Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:44

İşadamının oğluna görə müstəntiq vəzifəsini itirdi


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

İşadamının oğlunun təqsirləndirildiyi yol qəzası üzrə açılmış cinayət işinə görə müstəntiq vəzifəsini itirib.

«Xırdalan Xəz» ASC-nin rəhbəri Akif Rəhimovun oğlu Rəhim Rəhimovun təqsirləndirildiyi yol qəzasına görə ondan öncə ailənin sürücüsü Əmrulla Şahbazov cinayət məsuliyyətinə cəlb olunmuşdu. Hətta Şahbazov özü də 1975-ci il təvəllüdlü Könül Əkbərovanın ölümünə səbəb olmuş qəzanı özünün törətməsi haqda etirafedici ifadə vermişdi.

K.Ələkbərovanın anasının prezident və xanımı da daxil, dövlət orqanlarına şikayət məktublarından, məsələ media vasitəsiylə ictimailəşəndən sonra 17 yaşlı R.Rəhimov təqsirləndirilən şəxs qismində tanınaraq həbs olundu.

R.Rəhimov da ilk ifadəsində hadisəni sürücünün törətdiyini deyib. Amma məhkəmədə həm R.Rəhimov, həm də Ə.Şahbazov yalan ifadəyə görə müstəntiqi günahlandırıblar. Bildiriblər ki, onlar müstəntiqin təklifi ilə yalan danışıblar.

«Mən sadəcə ağ vərəqə imza çəkdim. Mən oxuya bilmirəm», – Ə.Şahbazov fevralın 12-də məhkəmədə sualları cavablandırarkən belə deyib.

R.Rəhimov da bildirib ki, hadisədən sonra maşını saxlayıb, vurduğu piyadaya yardım etməkdən ötrü düşüb. Az sonra hadisə yerinə polislər gəlib. Onun sözlərinə görə, polislər atasını tanıdıqlarını deyiblər və ailə sürücüləri də ora gələndən sonra ona çıxıb getməyi təklif ediblər. R.Rəhimov bildirir ki, polislərin məsləhəti ilə hadisə yerindən gedib.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Məhkəmə qərar verib ki, işi araşdıran müstəntiq Vüqar Abbasov də dindirilsin.

Məhkəmədə o da məlum olub ki, bu işdəki nöqsanlara görə V.Abbasov Səbail Rayon Polis İdarəsinin müstəntiqi vəzifəsindən azad edilib. Vəkil məhkəmədə bildirib ki, müstəntiq hazırda sərəncamdadır.

Xatırlatma

Hadisə 2017-ci il noyabrın 8-də Səbail rayonu ərazisində, «Bayraq meydanı»nın yanında baş verib. İttihama görə, R.Rəhimov «Jeep Grand Cherokee» markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə 1975-ci il təvəllüdlü K.Əkbərovanı vurub. Piyada hadisə yerində keçinib.

CM-nin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunan 17 yaşlı R.Rəhimov noyabrın 29-da həbs edilib. O, qəzanın baş verməsinə görə özünü təqsirli bilsə də, hadisə yerindən qaçma ittihamını qəbul eləmir.

İşadamı A.Rəhimov parlament seçkilərində deputatlığa namizəd olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG