropa və Orta Asiya bölməsinin başçısı Janna Kavelye deyib.

Qurum xatırladır ki, prezident İlham Əliyev hələ dekabrda Amerika mediasıyla bağlı kəskin danışmışdı. Rusiya mediasına müsahibəsində demişdi: ""Amerikanın səsi", AzadlıqRadiosu kimi əlaltı resursları vasitəsilə onlar gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar".

'Nə qədər bacardıq, dayandıq' - Bağlandığını elan edən 'Turan'dan REPORTAJ
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00


Təzyiqlərlə təkcə xarici media üzləşmir. "Turan" informasiya agentliyi də fevralın 13-də iqtisadi səbəbləri əsas gətirərək fəaliyyətini dayandırıb. "Vaxtaşırı kiberhücumlara və hökumət mediasında qarayaxma kampaniyasına tuş gələn "Turan"ın bağlanması rejimin müstəqil xəbər işini boğmaq qətiyyətini göstərir", – RSF bildirir.

Son 16 ayın həbsləri. ABŞ vitse-prezidenti Vensin mesajı

Son 16 ayda Azərbaycanda 24 jurnalist saxlanılıb. RSF bunun İ.Əliyev 2003-cü ildə hakimiyyətə gələndən bəri ən yüksək rəqəm olduğunu qeyd edir.

Həmin jurnalistlər və fəallar qaçaqmalçılıq və digər iqtisadi cinayətlərdə ittiham olunurlar. Özləri ittihamları rədd edir, tənqidi, araşdırmaçı jurnalistika ilə məşğul olmaları ilə izah edirlər.

Hakimiyyət tənqidləri qəbul etmir, fərdlərin konkret cinayətlərə görə həbs olunduğunu bildirir. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, AŞPA, Avropa Parlamenti də hökuməti haqsız tutulanları azad etməyə çağırıb.

ABŞ-də yanvarda fəaliyyətə başlamış Donald Tramp administrasiyası da Azərbaycanda davam edən həbslərdən narahatlıq ifadə edib.

"Azərbaycanda jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının, insan haqları müdafiəçiləri və müxalifətçilərin davamlı həbsləri dərin narahatlıq doğurur. Vitse-prezident Ceyms Devid Vensin də vurğuladığı kimi, biz ifadə azadlığını dəstəkləməli, senzuranı dayandırmalı, müxalifəti susdurmamalıyıq. Azərbaycan hökumətinin bu bəyanata ciddi yanaşacağını gözləyirik", – Dövlət Departamentinin sözçüsü AzadlıqRadiosunun sorğusuna cavabında bildirib.

XS
SM
MD
LG