Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:17

ABŞ Reza Zarrab-ın işində razılaşmaya açıqdır


Reza Zarrab
Reza Zarrab

ABŞ prezidenti Donald Trump-ın müşaviri İrana sanksiyaların pozulmasında suçlanan biznesmenin cəzasının yüngülləşdirilməsinə çalışır. Nyu-Yorkun keçmiş meri Rudy Giuliani bu yaxınlarda Türkiyə-İran vətəndaşı olan biznesmen Reza Zarrab-ın müdafiəsinə qoşulub.

Zarrab İran hökuməti və şirkətləri ilə 100 milyonlarla dollarlıq sövdələşmələr quraraq, 2010-2015-ci illər ərzində ABŞ sanksiyalarını pozmaqda ittiham olunur. İndi vəkili onun Türkiyə ilə siyasi razılaşmada alver predmeti ola biləcəyini deyir.

Zarrab-ın adı 2013-cü ildə Türkiyədə rüşvət qalmaqalında da keçirdi. Amma ona ittihamlar prezident Recep Tayyip Erdoğan-ın müdaxiləsindən sonra qaldırıldı.

«RAZILAŞMAYA AÇIQDIRLAR»

Bu həftə açıqlanmış məhkəmə sənədlərinə görə, Giuliani deyib ki, o bu işin ABŞ və Türkiyə arasında razılaşma çərçivəsində həll olunmasının mümkünlüyünü araşdırmaqdan ötrü işə cəlb olunub.

Giuliani deyib ki, Zarrab-ın digər vəkili, ABŞ-ın keçmiş baş prokuroru Michael Mukasey ilə birlikdə Erdoğan-la və ABŞ rəsmiləri ilə görüşüblər, məsələnin dövlətlər arasında həllinin mümkünlüyünü araşdırıblar.

«The New York Times» qəzetinin yazdığına görə, Giuliani ifadəsində söyləyib ki, ABŞ rəsmiləri onun müştərisinə köməyi dəyəcək, həm də Birləşmiş Ştatların təhlükəsizlik maraqlarına töhfə verəcək razılaşmaya açıqdırlar.

Rudy Giuliani
Rudy Giuliani

Vəkilin sözlərinə görə, Zarrab-ın iştirak etdiyi iddia olunan sövdələşmələr silah, yaxud nüvə texnologiyasıyla bağlı olmayıb, ona görə də, rəsmilərin bu münasibəti təəccüb yaratmır. Vəkil, eyni zamanda, Türkiyənin ABŞ-a strateji baxımdan vacib sayılan regionda yerləşdiyini vurğulayıb.

MARAQ TOQQUŞMASI

Prokurorlar isə mümkün maraq toqquşması məsələsini qaldırıblar. Belə ki, işdə adı keçən ABŞ banklarından səkkizi Giuliani və ya Mukasey-in hüquq firmalarının müştəriləri olub. Prokurorlar Giuliani-nin «Greenberg Traurig LLP» şirkətinin Türkiyədə qeydiyyatdan keçdiyini də əsas gətirirlər.

Ancaq nə Giuliani, nə də Mukasey Zarrab-ı təmsil etməkdə maraq toqquşması görmürlər. Di gəl, onu da bildiriblər ki, Zarrab-ın işinə baxıldığı müddətdə həmin bankların heç biriylə işləməyəcəklər. Onlar Zarrab-ın özünün hüquqi ödənişlərini etdiyini söyləyiblər.

Türkiyənin dövlətə məxsus «Halkbank»ının rəhbəri Mehmet Hakan Atilla da Zerrab-a qarşı irəli sürülmüş ittihamlarla təqsirli sayılır. Amma nə o, nə də 33 yaşlı Zarrab günahı olmadığını deyir. Zarrab Türkiyədə də tanınmış şəxsiyyətdir, bir səbəbi də müğənni Ebru Gündeş-lə ailəli olmasıdır.

Qeyd edək ki, İran və Türkiyə vətəndaşı olan Reza Zarrab 2016-cı il martın 22-də Mayamidə saxlanıb. Hazırda Nyu-Yorkda həbsdədir. Təqsirli bilinsə, on illərlə həbs cəzasına məhkum oluna bilər.

XS
SM
MD
LG