Keçid linkləri

2026, 27 Fevral, Cümə, Bakı vaxtı 17:54

Rəqəmsal İnkişaf Şurası yaradılıb

"Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə
"Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə

Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılır. Bununla bağlı prezident İlham Əliyev fərman verib.

Fərman "rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi,.. innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid, əlaqələndirilmiş şəkildə həyata keçirilməsi" məqsədi ilə izah edilib.

Bundan 16 gün öncə, fevralın 11-də prezidentin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlət başçısı demişdi ki, "bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək".

Amma bəzi ekspertlər deyir ki, Azərbaycan hökuməti hələ 10 il əvvəl iqtisadiyyatın şaxələnməsi məqsədini qarşıya qoyduğunu açıqlamışdı. Onlar vurğulayırlar ki, aradan 10 il keçsə də, Azərbaycan yenə neft və qazdan asılıdır. Onlar "innovasiya əsaslı" iqtisadi modelə keçidlə bağlı da məqsədlərə çatılacağına şübhə edirlər və ölkədə real islahatlara üz tutmağı vacib sayırlar.

Şuranın sədri Birinci vitse-prezident Mehriban Əliyeva olacaq.

Şura fəaliyyəti barədə ildə bir dəfə prezidentə məlumat verməlidir.

11 fevral

Prezident: 'Keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq'

"Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir". AZƏARTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

Onun sözlərinə görə, bu sahə də kritik sahələrdən biridir. "Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır", - Əliyev vurğulayıb.

Xatırlatma

Prezident konkret ölkə adı çəkməyib. Ötən il hakimiyyətə yaxın bir sıra media orqanlarında bu məsələ ilə bağlı Rusiyanın adı hallanıb. Amma belə iddiaları nə Azərbaycanın, nə də Rusiyanın rəsmi qurumları təsdiqləyib.

Azərbaycanda Milli Kibertəhlükəsizlik Mərkəzi 2023-cü ildə yaradılıb.

XS
SM
MD
LG