Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:21

Rəngləri necə görməyimiz danışdığımız dildən asılıdır?


The Conversation saytı yazır ki, insan gözü fiziki olaraq milyonlarla rəngi qəbul etməyə qabildir. Lakin bizim heç də hamımız bu rəngləri eyni şəkildə dərk etmirik.

Bəzi insanlar rənglər arasındakı fərqi görə bilmirlər. Buna “rəng korluğu” deyirlər. Bu o zaman baş verir ki, gözün torlu qişasında, yəni retinasındakı hüceyrələr qüsurlu olur və yaxud yerli-dibli olmur. Kolbacıqlar kimi tanınan bu hüceyrələr işığın yüksək səviyyələrinə həssaslığı ilə fərqlənir.

Lakin hətta normal görən insanlarda da kolbacıq hüceyrələrinin paylanması və sıxlığı fərqlidir. Bu, bizim eyni rəngi başqa cür görməyimizlə nəticələnir.

Rəngin qavranması bizim rəngləri necə görməyimizdən deyil, beynin bu rəngləri necə interpretasiya etməsindən asılıdır. Beyinsə gözün gördüyü hər bir şeyə məna verməyə çalışır. Odur ki, rəngin qavranması beynizimdə baş verir və buna görə də sırf fərdi bir məsələdir.

Götürək ilə sinesteziya qabiliyyətli insanları. Bunlar rəngləri hərflər və rəqəmlərlə birlikdə qavrayanlardır.

Sinesteziyanı bəzən hisslərin birləşməsi (sintezi) kimi izah edirlər. Bu adamlar səsləri görə, rəngləri eşidə bilirlər. Lakin onların rəngləri eşitməsi də bir-birindən fərqlənir.

Rənglərin necə qavranmasını müəyyən edən xüsusi Alderson şkalası yaradılıb. Burada bəzən eyni rəng başqa cür işarələnib. Biz fərqli işarələnmiş eyni rəngi fərqli görürük.

Rəng mədəniyyəti

Doğulduğumuz gündən biz predmetləri, rəngləri, emosiyaları, bir sözlə hər şeyi kateqoriyalara bölməyi öyrənirik. Bizim gözlərimiz milyonlarla rəngi görsə də biz rənglər barədə danışarkən və ya onlardan gündəlik həyatımızda istifadə edərkən onları beynimizdə hazır olan və tanıya bildiyimiz qəlibə salırıq.

Rəssamlar və moda dizaynerləri rəngələrin çalarlarından çox danışrılar, halbuki qeyri-ekspertlər üçün bunların əksəriyyəti bir rəngdir.

Alimlər aşkar ediblər ki, müxtəlif dil və mədəniyyət qrupuna aid insanların da rəng spektri müxtəlifdir.

Nasanın peyk fotosunda yaşıl və mavinin necə yaxın olduğu görünür
Nasanın peyk fotosunda yaşıl və mavinin necə yaxın olduğu görünür

Məsələn, Papua Yeni Qvineyada danışılan Dani dilində və ya Liberiya və Syerra Leonedə danışılan Bassa dilində rənglər üçün cəmi iki termin var: tünd və açıq. Bu dillərdə tünd təxminən sərin kimi tərcümə olunur, açıq rənglər isti kimi.

Odur ki, qara, mavi və yaşıl sərin və ya soyuq rənglər kimi kateqoriyalanır, qırmızı, narıncı və sarı isə isti rənglər hesab olunur.

Avstraliyanın Şimal Ərazilərində yaşayan Volpirilərin dilində ümumiyyətlə “rəng” termini yoxdur.

Bu mədəniyyət qrupları rəngləri əşyanın materialı, yaratdığı fiziki hissiyyat və funksional məqsədlərini göstərən zəngin lüğətlə ifadə edirlər.

Beş əsas rəng

Maraqlıdır ki, dünyanın əksər dillərində beş təməl rəng mövcuddur. Hətta Namibiya çöllərində yaşayan Himba tayfası və ya Papua Yeni Qvineyanın sıx meşəliklərində ömür sürən Berinmo tayfası kimi fərqli mədəniyyətlərdə də beş rəng sistemi mövcuddur.

Bu dillərdə tünd, açıq, qırmızı sözləri olduğu kimi, adətən sarı, habelə həm mavini, həm də yaşılı bildirən bir söz olur.

Başqa sözlərlə bu dillərdə ayrıca olaraq “yaşıl” və “mavi” sözləri olmur. Bu dillərdə iki rəngi bildirən (yaşıl və mavi) bir sözə rast gəlinir. Bunu dilçilər green və blue sözlərinin çarpazlaşdırılması ilə şərti olaraq “grue” adlandırırlar.

Əslində belə bir hal Azərbaycan dilində də müşahidə edilir. Göy səma, göy dəniz, göy göl və göy-göyərti (daha doğrusu yaşıl).

Tarixən uelslilərdə həm mavi, həm də yaşılı bildirən “grue” termini olub. Azərbaycanlılar “göy” sözünü həm yaşıl, həm də mavi üçün işlətdikləri kimi, uelslilər də “glas” sözünü bu funksiyada işlədirdilər.

Müasir dövrümüzdə bütün bu dillərdə “grue” termininin mənası daralır və o daha çox maviyə şamil edilir, yaşıl üçün ayrıca sözdən istifadə olunur (Azərbaycan dilində “göy” sözü hər halda maviyə daha çox meyl edir).

Bəzi hallarda bu problem yapon və Uels dilində olduğu kimi başqa dildən söz gətirməklə həll edilir.

Rus, yunan, türk dillərində “göy” sözü üçün iki ayrı-ayrı termin var. Bu dillərdə eyni rəngin tünd çalarına “göy” (siniy-rusca), açıq çalarına isə mavi (qoluboy) deyilir.

Dil və rəng

Rənglərin qavranması bəzən bir nəslin həyatı ərzində baş verir. Məsələn Britaniyada uzun müddət yaşamış yunan mühacirlər ana dillərində göy rəngin iki çalarına aid sözlər olduğu halda (tünd göy “ghalazio” və açıq göy “ble”) getdikcə daha çox ingilislər kimi yalnız blue (mavi) terminindən istifadə edirlər.

Bu ona görə baş verir ki, uzun müddət ingilislərin arasında yaşayan yunanlar da mavi rəngi ingilislər kimi qavramağa başlayırlar.

Söhbət təkcə rənglərdən getmir. Müxtəlif dillər bizim həyatın müxtəlif aspektlərini necə qavramamızı təsirləndirə bilir.

Rənglərin qavranması problemini araşdıran Lancaster Universitetinin alimləri deyirlər ki, hər hansı bir xarici dilin öyrənilməsi insanların rəngləri qavraması tərzinə təsir göstərir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG