Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:47

Kreml Maduroya köməyə hərbi muzdlular göndərməsi məlumatlarını şübhə altına alır


Karakas küçələrində
Karakas küçələrində

Kreml Venesuelanın sosialist prezidenti Nicolas Maduroya köməyə 400 özəl hərbi muzdlu göndərməsi barədə məlumatları şübhə altına alır. Yanvarın 27-də Kremlin sözçüsü Dmitry Peskov dövlət televiziyasında “Döyüşçülərimizdən 400-ü hazırda Venesuelada Maduroya kömək edir, ya yox?” sualını cavablandırıb.

O, “qorxunun 100 gözü var” deyib, rəqəmin şişirdilmiş, yaxud yanlış olması ehtimalını səsləndirib, amma suala birbaşa cavab verməyib.

Peskovdan soruşublar ki, Kreml belə məlumatları “rəsmi təsdiqləyəcəkmi”. O, cavabında “əlbəttə yox” söyləyib.

Ondan Rusiyanın Venesuelaya hərbi muzdlu göndərib-göndərmədiyi birbaşa soruşulmayıb, özü də belə bir informasiya səsləndirməyib.

Daha öncə Peskov demişdi ki, Kremldə “belə bir informasiya yoxdur”.

Tanınmış rusiyalı fəal və bloqqer Dmitry Aleshkovsky bildirib ki, o, Rossiya dövlət hava yolları şirkətinin “Reuters”in yazdığı kimi muzdluları apardığını bildirdiyi reyslə bağlı dəlil tapıb.


***

Reuters agentliyinin yaydığı xəbərə görə Moskva üçün məxfi əməliyyatları həyata keçirən özəl hərbi müqaviləlilər son bir neçə gün ərzində hakimiyyətini saxlamağa çalışan Nicolas Maduronun mühafizəsi üçün Venesuelaya gəliblər.

Agentlik yazır ki, bu xəbəri özəl muzdlulara yaxın iki mənbədən alıb. Rusiya muzdlularına yaxın üçüncü mənbə Venesuelada əvvəlcədən Rusiya hərbi kontingentinin olduğunu söyləyib.

İndiyədək Venesuelanın sosialist hökumətinə milyardlarla dollarlıq dəstək vermiş Rusiya bu həftə müxalifət lideri Juan Guaido özünü müvəqqəti prezident elan etdikdən sonra bildirib ki, Maduronun yanında olacaq.

Vladimir Putin bu qarşıdurmada Maduronu dəstəkləyir
Vladimir Putin bu qarşıdurmada Maduronu dəstəkləyir

Venesuela böhranı qlobal gücləri iki qütbə ayırıb. Birləşmiş Ştatlar və Avropa Guaido-nu dəstəkləyir, Rusiya və Çin isə xarici ölkələri müdaxilədən çəkinməyə çağırır.

Rusiyanın hərbi muzdlulları ilə bağları olan kazak qrupunun başçılarından Yevgeny ShabayevReuters-ə bildirib ki, onun məlumatına görə Venesuelada hazırda 400-dək Rusiya müqaviləlisi var.

Başqa mənbələr daha kiçik rəqəmlərdən söz açırlar.

Rusiyanın Müdafiə və Venesuelanın İnformasiya nazirlikləri Reuters-in müqaviləlilər barədə sorğularına cavab verməyiblər. Lakin Kremlin sözçüsü Dmitry Peskov deyib ki, “bizdə belə informasiya yoxdur”.

Rusiyanın hərbi muzdluları Wagner adlanan özəl şirkətə bağlıdırlar və əsasən keçmiş hərbçilərdən səfərbər ediliblər. Onlar Suriya və Ukraynadakı Rusiya qüvvələrinə dəstək verirlər.

Wagner şirkətində işləyən mənbə də Reuters-in sorğusunu cavabsız buraxıb.

Havana izi

Lakin Rusiyanın təhlükəslzik strukturlarına istinad edən Shabayev muzdluların Venesuelaya bu həftənin əvvəllərində yola düşdüyünü bildirir.

Shabayev deyib ki, sözü gedən döyüşçülər əvvəlcə xüsusi reyslə Kubanın paytaxtı Havanaya uçublar, oradan isə adi sərnişin reysləri ilə Venesuelaya gəliblər.

Shabayev bunu da deyib ki, rusiyalı muzdluların əsas missiyası Maduronu, onun öz mühafizəsində müxalifətə rəğbətli elementlərin həbs etməsindən qorumaqdır.

Venesuela hakimiyyət orqanları bildirirlər ki, yanvarın 21-də Karakasdakı prezident sarayının 1 kilometrliyində yerləşən hərbi hissədə qiyam yatırılıb.

Vaxtilə Wagner qrupunun əsgərləri ilə birlikdə döyüşmüş başqa bir mənbə bildirib ki, Rusiya muzdluları ilk dəfə Venesuelaya 2018-ci ilin mayında, prezident seçkisindən əvvəl göndəriliblər, amma başqa bir qrup ora “bu yaxınlarda” gəlib.

Mənbə bildirib ki, Rusiya muzdlularının birbaşa missiyası Maduorunu mühafizə etməkdir. Bu mənbə də deyib ki, onlar Venesuelaya Moskvadan yox, üçüncü ölkələrdən göndəriliblər.

Reuters bunu da bildirir ki, ictimaiyyət üçün açıq olan uçuş məlumatı saytları son həftələrdə bir neçə Ruysiya hökumət təyyarəsinin Venesuelada eniş etdiyini göstərir. Lakin bu uçuşların muzdlularla bağlı olduğunu sübut edən birbaşa dəlillər yoxdur.

Yanvarın 23-də Moskvadan uçan İl-96 təyyarəsi Seneqal və Paraqvaydan keçərək Havanaya gəlib.

Bu da bildirilir ki, bu mülki təyyarənin sahibi Rusiya prezident administrasiyasının bölmələrindən biridir.

Başqa məlumatlara görə ötən il dekabrın 10-dan 14-dək olan müddətdə Antonov-124 ağır yük təyyarəsi və İlyushin-76 nəqliyyat təyyarəsi Rusiya və Karakas arasında uçuşlar edib. Başqa bir İl-76 dekabrın 12-dən 21-dək Karakasda olub.

Məlumata görə təyyarələrin üçü də Rusiya hərbi hava qüvvələrinə daxildir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG