Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:04

Restoranının üstündə 'Müsəlmanlar, rədd olun' yazıb


«Müsəlmanlar, rədd olun»
«Müsəlmanlar, rədd olun»

ABŞ-ın Minnesota ştatında Dan Ruedinger adlı restoran sahibi restoranının qarşısında «Müsəlmanlar, rədd olun» yazısını yerləşdirib. O deyib ki, adamlar yazını yanlış anlayıblar. «Biz «müsəlman ekstremistlər» yazacaqdıq, amma lövhədə yer çatmadı», - deyə o, yazını müdafiə edib.

«İRQÇİ DEYİLİK»

Ruedinger deyib ki, o, irqçi deyil və ümumən müsəlmanlara qərəzi yoxdur.

Müxtəlif dinlərə inanan etirazçılar restoranın qarşısına toplaşaraq, üzərində «Sevgi nifrəti döyər» yazılmış plakat qaldırıblar. Etirazçılar lövhədən hərfləri qoparmağa cəhd göstəriblər.

«İndi adamlar bunu yanlış anlamağa başlayıb. Onlar elə bilirlər biz, ümumiyyətlə, müsəlmanlara qarşıyıq, bu, belə deyil. Tam əksinə, biz irqçi deyilik», - Dan Ruedinger deyib.

Restoran sahibi yerli qəzetə müsahibəsində deyib ki, bu ay Minnesota ştatında əslən Somalidən olan bir amerikalının səkkiz nəfəri bıçaqlaması onu bu yazını yerləşdirməyə vadar edib. «Mən təngə gəlmişəm və etiraz edirəm», - o deyib.

«QAÇQINLARI QƏBUL ETMƏLİYİK?»

«Başımıza gələn bütün bomba və atışmalardan sonra biz hələ bizi öldürmək istəyən qaçqınları da qəbul etməliyik? Bunun irqçiliklə əlaqəsi yoxdur. Bu, zorakılığı təbliğ edən nifrət dini ilə bağlıdır. ...Bəzi müsəlmanlar yaxşı insanlardır və daha yaxşı həyat istəyirlər. Onlar irəli çıxıb nəzarəti ələ almalı, digərlərindən hesab tələb etməlidirlər», - restoran sahibi söyləyib.

Amerika-İslam Münasibətləri Şurası (CAIR) onu müsəlman icmasının liderləri ilə görüşməyə dəvət edib.

CAIR-in Minnesota bölməsinin icraçı direktoru Jaylani Hussein deyir: «Təcrübəmiz göstərir ki, adi amerikalı müsəlmanlarla ünsiyyət və İslam barədə biliyin artırılması islamofob münasibətin azalması yolunda əsas amillərdir».

GÖRÜŞ YARIMÇIQ KƏSİLİB

Bildirilir ki, görüş zamanı Ruedinger həyəcanlanaraq oğlunun İraqdakı xidməti barədə qışqıra-qışqıra danışmağa başlayıb və daha sakit qala bilmədiyini deyib. Buna görə də görüş yarımçıq başa çatıb.

«Bu, qısa söhbət idi. O razılaşmadı. Biz adamlarla dialoq qurmağa gəlmişik. Onunla həmin yazı və problemlərdən danışmaq istəyirdik», - Jaylani Hussein jurnalistlərə deyib.

Restoranın Facebook səhifəsi müəssisə sahibini irqçilikdə ittiham edən mənfi rəylərlə dolub.

XS
SM
MD
LG