Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:41

Erdoğan və Rohani kürd referendumunu pisləyir, Putin susur


Recep Tayyip Erdoğan (solda) və Həsən Rohani oktyabrın 4-də Tehranda görüşüblər
Recep Tayyip Erdoğan (solda) və Həsən Rohani oktyabrın 4-də Tehranda görüşüblər

İran və Türkiyə prezidentləri ötən həftə İraqın kürd muxtar regionunda keçirilmiş müstəqillik referendumunun ardınca bəyan ediblər ki, onların ölkələri bölgədəki sərhədlərin dəyişməməsi üçün müvafiq addımları atacaq.

Oktyabrın 4-də Tehranda keçirilmiş görüşdən sonra prezident Həsən Rohani türkiyəli həmkarı Recep Tayyip Erdoğanla birgə mətbuat konfransında deyib ki, “biz regionda sərhədlərin dəyişdirilməsini qəbul etməyəcəyik”.

O deyib ki, “Türkiyə, İran və İraqın regiondakı strateji məqsədlərini müdafiə etmək üçün ciddi və zəruri tədbirlər görməkdən başqa seçimi qalmır”.

“Qanunsuz” referendum

İraqın Kürdüstan rayonundakı hakimiyyət orqanları bildirib ki, sentaybrın 25-də keçirilmiş qeyri-icbari referendumda bölgə əhalisinin 72 faizi iştirak edib və müstəqilliyi bunların 92, 7 faizi dəstəkləyib.

Bu da qeyd olunmalıdır ki, ABŞ, Qərb hökumətləri, BMT, habelə İran və Türkiyə bu referendumun keçirilməsinə qarşı idilər.

Lakin kürd liderlər demişdilər ki, onlar son nəticədə müstəqil kürd dövlətinin yaradılmasına gətirib çıxaracaq danışıqlara başlanması üçün bu referendumu keçirməli idilər. Referendumu “qanunsuz” adlandıran Erdoğan deyib ki, “bu sayaq hadisələr kürd regional hökumətinin təklənməsinə səbəb olacaq”.

O bildirib ki, “bundan o yana daha qətiyyətli addımlar atılacaq və Türkiyə və İranın atacağı çox ağır addımlar var”.

Bağdad bəyan edib ki, Kürdüstan Regional Hökuməti (KRH) ya referendumun nəticələrini ləğv etməli, ya da sanksiyalar, təklənmə və bəlkə də hərbi müdaxilə ilə üzləşməlidir.

İraq hökuməti artıq kürd banklarına sanksiyalar qoyub və regiona pul köçürmələrini dayandırıb. Bundan başqa İraq Kürdüstanında yerləşən bütün aeroportlara beynəlxalq uçuşlar qadağan olunub.

Bu referendumun dərhal ardınca İraq qonşu Türkiyə və İranla birlikdə kürd bölgəsinin yaxınlığında hərbi manevrlər keçirib.

Erdoğan habelə İranın ali rəhbəri Əli Xameneyi ilə də görüşüb.

Bu görüşdən sonra Xameneyi kürd referendumunu “bütün regiona xəyanət aktı” adlandırıb.

Rusiyanın susqunluğu

Oktyabrın 4-də Rusiya prezidenti Vladimir Putin deyib ki, Moskva regiondakı vəziyyətin nəzarətdən çıxmaması məqsədilə kürd referendumu məsələsinə qarışmayacaq.

Kreml İraqın ərazi bütövlüyünə tərəfdar olduğunu bəyan etsə də, onu faktiki olaraq parçalamağa yönəlmiş kürd referendumunu pisləməyib.

Putin Moskvada keçirilən enerji konfransında deyib ki, “bizim bəyanatlarımız ehtiyatlı və təmkinlidir və biz regiondakı situasiyanın qızışmasını və ya partlamasını istəmirik”.

O bunu da əlavə edib ki, eyni zamanda kürd məsələsinin Türkiyə və İran üçün nə qədər həssas məsələ olduğunun fərqindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG