Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:57

Avropa çempionu: 'Qardaşım hökuməti tənqid etdiyinə görə həbs olundum'


Renad Əliyev

Karate üzrə ikiqat Avropa çempionu Renad Əliyev 5 il azadlıqdan məhrum edilib. Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Təfəkkür Universitetinin sabiq rektoru Riyad Əliyevin qardaşı olan Renadın üzərindən narkotik tapıldığı iddia olunur.

Amma Renad Əliyev özünü təqsirli bilmir. Deyir ki, o, qardaşının Azərbaycan hökuməti haqda tənqidi fikirlərinə görə sifarişlə şərlənərək həbs olunub.

2015-ci ilin yayında Bakıda keçirilən Birinci Avropa Oyunlarında karate üzrə hakim kimi iştirak etdiyini deyən Renad Əliyev necə həbs olunması haqda bunları söyləyib:

«Dostlarımla kafedə oturmuşduq. Çıxandan sonra mənə 3 nəfər yaxınlaşdı, maşına oturdub Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Orada dedilər ki, guya üstümdən narkotik çıxdı. Əlbəttə ki, yalan idi».

«QARDAŞINA ÇATDIR, ÖZÜNÜ YIĞIŞDIRSIN»

Amma iş materiallarında R.Əliyevin narkotikin ona məxsus olması haqda etiraf xarakterli ifadəsi var. Məhkəmədə həmin ifadəni xatırladanda idmançı bildirib ki, orada yazılanlar yalandır, həmin ifadəyə təzyiq altında imza atıb.

***Buna da bax-'5 milyonumu alıb universitetdən uzaqlaşdırdılar'

«Ölkəni təmsil edən idmançı niyə şərlənməli idi?» – hakimlər bu sualı verəndə R.Əliyev səbəb kimi xeyli vaxtdır Ukraynada yaşayan qardaşı Riyad Əliyevin müxalifyönlü mövqeyini, Azərbaycan hökumətinin ünvanına tənqidi fikirlərini göstərib:

«Hətta həbsimdən əvvəl mənim özümə də demişdilər ki, «qardaşına çatdır, özünü yığışdırsın. Əks halda, sizin üçün yaxşı olmayacaq». Bunu deyənlərə cavab verdim ki, mənim qardaşımla heç bir əlaqəm yoxdur. Dediklərini də elədilər...».

Qardaşının fəaliyyətinə görə onun həbs olunmasını isə R.Əliyev belə izah edib: «Çünki o, xaricdədir».

R.Əliyev hökmdən əvvəl son sözündə də təqsirsiz olduğunu söyləyib, məhkəmədən ədalətli qərar istəyib. Amma Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası onu CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik saxlama, gəzdirmə) maddəsi ilə təqsirli bilib.

Riyad Əliyev dələduzluqda ittiham olunur və Azərbaycan onun barəsində beynəlxalq axtarış elan etmişdi. Amma ötən ilin yanvarında «Interpol» onun axtarışını dayandırıb. R.Əliyev təqibini universitet rəhbərliyinin ona qərəzli münasibəti ilə izah edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG