İspaniyada Rusiya millət vəkili Vladislav Reznik və 17 başqa şübhəlinin işi üzrə məhkəmə prosesi başlanıb. Onlar Rusiyanın iki mütəşəkkil cinayət qrupu üçün çirkli pulların yuyulmasında şübhəli bilinirlər.
Rusiyanın dövlət RIA Novosti xəbər agentliyinin məlumatına görə fevralın 9-da Madriddə keçirilən məhkəmə dinləməsində Reznik bu dinləməyə özünü tam təqsirsiz bildiyinə görə gəldiyini söyləyib.
Prokurorlar müttəhimlərin çoxu üçün 5 il yarım azadlıqdan məhrumetmə cəzasının verilməsini, habelə onların 100 milyion avro (124 milyon dollar) cərimə edilməsini istəyirlər.
Prokurorlar inanırlar ki, Rusiyanın iki ən böyük mütəşəkkil cinayətkar qrupu – Tambov və Malışev bandaları üçün 50 milyion avro çirkli pul yuyulub.
İttihamnamədə deyilir ki, “bu bandaların Rusiyanın dövlət aparatına sirayət etdikləri və iqtisadi, siyasi, ədliyyə və polis hakimiyyəti ilə bağlara malik olması tam aydındır”.
Reznik hakim Vahid Rusiya partiyasının üzvüdür və bundan əvvəl Dumada Maliyyə Komitəsi sədrinin müavini olub.
Onun arvadı Diana Gindin də Rusiyanın çirkli pullarının yuyulması fəaliyyətinə kömək etmiş ispanlarla birlikdə mühakimə olunub.
Bandaların başçıları olduqları iddia edilən Gennadi Petrov və Aleksandr Malışev azadlıqdadırlar.
Bu iş üzrə araşdırmaya 2008-ci ildə, İspaniya polisi 20 rusiyalı şübhəlini saxlayanda başlanıb.
Tambov və Malışev qrupları 1980-ci illərin sonlarında Sankt Peterburqda reket dəstələri kimi təşəkkül tapıb.
Onlar keçmişdə rəqib olublar və nüfuz dairələri uğrunda qanlı toqquşmalara giriblər. İnanıldığına görə bu iki dəstə bir sıra sənaye müəssisələrinə, habelə trefikinq və fahişəliyə, çirkli pulların yuyulmasına nəzarət edir.
Rusiya bandalarının İspaniyada çirkli pulları yuması 1990-cı illərin sonlarından başlanıb. O vaxt zəngin rusiyalılar bu ölkədə daşınmaz mülkiyyət almağa başlamışdılar.