Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:24

Rəisi Azərbaycandan Ermənistana getməliymiş?


Rəisi mayın 19-da ölümünə saatlar qalanda Azərbaycan-İran sərhədində Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Araz çayı üzərində yeni bəndin açılışı mərasimində iştirak edib
Rəisi mayın 19-da ölümünə saatlar qalanda Azərbaycan-İran sərhədində Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Araz çayı üzərində yeni bəndin açılışı mərasimində iştirak edib

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan hökuməti İranın mərhum prezidenti İbrahim Rəisinin Azərbaycanda keçirilmiş açılış mərasimindən sonra Ermənistana gəlməli olduğuna, amma son anda fikrini dəyişdiyinə dair xəbərləri nə təkzib, nə də təsdiq edib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan Azatutyunun sorğusuna cavab olaraq qısa bəyanatla kifayətlənib.

O deyib ki, rəsmi məlumatlar yüksək vəzifəli xarici qonaqların səfərləri təsdiqləndiyi hallarda verilir.

Rusiyanın TASS dövlət xəbər agentliyi “adı çəkilməyən mənbələrə” istinadla bildirib ki, bazar günü Rəisi Ermənistanda keçiriləcək bir yol layihəsinin açılışında iştirak etməli idi, amma həmin səfər son anda təxirə salınıb.

Rəisi mayın 19-da Azərbaycan-İran sərhədində Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Araz çayı üzərində yeni bəndin açılışı mərasimində iştirak edib.

Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian, habelə onları müşayiət edən başqa İran rəsmiləri bu tədbirdən qayıdarkən onları daşıyan helikopter İranın Şərqi Azərbaycan ostanında meşəlik və dağlıq ərazidə qəzaya uğrayıb.

Ermənistanda hansı tədbir təxirə salınıb?

Ermənistanın Alphanews.am Ermənistan Ərazi İdarəçiliyi və İnfrastruktur Nazirliyinin sözçüsünə istinadla yazıb ki, ötən həftə İran sərhədindən Ermənistanın Qacaran şəhərinə çəkilən yolda birgə Ermənistan-İran “tədbirinin” keçirilməsi planlaşdırılmışdı.

Sözçü tədbirin niyə təxirə salındığı barədə açıqlama verməyib.

Ötən oktyabrda Ermənistan hökuməti sözü gedən 32 kilometrlik yolun təmiri və modernləşdirilməsi üçün İranın iki şirkətinə 215 milyon dollarlıq kontrakt verib.

Həmin müqavilə Yerevanda İranın Yollar və şəhərsalma naziri Mehrzad Bəzrpaşın iştirakı ilə imzalanıb. Nazir bu yolun Tehran üçün “geosiyasi əhəmiyyətini” xüsusi olaraq vurğulamışdı.

Azatutyun yazır ki, Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ üzərində nəzarətini bərpa edəndən sonra Bakının güc tətbiq edərək Naxçıvana dəhliz aça biləcəyinə dair narahatlıqlar yaranmışdı.

Bəzi xəbərlərə görə İbrahim Rəisi Azərbaycan rəsmilərinə Tehranın belə bir dəhlizə qarşı olduğunu bildirmişdi.

Rəsmi Tehran bütün bəyanatlarında Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinə qarşı olduğunu dəfələrlə bəyan edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG