Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Prokuror Milli Qəhrəman-generala 11 il həbs cəzası istədi


General Rövşən Əkbərov əsgər valideynləri ilə görüşür. 2015
General Rövşən Əkbərov əsgər valideynləri ilə görüşür. 2015

Azərbaycanın Milli Qəhrəman, general Rövşən Əkbərovun 11 il azadlıqdan məhrum edilməsi istənilib. Oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı Eldar Həmzəyev bu təkliflə çıxış edib.

General həm qəsdən adam öldürmə, həm də xuliqanlıqda ittiham olunur. Cinayət işinin materiallarında iddia edilir ki, 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Əkbərov Kiyevdəki "Sikora" kafesində azərbaycanlı işadamı Elçin Əliyevi bıçaqla öldürüb, onun yanında olan dostu Məzahir Şıxəliyevi (o da bir neçə il sonra vəfat edib) isə sifət nahiyəsindən vurub.

Nazir müavininin ifadəsi

Prokuror xuliqanlıq ittihamına xitam verilməsini, Əkbərova yalnız qəsdən adam öldürməyə görə cəza verilməsini istəyib.

Prokurorun çıxışından öncə Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin istintaqa ifadəsi elan edilib. O, istintaqda dindirilsə də, məhkəməyə gəlməyib.

15 ildir nazir müavini olan Hacıyev hadisə baş verən zaman Kiyevdə yaşayıb, metal və qida məhsullarının alqı-satqısıyla məşğul olub.

Kiyevdə olduğu müddətdə Elçin Əliyevlə tanış olduğunu deyən Hacıyev o, qətlə yetirildiyi gecəni belə təsvir edib: "2001-ci il mayın 31-dən iyulun 1-nə keçən gecə, saat 3-4 radələrində Məzahir Şıxəliyev zəng edib ağlaya-ağlaya "Elçini bıçaqladılar" dedi. Kimin vurduğunu soruşanda isə "Rövşən vurdu" cavabını verdi. Sonradan bildim ki, söhbət Milli Qəhrəman Rövşən Əkbərovdan gedir. Dərhal geyinib Məzahirin dediyi yerə getdim. Məzahir Elçinin başını öz dizinin üstünə qoyub ağlayırdı. Soruşdum ki, "səni kim vurdu". Kafenin mühafizəçisi dedi ki, artıq ölüb…".

"Bu 20 ildə bir nəfər gəlib mənim özümdən bu haqda soruşmadı?"

General Əkbərov özü də məhkəmədə ifadə verib, ittihamın yalan olduğunu, Elçin Əliyevi öldürmədiyini vurğulayıb. O, ifadəsində deyib ki, hadisə baş verdiyi ərəfədə Kiyevdə general kimi kurslarda iştirak edirdi, ora mərhum prezident Heydər Əliyev tərəfindən göndərilmişdi. 2001-ci ilin mayında Azərbaycanın Ukraynadakı səfirliyində "Azərbaycan günləri"nin keçirildiyini yada salan Əkbərovun sözlərinə görə, o da tədbirdə hərbi attaşe kimi iştirak edirdi. Mayın 31-də axşam saatlarında da səfirlikdə tədbir olub: "Mən orada ailə üzvlərimlə birlikdə idim. Tədbirdən sonra ailəm də, mən də çıxıb getmişik. Ertəsi gün səfirlikdə Yalçın Qocayevdən eşitdim ki, Elçini vurublar. Səfirlikdə mənə qəzetləri göstərdilər, mənim şəklimi vurub yazmışdılar ki, guya mən öldürmüşəm. Eşitdim ki, Nazim İbrahimov da Elçinin ailəsinə hadisəni mənim törətdiyimi deyib".

General deyir ki, bu üzdən meyiti aparmaq üçün Nazim İbrahimovun Kiyevə gəldiyini biləndə gedib oteldə onunla görüşüb, adını bu məsələdə niyə hallandırdığını soruşub: "Nazim İbrahimov dedi ki, "nə danışırsınız, Siz iqtidarın adamısınız, mən elə bir söz deməmişəm". 2002-ci ildə Bakıda bir tədbirdə Nazim İbrahimovu gördüm. Yanımızda xeyli adam vardı. Orada da ona dedim ki, adam kişi olar, üzdə bir söz deyirsən, arxada başqa söz. Nazim İbrahimov bir daha bildirdi ki, mənim haqqımda heç nə deməyib. Necə oldu ki, bu 20 ildə bir nəfər gəlib mənim özümdən bu haqda soruşmadı? Deyirlər ki, guya səfirlikdəki tədbirdən sonra hərbi formada kafeyə getmişəm, orada hadisəni törətmişəm. Mənə ayıb olardı ki, general formasında kafeyə gedim".

"Mənim bu hadisə ilə əlaqəm yoxdur"

Təqsirləndirilən Əkbərov ifadəsinin sonunda mərhumun ailəsinə müraciət edərək qatili başqa yerdə axtarmağı məsləhət görüb: "Elçin Əliyevin ailəsi düzgün yolda deyil. Onların kiminləsə problemi var, bunu araşdırsınlar. Kişi kimi deyirəm ki, mənim bu hadisə ilə əlaqəm yoxdur".

Əkbərov zərərçəkmiş tərəfin nümayəndəsi olan vəkil Elçin Sadıqovun suallarını cavablandırmaqdan imtina edib.

Zərərçəkmişin nümayəndəsi təqsirləndirilən şəxsə prokurorun istədiyi 11 illik cəzanı yüngül hesab edib. Elçin Sadıqov generalın 15 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 26-da generalın son sözü və vəkilinin müdafiə çıxışıyla davam edəcək. Ardınca hökm elan olunacaq.

Xatırlatma

General Əkbərov 2021-ci il martın 15-dən həbsdədir. Onun ittiham olunduğu qətl və xuliqanlıq hadisələri isə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə baş verib.

Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında "Sikora" kafesində yeyib-içəndən sonra Əkbərovla Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.

Ukrayna prokurorluğu hələ 2003-cü ildə Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək 29-yaşlı Əliyevin qətlində generalın iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.

29-yaşlı Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək Əkbərovun cəzalandırılmasını tələb ediblər.

1965-ci il təvəllüdlü general 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb.

Əkbərov 2020-ci ilin noyabrında ehtiyata buraxılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG