Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:01

Rohaninin kürəkəni ‘qohumbazlıq ittihamlarına’ görə istefa verib


Kambiz Mahdizadeh Farsad
Kambiz Mahdizadeh Farsad

İran prezidenti Hassan Rohani-nin qızının əri yüksək dövlət vəzifəsinə təyin edildikdən iki gün sonra prezidentin qohumbazlıqda ittiham edilməsinə görə vəzifəsini tərk edib.

33 yaşlı Kambiz Mehdizadeh Rohaninin qızlarından biri ilə dörd ay əvvəl evlənib.

Dekabrın 17-də yazdığı istefa ərizəsində Mehdizadeh sənaye və mədənçilik nazirinə onu etimad göstərərək İran Geoloji Kəşfiyyat İdarəsinin rəhbəri təyin etdiyinə görə təşəkkürünü bildirib.

O ərizədə bildirir ki, bu istefa ona elmi-tədqiqat fəaliyyətini davam etdirmək imkanı verəcək.

Mehdizadeh-nin bu vəzifəyə təyinatı onun belə bir idarənin rəhbəri olmaq üçün təcrübə və ixtisasının uyğunluğu barədə suallar doğurmuşdu. Geioloji Kəşfiyyat İdarəsi ölkənin geoloji sərvətlərinin kəşfiyyatı və xəritələnməsi ilə məşğul olan elmi profilli təsisatdır.

Təhlilçilər bildirirlər ki, kürəkəninin istefası iki dəfə prezident seçilmiş Rohani üçün pərtlik yaradıb.

Bu yaxınlarda prezidentin bir sıra təyinatlarının qarşısı İran hökumətinin bütün sferalarında üstünlük təşkil edən mühafizəkarlar tərəfindən alınıb.

Hökumətin qohumbazlıq və korrupsiyada ittiham olunması cəmiyyətin iqtisadi çətinliklərə görə hiddətli olduğu bir vaxta təsadüf edir.

İranlılar sosial mediada dövlət məmurları və onların qohumlarının dəbdəbəli həyat tərzindən getdikcə daha çox yazırlar.

Bu arada ABŞ “korrupsiyalı riyakarların hökumətini davranışını dəyişməyə məcbur etmək” məqsədilə İran rəsmilərinin qohumlarının ABŞ vizasından məhrum edilməsi məsələsini nəzərdən keçirir.

Vaşinqton habelə 2015-ci il nüvə sazişindən çıxdıqdan sonra İran üzərinə birtərəfli iqtisadi sanksiyaları bərpa edib.

İranda dövlətə bağlı medialar adətən hökumət rəsmilərinin ailə üzvləri barədə məlumatları çox ehtiyatla verir. Bəzi məlumatlara görə Mehdizadeh prezidentin üç qızından biri ilə ötən avqustda “sadə” bir toy məclisi ilə evlənib.

Bir neçə millət vəkili prezident kürəkəninin vəzifəyə təyinatını tənqid etmişdi. Hökumətyönlü Comhuri Eslami qəzeti isə “bir çox iranlılar üçün çətin olan indiki vaxtda” belə meyllərin ölkəni və islami liderliyi hədələdiyindən yazırdı:

"Ailə təyinatlarının ölkənin işsizliklə üzləşdiyi bir vaxtda baş alıb getməsi inqilaba və İslam Respublikasına təhlükə təşkil edir”.

Qəzet Rohanini bu cür “bağışlanmaz səhvlərə yol verən” nazir və məmurları vəzifədən kənarlaşdırmağa çağırır.

Buna baxmayaraq elə özü də ötən oktyabrda təyin edilmiş sənaye, mədənçilik və biznes naziri Reza Rahmani prezident kürəkənin vəzifəyə gətirilməsini müdafiə etmişdi. O demişdi ki, Mehdizadeh bu vəzifəyə ailə bağlarına görə yox, şəxsi keyfiyyətlərinə görə təyin edilib.

Sərt xətt-hərəkət tərəfdarı olan Təsnim xəbər agentliyi də yazır ki, Mehdizadeh bundan əvvəl də ostandar müşaviri, İran Neft Nazirliyinin, milli gənclər federasiyasının əməkdaşı kimi fəaliyyət göstərib.

İranlılar habelə bu yaxınlarda qüdrətli mühafizəkar ruhani xadimlərdən birinin kürəkəninin İranın Planlaşdırma və Büdcə Təşkilatları İdarəsinə rəhbər təyin edilməsini tənqid edirdilər.

Ali rəhbərin fəaliyyətinə nəzarət edən qüdrətli Üləmalar Şurasının üzvü Ahmad Khatami kürəkəni Hossein Mirkhalili-nin sözü gedən vəzifəyə təyin olunduğunu təsdiqləmişdi. Lakin o demişdi ki, 37 yaşlı kürəkənin təyinatına nə “telefon zəngləri, nə SMS, nə də məktub vasitəsilə təsir göstərməyib”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG