Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Finlandiyada robot müəllimlər dərs keçir


Ən son robot - humanoid
Gözlə
Embed

No media source currently available

0:00 0:01:19 0:00

Ən son robot - humanoid

Finlandiyada bir ibtidai məktəbin yeni dil müəllimi Elias-ın bir şeyi təkrarlamağa sonsuz səbri var. O, heç vaxt bir şagirdin sual verməyə görə utanmasına imkan verməz. Üstəlik, Elias «Gangnam Style» rəqsi də edə bilir.

Elias robotdur.

Humanoid robot və mobil əlavədən ibarət dil öyrədən maşın Finlandiyanın cənubunda yerləşən Tampere şəhərinin ibtidai məktəblərinin birində tətbiq edilən pilot layihəsində dörd robotdan biridir.

Müəllimlərə rəy də verir

Robot 23 dildə anlayır və danışır. O, şagirdlərin tələblərini anlamağa və onları öyrənməyə həvəsləndirməyə imkan verən proqramla təchiz olunub. Bu layihədə Elias yalnız ingilis, fin və alman dillərində ünsiyyət qurur.

Robot şagirdlərin bacarıq səviyyəsini anlayır və öz suallarını buna uyğun tənzimləyir. O, həmçinin şagirdlərin mümkün problemləri ilə bağlı müəllimlərə rəy verir.

Bu yeni texnologiya ilə çalışmış bəzi insan müəllimlər onu uşaqları öyrənməyə həvəsləndirməyin yeni bir üsulu kimi görürlər.

«Düşünürəm ki, yeni kurrikulumda əsas məqsəd uşaqları iştiraka meylləndirmək, onları həvəsləndirmək və daha fəal olmalarına çalışmaqdır. Mən Elias-ı müxtəlif növ çalışma və fəaliyyət növlərini sinif otağına gətirməyin aləti kimi görürəm», – deyə dil müəllimi Riika Kolunsarka «Reuters»ə bildirib.

21-ci əsrin robot Məşədi İbadı
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

«Bu mənada məncə robotlar, robot kodlaşdırma və onlarla iş yeni kurrikuluma tamamilə uyğundur və biz müəllimlərin daha açıqfikirli yanaşmalı olduğumuz bir yenilikdir», – deyə o əlavə edib.

Boyu cəmi 30 santimetr olan dil müəllimi Elias «SoftBank»ın NAO humanoid interaktiv kompanyon robotu əsasında, «Utelias»ın işlədiyi proqramın köməyi ilə hazırlanıb. «Utelias» sosial robotlar üçün təhsil sahəsində kompüter proqramları hazırlamaq üzrə ixtisaslaşan şirkətdir.

Dil, riyazi bacarıqları güclüdür, amma...

OVObot adlı riyaziyyat robotu isə boyu 25 santimetr olan kiçik, mavi rəngli maşındır. O, bir qədər bayquşa bənzəyir. Bu maşını «AI Robots» adlı fin şirkəti hazırlayıb.

Pilot layihəsinin məqsədi bu robotların tədrisin keyfiyyətini yaxşılaşdıra bilib-bilməməsini müəyyənləşdirməkdir. Layihə çərçivəsində iştirakçı məktəblərin hər biri bir Elias və üç OVObot-la təchiz edilib. OVObot-lar bir il ərzində sınaqdan keçiriləcək. Elias-a gəlincə, məktəb onu satın aldığına görə ondan daha uzun müddət istifadə edilə bilər.

Sinif otağında robotlardan istifadə yenilik deyil. Son illərdə artıq Yaxın və Uzaq Şərq və ABŞ-da tədris robotlarından istifadə edilib. Klaud xidmətləri və 3D çap kimi modern texnologiyalar daha kiçik startap şirkətlərinin sektora daxil olmasına imkan verir.

«Bəli, bu, çox əyləncəli, maraqlı və həyəcanlıdır və bir az şokdayam», – Abisha Jinia adlı şagird dil robotu Elias haqda düşündüklərini «Reuters»ə bildirib.

Ancaq bu robotların dil və riyazi bacarıqları nə qədər güclü olsa da, onların ibtidai sinif şagirdləri ilə dolu sinifdə intizama nəzarət etmək qabiliyyətinin olmaması onu göstərir ki, insan müəllimlərin iş yerlərinə, azından, bir müddət təhlükə yaranmayacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG