Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:41

'Yayda kampaniya aparılması absurddur'


►MSK katibi: “Referenduma çıxarılan təkliflərin müzakirəsinə 60 gün yetər”

“23 gün siyasi qruplar arasında mübarizəyə aiddir, referendumla bağlı belə bir məhdudiyyət yoxdur”, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov AzadlıqRadiosuna açıqlamasında deyir.

O bildirir ki, elə referendum təyin olunan gündən Referendum aktının ictimaiyyətə çatdırılması, müqayisəli müzakirəsi mümkündür:

Natiq Məmmədov: O müddəti 60 gün kimi qəbul etməliyik
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid

“Ona görə də biz təbliğat-təşviqat müddətini 60 gün qəbul etməliyik”.

Natiq Məmmədovun sözlərinə görə, 60 gün referenduma çıxarılacaq müddəalarla bağlı təbliğat-təşviqat işi aparmaqdan ötrü yetərli vaxtdır.

O bildirir ki, prosesə qoşulanlar ölkənin ictimai televiziya məkanından da pulsuz istifadə edə bilərlər:

“40 min adamın imzası ilə yaradılan təşviqat qrupuna belə bir hüquq tanınacaq. Daha az sayda təşviqat qrupları isə yerli resurslardan istifadə edə bilərlər”.

Buna da bax: Rüstəm İbrahimbəyov referendumdan yazdı: "Monqol-tatar..."

“Digər resurslarsız da imkanlar genişdir”

MSK katibi əlavə edir ki, internet resursları, sosial şəbəkələr Referendum Aktının təbliğat-təşviqat işi üçün münbit platformadır:

“Nəzərə alsaq ki, insanların məlumat alma mənbəyi 30 il öncəylə müqayisədə daha genişdir, daha səmərəlidir, istənilən məsələ, o cümlədən, Konstitusiyaya təkliflər səssiz və sükutla keçirilə bilməz. Dediyimiz resurslar (televiziya nəzərdə tutulur-red.) olmasa belə, bu məsələnin müzakirəsini aparmağa imkanlar genişdir”.

Buna da bax - İlham Əliyev oğlunu prezident edir? Konstitusiya dəyişdirilir

“Pulsuz efir verməyəcəklər”

Əsas müxalifət partiyalarından olan AXCP-nin də ümid elədiyi platformalardan biri elə sosial şəbəkələr və digər internet resurslarıdır. Partiya sədrinin müavini Gözəl Bayramlı deyir ki, onlar, ümumiyyətlə, Konstitusiyaya dəyişikliyin əleyhinədir və bunu ölkədə monarxiyaya keçid kimi qəbul edirlər:

Gözəl Bayramlı: AXCP ümumiyyətlə Konstitusiyaya dəyişikliklərin əleyhinədir
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

“Bir ailənin hakimiyyətinə hazırlıqdır. Hakimiyyət də belə bir referendumu az vaxt çərçivəsində keçirmək istəyir. Yay aylarında bu kampaniyanın aparılması absurddur”.

Gözəl Bayramlının fikrincə, yayda insanlar istirahət edir və çox adam heç ölkədə olmur: “Bu referendumun da nəticələri saxtalaşdırılacaq”.

Əllərində olan iki ayı partiya və Milli Şura boş da keçirmək istəmir. Gözəl Bayramlı deyir ki, onlar mitinq keçirmək barədə düşünürlər, ancaq bu mitinqin ölkə boyu keçiriləcəyini, ya yalnız Bakı ilə məhdudlaşacağını hələ müzakirə etməyiblər.

AXCP İctimai Televiziyadan pulsuz efir vaxtına ümid etmir. Bu ümidsizlik Referendum Aktının Konstitusiya Məhkəməsindəki müzakirəsində partiyanın iştirakına imkan verilməməsindən doğub: “Plenumda iştirak eləmək istədik, müraciətimizi müsbət cavablandırmadılar. Hakimiyyət heç Plenumda alternativ fikir eşitmək istəmədi”.

“125 dairənin hər birində görüş keçirmək mümkün deyil”

Anar Məmmədli
Anar Məmmədli

Seçki məsələləri üzrə ekspert Anar Məmmədli Referenduma ayrılan vaxtın çox az olduğunu düşünür. Deyir ki, əslində, təbliğat-təşviqat məsələsinə 23 gün ayrılması çoxdanın məsələsidir və o vaxt müxalif düşərgə və müstəqil yerli və beynəlxalq ekspertlərdən mənfi rəy alsa da, Seçki Məcəlləsinə əlavə edildi:

Anar Məmmədli: 3 həftə azdır
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

“Əlbəttə, 3 həftə ərzində təbliğat-təşviqat kampaniyasını qurmaq, Referenduma çıxarılan təkliflərin əleyhinə və ya lehinə təbliğat aparmaq mümkün deyil. Nəzərdə tutun ki, Azərbaycanda 125 seçki dairəsi var. Deyək ki, bir təşviqat qrupu bu seçki dairələrinin hamısında görüş keçirmək istədi. Axı, fiziki baxımdan bu, mümkün deyil”.

Buna da bax: Milli Şura referendum əleyhinə təşviqat aparacaq

“20 gün içində 40 min imzanı necə toplamaq olar?”

Anar Məmmədli ölkə televiziyalarında debatların da keçirilə biləcəyinə, alternativ fikirlərə yer veriləcəyinə inanmır, onun sözlərinə görə, efir məkanından daha çox təbliğat vurğulu monoloqlar eşidiləcək.

Ekspert əlavə edir ki, əslində, mövcud Seçkilər Məcəlləsi ölkədə ədalətli və obyektiv seçki keçirmək imkanlarını məhdudlaşdırır. O, qanunvericiliyə dəyişikliyin zərurətini vurğulayır:

“Biz indi təbliğat-təşviqatdan danışırıq, məsələnin bir tərəfi də budur ki, təşviqat qrupundan ötrü 40 min imza toplamaq lazımdır. 20 günün içində bu 40 min imzanı necə toplamaq olar?”.

Təqvim planı

Mərkəzi Seçki Komissiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsi üzrə əsas tədbirlərə dair təqvim planını təsdiqləyib.

Səsvermə sentyabrın 26-na təyin edilib və bunun elan edilməsi ilə təşviqat qrupunu yaratmaq olar. Ölkə boyunca təşviqatın aparılmasından ötrü MSK-ya ən azı 2 min seçicinin imzası təqdim edilməlidir. Müraciətə 5 gün ərzində baxılmalıdır.

Bu proses avqustun 22-də başa çatır.

Təşviqat qrupunun qeydiyyatından ötrü 40 min seçicinin imzası təqdim olunmalıdır. Üstəlik, onlar da ən azı 60 seçki dairəsini əhatə etməlidir və hər birindən ən azı 100 imza olmalıdır.

Bütün ölkə boyunca təşviqat qrupunun yaradılmasının üstünlüyü ondadır ki, qrup İctimai televiziya və dövlət qəzetlərində pulsuz efir vaxtı əldə edir. Ancaq bu imtiyaz bütün təşviqat qruplarına yox, 40 min imza toplaya bilən qruplara verilir.

Referendumda təşviqat sentyabrın 3-də başlayır. Sentyabrın 25-də başa çatır.

Dünya təcrübəsi

Ən yaxın tarixdə referendum Böyük Britaniyada keçirilib. “Brexit” adı ilə tarixə düşən referendumda seçicilər Avropa Birliyindən çıxmağı dəstəkləyiblər. Referendum tarixi 2016-cı ilin fevralın əvvəlində müəyyənləşdirilib, iyunun 23-də keçirilib. Referenduma çıxarılan məsələni müzakirə etməkdən ötrü təşviqat qruplarının nə az, nə çox 4 aya qədər rəsmi vaxtları olub. Üstəlik, referendum günü müəyyənləşənə qədər ölkənin Avropa Birliyində qalıb-qalmaması ilə bağlı məsələ aylarla ictimaiyyətin və siyasi qrupların qızğın müzakirəsi mövzusuymuş.

Azərbaycanda isə Referenduma çıxarılan təkliflərdən ictimaiyyət beş-on gün əvvəl xəbər tutub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG