Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:51

Rezidentura imtahanı - ən yaxşı nəticə 84 bal...


Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbulla bağlı keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin nəticələrini açıqlayıb.

İmtahanlarda iştirak etmiş namizədlər öz nəticələrini DİM-in internet saytından əldə edə bilərlər. Nəticələri mobil operatorlardan istifadə etməklə də öyrənmək mümkündür.

DİM bildirir ki, nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1092 namizəddən 17 nəfəri imtahana gəlməyib. 1 namizədin isə qaydaları pozduğuna görə, imtahandan xaric olunduğu bildirilir.

631 namizəd birinci mərhələnin müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Müsabiqə şərti 100 mümkün baldan 40 və daha yüksək bal toplamaq idi.

İmtahanlarda ən yüksək nəticəni 100 mümkün baldan 84-nü toplamış namizəd qazanıb.

Xatırlatma

Rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı formasıdır. Ona qəbul dövlət təhsil standartına uyğun olaraq hazırlanan baza ali tibb təhsili proqramları əsasında aparılır.

Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir.

Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 1-də keçirilib. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının isə iyulun 8-də keçirilməsi gözlənir.

XS
SM
MD
LG