Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:31

Kino əfsanəsi Rishi Kapoor vəfat edib


Rishi Kapoor

Məşhur hind aktyoru Rishi Kapoor 67 yaşında qan xərçəngindən vəfat edib.

O Hindistan kinosunda böyük Kapoor sülaləsinin ən parlaq nümayəndəsi idi.

Aktyor kinoya 1973-cü ildə çəkilmiş çox uğurlu “Bobby” filmi ilə gəlmişdi.

Keçmiş SSRİ-də və Azərbaycanda da yaxşı tanınan Rishi Kapoor bunun ardınca iki onillik ərzində onlarca yeni obrazlar yaratmışdı.BBC yazır ki, əslində onun debütü bir qədər tez, 1970-ci ildə, atası Raj Kapoor-un “Mənim adım təlxəkdir” adlı filmindəki yeniyetmə rolu ilə olmuşdu.1980-1990-cı illərdə Rishi Kapoor-un oynadığı bir neçə film kassa rekordu vurmuşdu.

O filmlərdə təkcə aktyor kimi yox, həm də məlahətli səsi olan müğənni, mahir rəqqas kimi çıxış edirdi.

Kapoor məhəbbətini və ailə səadətini də kinoda tapmış, 1980-ci ildə aktrisa Neetu Singh-lə evlənmişdi.

Onların övladı Ranbir indi artıq Kapoor sülaləsinin şöhrətini davam etdirəcək.

Rishi Kapoor habelə bir çox filmlərdə məşhur aktyor Amitab Bachchan və əmisi Shashi Kapoor-la tərəf-müqabil olmuşdu.

Rishi Kapoor və xanımı aktrisa Neetu Singh
Rishi Kapoor və xanımı aktrisa Neetu Singh

Əslən pişavərli

Kapoor ailəsi əslən Pakistanın Pişavər şəhərindən idi və 1947-ci ildə iki ölkəyə bölünmədən az əvvəl, 1947-ci ildə Hindistana köçmüşdü.

Rishi Kapoor 1990-cı ildə Pişavərdə “Kapoor Haveli” adlanan binanı ziyarət etmişdi. Onun babası Pritviraj və atası Raj Kapoor bu evdə doğulmuşdular.

BBC xəbər verir ki, Rishi Kapoor-a 2018-ci ildə leykoz diaqnozu qoyulmuşdu. O Nyu Yorkda bir ilədək müalicə olunduqdan sonra ötən ilin sentyabrında Hindistana qayıtmışdı.

Press Trust of India xəbər verir ki, aktyor aprelin 29-da təngnəfəslikdən şikayət etdikdən sonra xəstəxanaya aparılıb.

Ailəsi bildirir ki, Rishi Kapoor xəstəxanada son ana qədər özünü şux göstərməyə çalışır, həkimlər və tibb heyəti ilə zarafat edirdi.

Modi və Gandhi başsağlığı veriblər

Aktyorun vəfatı münasibətilə verilən bəyanatda Kapoor ailəsi yüzminlərlə pərəstişkara başsağlıqlarına görə təşəkkür edir, lakin dostları və yaxınları ölkədə qüvvədə olan koronavirus karantininə riayət etməyə çağırır.

Rishi Kapoor-un vəfatı münasibətilə başsağlığı verənlərin arasında baş nazir Narendra Modi də var:

"Mən onunla sosial mediada da təmaslarımı həmişə xatırlayıram. O kinonun və Hindistan tərəqqisinin vurğunu idi. Vəfatından kədərlənmişəm”.

Konqres partiyasının lideri Rahul Gandhi isə özünün Twitter hesabından yazır:

"Hindistan kinosu üçün kədərli bir həftədir. Daha bir əfsanə, aktyor Rishi Kapoor vəfat edib. O bütün nəsillərdən olan pərəstişkarlar ordusuna malik gözəl aktyor idi. Yeri görünəcək”.

Son tvit

Rishi Kapoor-un vəfatı xəbəri Pakistanın Pişavər şəhərində də kədərlə qarşılanıb.

Pakistan Mədəni İrs Şurasının katibi Shakil Waheedullah BBC-yə müsahibəsində aktyorun ailəsinə dərin hüznlə başsağlığı verib.

Kapoor sosial mediada çox fəal idi və tez-tez ziddiyyətli mövzular barədə şərhlər yazardı.

O son tvitində adamları koronavirusla mübarizənin ön cəbhəsində olan tibb işçilərinə hücum etməməyə çağırırdı:

“Biz bu müharibədə birlikdə qələbə çalmalıyıq”.

XS
SM
MD
LG