Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:23

Roma festivalının qeyri-adi filmləri


"Scotty və Holivudun gizli tarixi" filmindən bir kadr

Oktyabrın 26-dan noyabrın 5-dək keçirilmiş Roma kinofestivalı həm göstərilən filmlər, həm də təqdimat baxımından yaddaqalan olub.

Romadakı nəhəng Rebibbia həbsxanası tarixən kino ilə bağlı olub. Rejissor Pier Paolo Pasolini-nin qətlində ittiham olunan Pino Pelosi bu həbsxanada saxlanılıb. Paolo və Vittorio Taviani qardaşları isə "Sezar ölməlidir" adlı filmlərini (2012) burada çəkiblər.

Dustaqları qara fikirlərdən yayındırmaq üçün kinodan yararlanmaq da ilk dəfə aktyor Fabio Cavalli-nin ağlına gəlib. Cavalli həm də bu həbsxanada Sezar haqqında tamaşa qoyub. Aktyorlarsa dustaqlar olub. İndi isə Taviani qardaşlarının "Şəxsi səbəblər" (2017) adlanan ən yeni filmi festival çərçivəsində Rebibbia həbsxanasında sərgilənir.

Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'

“KOMPLEKS XİDMƏT”

İndi Fabio Cavalli həbsxanada "Hamlet"ə quruluş verir. Tamaşanın premyerası isə Romanın MAXXI ən yeni incəsənət muzeyinə və Genuyanın həbsxanalarına translyasiya edilir.

"Scotty və Holivudun gizli tarixi" adlı məzəli sənədli filmdən bir kadr
"Scotty və Holivudun gizli tarixi" adlı məzəli sənədli filmdən bir kadr

Roma kinofestivalı təkcə Rebibbiada yox, həm də xəstəxanada kinoseanslar keçirir. Həbsxanadan fərqli olaraq, bu seanslara tamaşaçı kimi həm də xəstələrin yaxınları dəvət edilir.

Builki kinofestivalda göstərilən filmlər arasında "Scotty və Holivudun gizli tarixi" adlı məzəli sənədli film də var. Maraqlıdır ki, filmin nümayişi prodüser Harvey Weinstein və aktyor Kevin Spacey ətrafındakı cinsi təcavüz qalmaqalı ilə eyni vaxta düşüb. Matt Tyrnauer bu filmi Scotty Bowers-in 90 yaşında "Kompleks xidmət" adlı memuarlar kitabını buraxmasından sonra çəkməyə başlayıb. İkinci Dünya müharibəsi veteranı, üç böyük döyüşdə iştirak etmiş Scotty ordudan qayıtdıqdan sonra Los Ancelesdə yanacaqdoldurma məntəqəsi açır və burada "kompleks xidmət" təklif etməyə başlayır. Onun müştəriləri 2 dollara (o zamanlarsa bu az pul deyildi) yaraşıqlı veteranla sekslə məşğul ola bilərdilər. Hollivudun bir çox tanınmış ulduzları onun xidmətindən yararlanıblar.

Buna da bax: “Cənnət sənədləri” açıqlanıb [yenilənib]

MARİA CALLAS-IN HEKAYƏSİ

Yüzlərlə kişi ilə yatmış, hazırda isə qadınla evli olan Scotty Bowers öz keçmiş həyat tərzinə görə peşman deyil. O, homoseksuallığın şiddətlə qınandığı və hətta təqib olunduğu zamanlarda insanlara xoşbəxtlik bəxş etdiyini deyir.

Maria Callas
Maria Callas

1996-cı ildə rəssam Julian Schnabel heroin qurbanı olmuş nyuyorklu dahi Jean Michel Basquiat haqqında film çəkmişdi. İndi isə müstəqil rejissor Sarah Driver eyni mövzuda sənədli film çəkib. Burada Basquiat-ı şəxsən tanıyan adamlar danışırlar.

40 il öncə, 1977-ci ildə dünyasını dəyişmiş məşhur opera müğənnisi Maria Callas haqqında filmsə başqa cür çəkilib. Bu filmdə Callas-ın özü danışır. Bu multimedia layihəsinin kuratoru Tom Wolf müğənninin müxtəlif illərə aid müsahibələrini toplayaraq, onlar vasitəsilə filmin qəhrəmanının həyatını işıqlandırıb. Filmdə Callas-ın ilk uğurları, Metropoliten-opera rəhbərliyi ilə münaqişəsi, milyonçu Aristotel Onnassis-lə tanışlığı, ərindən ayrılması, Onnassis-in ona xəyanət etməsi, "Medeya" filminin çəkilişi zamanı Pasolini ilə tanışlığı, sonradan Onnassislə yenidən barışması və səhnəyə qayıdışı əks olunub.

Dahi rejissor və şair Carmelo Bene
Dahi rejissor və şair Carmelo Bene

PSİXİATRİK XƏSTƏXANADA KEÇƏN GÜNLƏR

Dahi rejissor və şair Carmelo Bene isə başqa bir sənədli filmin qəhrəmanıdır. Bu film San Marino kinematoqrafçılarının istehsalıdır. Filmin əsasında Bene-nin avtobioqrafiyasının bu yaxınlarda tapılmış audioyazısı durur. Bene-nin əyalətdən olan valideynləri onun ekssentrik davranışından və qeyri-adi planlarından şoka düşərək, onu yuxuya verib zorla dəlixanaya yerləşdirirlər. Bene deyir ki, psixiatrik xəstəxanada keçirdiyi vaxt, həqiqətən də azad insanlar olan pasientlərlə ünsiyyət imkanı onun həyatında baş vermiş ən gözəl hadisədir.

Callas və Basquiat-dan fərqli olaraq "Jane" filminin qəhrəmanı Jane Goodall hələ həyatdadır və filmdə öz qeyri-adi həyat hekayəsini özü danışır. Filmin yaradıcıları 60 il öncə çəkilmiş xronikanın kadrlarından istifadə ediblər. İtirilmiş sayılan bu kadrlar yalnız bu yaxınlarda aşkarlanıb. 1957-ci ildə heyvanları çox sevən gənc katibə Jane Goodall Tanzaniyaya gedir və şimpanzelərin təbii şəraitdə davranışını öyrənən ilk alim olur. Yavaş-yavaş meymunlar Jane-dən qorxmamağa, onunla dostlaşmağa başlayırlar. Jane onların sürüsünün üzvü olur. Flo adlı dişi meymun və onun balaları ilə çox yaxın münasibət qurur. Ancaq Flonun ölümündən sonra sürü dağılır və dəhşətli daxili müharibə başlayır. Şimpanzelərin bu mənada insanlara çox bənzədiyi üzə çıxır. Ancaq Jane Goodall hər şeyə rəğmən həyatını onlara həsr etmək qərarına gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG