Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

‘Azərbaycan’ qəzeti: ‘Ət, yağ yaxın durulası deyil,...gilasa, əriyə yalnız baxmaq olur...’ -media icmalı


Gilas, arxiv foto
Gilas, arxiv foto

“Od tutub yanan təkcə havalar deyil”, Milli Məclisin orqanı olan “Azərbaycan” qəzeti ölkədəki bahalıq məsələsinə toxunur.

Qəzet yazır ki, ölkədə “od tutub yanan” təkcə havalar deyil, həm də qiymətlərdir, istilər insanların canına, qiymətlər də cibinə “qənim kəslib”.

Məqalədə deyilir ki, dövlət başçısının həyata keçirdiyi iqtisadi-sosial siyasətlə bazardakı qiymət bahalığı arasında təzad yaşanır.

Yazıda 2019-cu ilin ilk yarısında prezidentin iki sosial paketi təsdiqlədiyi, minimum əmək haqqının 250 manata, minimum pensiyaların 200 manata qaldırıldığı, müxtəlif kateqoriya maaş və təqaüdlərin artırıldığı yada salınır.

Manat və dollar
Manat və dollar

Amma qəzet bununla belə ölkə iqtisadçılarının bahalaşma narahatlığı yaşadıqlarını, bunun da əsassız olmadığını qeyd edir:

“İlk dəfə deyil ki, bizdə əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı imzalanan sərəncamların, necə deyərlər, mürəkkəbi qurumamış qiymətlər bahalaşır, daha doğrusu, bahalaşdırılır”.

Məqalədə deyilir ki, sosial islahatların icrası üçün büdcədən ayrılan və ayrılacaq vəsaitin miqdarı 4 milyard manatdan çoxdur, önləyici tədbirlər görülməsə, bu pul kütləsi bahalığa səbəb ola bilər.

Yazıda bildirilir ki, hamı bahalaşmadan şikayətçidirsə, deməli, sözügedən önləyici tədbirlər ya lazımi səviyyədə, ya da bütünlüklə həyata keçirilmir:

“Əks halda ilin-günün bu vaxtında mövsüm meyvələrinin, tərəvəzin, eləcə də digər ərzaq məhsullarının qiymətləri cibimizi yandırmazdı. Hələ, qeyri-ərzaq məhsullarını, xidmət haqlarını demirik”.

Müəllifə görə, əsassız bahalaşma dövlətin sosial siyasətinin əleyhinə işləyir. Eyni zamanda qeyd olunur ki, topdansatış bazar və dükanlardan eyni ərzağı iki gün dalbadal eyni qiymətə almaq çox az hallarda mümkündür:

"Qiymətlər qəpiklə də olsa, hər gün bahalaşır. Hətta elə ərzaqlar var ki, onlar bir-iki gün yoxa çıxır, daha doğrusu, çıxarılır. O saat bilirik ki, bu, qiymət qaldırmaq üçündür, özü də az yox, əməlli-başlı. Nə edə bilərik, bütün məhsulların sahibi, yəni inhisarçısı var, qiymətləri də onlar müəyyənləşdirirlər”.

Qəzet hesab edir ki, şəhər və rayon bələdiyyələri iş birliyi qurub bu gəlirli bazarı inhisarçıların əlindən ala bilərlər:

“Ət, yağ yaxın durulası deyil, kolbasa, sosis od qiymətinə, çay, şirniyyat "ceyran beli”ndə, gilasa, əriyə yalnız baxmaq olur, kartof, soğan da öz əllərində, istəyəndə bahalaşdırır, istəyəndə ucuzlaşdırırlar. Banan nədir ki, onu da inhisara alıblar”.

Məqalədə həm idxal, həm də yerli məhsulların bahalanması “subyektiv səbəblər”lə izah olunur və hesab olunur ki, əlaqədar qurumlar “süni qiymət artımının” qarşısını almaqdan ötrü təsirli tədbirlər həyata keçirməlidirlər.

“Moskvanın müəmmalı meyvə-tərəvəz qadağaları - siyasi təzyiq aləti, yoxsa...”

Azərbaycanda bazar, 2016
Azərbaycanda bazar, 2016

“Yeni Müsavat” qəzeti-nin məqaləsi belə adlanır.

Qəzet Rusiyanın tonlarla Azərbaycan pomidoru və gilası ilə dolu yük maşınlarını Dağıstandan geri qaytarmasına toxunur. Rusiyada müvafiq qurumlar bu məhsullarda zərərli maddələrin tapıldığını iddia edirlər, söhbət 119,095 ton pomidor və 108,146 ton təzə gilasda güvə tapılması iddiasından gedir.

“Atlas” Araşdırmalar Mərkəzinin direktoru Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında deyir ki, Rusiya hansı dövləti əzmək, sıxmaq istəyirsə, adətən o ölkənin aqrar məhsullarının idxalını dayandırır:

“Gürcüstanla münasibəti pisləşən kimi ”Barjom"a və gürcü çaxırına qadağa qoyur. Eləcə də Azərbaycanla bağlı hər hansı siyasi məsələdə narazılıq varsa, yenə də bizim kənd təsərrüfatı məhsullarına qarşı belə qadağalar qoyulacaq. Necə olur ki, bu günə qədər Azərbaycan meyvə və tərəvəz məhsulları Rusiyaya daşınırdı, heç bir problem yaşanmırdı, birdən-birə zərərli maddələr aşkar olunmağa başladı?”

E.Şahinoğlu hesab edir ki, Rusiya bu yolla göstərməyə çalışır ki, bütün alətlər onun əlindədir və istənilən vaxt qapıları Azərbaycanın kənd təsərrüfatı məhsullarının üzünə bağlamaqla problem yarada bilər.

İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, Rusiya bu məsələdən təkcə Azərbaycana qarşı yox, hətta bəzən Avropa ölkələrinə, ən yaxın müttəfiqi Belorusa qarşı da silah kimi istifadə edir.

Ekspertin sözlərinə görə, Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan “təhlükəli dərəcədə” asılılığı var və bu ölkəyə təhdid yaradır:

“Çünki kənd təsərrüfatı məhsullarının ixracının böyük bir hissəsi Rusiyanın payına düşür”.

Natiq Cəfərli hesab edir ki, Azərbaycan Rusiyanın bu təzyiq alətini zərərsizləşdirmək üçün çoxçeşidli bazar modelinə nail olmalıdır. Onun qənaətincə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamaqda israrı bir çox bazarlara çıxışı ləngidir.

İqtisadçı Ukraynanın, Belorusun da kənd təsərrüfatı məhsullarına ən azı Rusiya qədər ehtiyacı olduğunu söyləyir, eləcə də ən yaxşı halda 500 milyonluq Avropa bazarlarına çıxmağı təklif edir. Bunun üçün də hesab edir ki, öncə ÜTT-yə üzv olmalı, bununla da Rusiya təzyiqinə son qoyulmalıdır.

Qəyyumluq komissiyaları ləğv edilsin - təklif

“Modern.az”da isə “Qəyyumluq komissiyaları, hakimlər və icra məmurlarının məhv etdiyi uşaqlar” başlıqlı məqalə diqqət şəkir.

Sayt yazır ki, 2019-cu ilin ilk 3 ayında Azərbaycanda 3972, 6 ayında isə 8 minə yaxın boşanma qeydə alınıb, rəsmi məlumatlara görə, ölkədə hər gün təxminən 45 ailə dağılır və bu boşanmalardan ən çox zərər çəkən azyaşlı uşaqlardır.
Yazıda qeyd olunur ki, boşanmadan sonra uşağın saxlanılması üçün ödənilən aliment və uşaqla görüş kimi məqamlar təkcə ciddi münaqişə predmeti deyil, həm də həssas yanaşılmalı mövzudur.

Saytın iddiasına görə, İcra hakimiyyətləri yanında Qəyyumluq və himayəçilik komissiyaları, məhkəmə hakimlər, icra məmurları uşaqların taleləri ilə oynayır, “dövlət siyasətinə qarşı gedərək, dünyaya sağlam gələn uşaqları “ədalətsiz qərarları ilə şikəst edirlər”.

Hüquqşünas Əliməmməd Nuriyev mövzu ilə bağlı “Modern.az-a deyir ki, “uşaqların hüquq və azadlıqlarının müdafiəsilə bağlı normalar müəyyənləşdirilsə də, bir çox hallarda bu normalar doğru-düzgün tətbiq olunmur.

“Xüsusilə boşanmadan sonra uşağın kimlə qalması hallarında heç də həmişə qanuna istinad edilmir”, - söyləyən hüquqşünasın sözlərinə görə, mübahisəli hallarda azyaşlının arzu və istəyi, onun böyüməsi üçün daha əlverişli şərait yox, valideynin maddi imkanı üstün rola malik olur:

“Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və himayəçilik, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyaları demək olar ki, işləmirlər. Onlar sadəcə, bu məsələyə əlavə yük kimi baxırlar, belə halda Qəyyumluq komissiyaları uşağın mənafeyini deyil, hansı valideyn daha varlıdırsa, onun istəklərini əsas götürür”.

Hüquqşünas deyir ki, bu komissiyalar daha çox psixoloji yanaşma sərigləməlidirlər, amma bunun öhdəsindən gələ bilmirlər, formal fəaliyyət göstərirlər, ona görə də bu sistemin yenidən qurulmasına ehtiyac var, məhkəmələrdə uşaq məsələləriylə bağlı ixtisaslaşmış hakimlərin fəaliyyət göstərməsi lazımdır. O, Qəyyumluq komssiyalarının ləğv olunmasını, səlahiyyətlərini Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komissiyasına verilməsini təklif edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG