Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:14

Cəmil Həsənli:: Adamın əlində saxta bülleteni tutursan...


Cəmil Həsənli
Cəmil Həsənli

►Ələsgər Məmmədli: “Hansısa “Bələdiyyə” qrupunu qeydə alıb,

Müsavat kimi yüzillik partiyanın qrupunu qeydə almırlarsa və ya REAL kimi qrupun yaradılması üçün imza toplanmasına imkan verilmirsə, fəal üzvünü həbs edirlərsə, burda müxalifətin gücünü müzakirə etmək yersizdir”.

Sentyabrda keçiriləcək referendumla bağlı müxalifətin heç bir qrupu rəsmi təşviqat-təbliğat kampaniyası apara bilməyəcək.

Milli Şura ilk gündən “antikonstitusion proses” olduğundan referendumla bağlı təşviqatda iştirakdan imtina etmişdi. REAL isə imzatoplama kampaniyasının ortasında prosesi dayandırdı, buna səbəb kimi qurumun bir neçə üzvünün eyni vaxtda saxlanılmasını göstərdi.

Ancaq “Müsavat” partiyası qrupunu qeydiyyatdan keçirmək üçün sənədləri hazırlayaraq rəsmi şəkildə Mərkəzi Seçki Komissiyasına təqdim etdi. Amma MSK onun “Respublika” təşviqat qrupunu “3600 imza yanlış olduğundan” qeydə almaqdan imtina etdi.

Buna da bax: Referenduma hansı məsələlər çıxarılacaq? (Küçə sorğusu)

“ÜSTÜNLÜKLƏR QAZANIRDILAR, ANCAQ...”

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, MSK-da qeydiyyatdan keçərək referendumun lehinə və ya əleyhinə təşviqat aparan qruplar üstünlük əldə etmiş olurlar:

Ələsgər Məmmədli: Qeydiyyata alınan qruplar üstünlüklər əldə edirlər
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid

“Onlara mitinqlərin keçirilməsi üçün yerlər verilir, efirdə, xüsusən də televiziyada təbliğat imkanı qazanırlar, rəsmi mətbuatda onların çap olunmaq imkanı yaranır və s... Qeydiyyatdan keçməyənlərin bu imkanları olmayacaq”.

Hərçənd durum elə də çarəsiz deyil. Müxalif qüvvələrin heç biri rəsmi şəkildə təbliğat-təşviqat kampaniyasında iştirak etməsə də, ifadə, sərbəst toplaşmaq azadlığı siyasi qurumlara fikirlərini ortaya qoymaq fürsəti verir. Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, müxalifət rəsmi imkanları əldən vermiş olsa da,aksiya keçirmək, fikirlərini sosial şəbəkələrdə bölüşmək imkanı qalır.

Müxalifət bu imkandan yararlanacaqmı?

MÜŞAHİDƏ MİSSİYALARI, HESABATLAR VƏ MİTİNQLƏRLƏ BAĞLI GÖTÜR-QOYLAR

Müsavat Partiyasının başqanı Arif Hacılı deyir ki, müxtəlif seçki komissiyalarında yüzlərlə müşahidəçini qeydiyyatdan keçirmək niyyətindədirlər, bu, “referendum gününü izləmək imkanı yaradacaq”. Bundan başqa, kütləvi aksiyaların keçirilməsi ilə bağlı məsləhətləşmələr aparırlar.

Arif Hacılı: Azərbaycan hakimiyyəti ölkədə siyasətlə məşğul olmağa hər hansı imkan tanımır
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid

Arif Hacılı referendumla bağlı hesabat hazırlayacaqlarını da bildirir:

“İndiki mərhələdə aralıq hesabatı, eləcə də müşahidəçilərimizin məlumatları əsasında referendumun nəticələri ilə bağlı hesabat hazırlayaraq yaymaq istəyirik. Bu hesabatları xarici dillərə çevirərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ölkədə “seçki mühiti olmadığı”nı, “real debatların aparılmadığını, rəqabət mühitinin yaradılmadığını və mübarizə imkanları qalmadığını” bildirir. Ona görə də prosesə əvvəldən qatılmamaq haqda qərar veriblər. Ancaq bununla belə, AXCP-nin də daxil olduğu Milli Şura kütləvi aksiyalar keçirməyi planlaşdırır.

Milli Şura sədri Cəmil Həsənli referendum əleyhinə əsasən sosial şəbəkələrdə, KİV-də təbliğat, daha doğrusu “antitəbliğat” aparacaqlarını deyir. Eləcə də referendum günü ayrı-ayrı vətəndaşlardan, müstəqil müşahidəçilərdən, KİV-lərdən ibarət müşahidə missiyası quraraq, baş verə biləcək pozuntuları toplayacaqlar.

“Qanunun verdiyi bütün imkanlardan istifadə edərək referendum oyununun mahiyyətini açmağa çalışacağıq”, - deyir Həsənli.

REALrəsmisi də ötən həftə AzadlıqRadiosuna müsahibəsində sosial şəbəkələrin gücündən yararlanacaqlarını, yerlərdə görüşlər keçirəcəklərini bildirmişdi.

“MÜQAVİMƏT DAVAM EDİR”, “MÜXALİFƏT NEYLƏSİN?”

Referenduma qarşı çıxanlar təxminən eyni addımları atacaqlarını söyləyirlər. Konstitusiyaya təklif edilən ciddi dəyişikliklərin əleyhinə olan müxalifət bu addımları yetərli sayırmı? Bu yolla seçicilərin dəyişikliklərə “yox” deməsinə nail olacaqlarmı?

Arif Hacılı cavab verir ki, Azərbaycan hakimiyyəti siyasi fəaliyyətlə məşğul olmağa hər hansı imkan tanımır, beynəlxalq birlik qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir, ölkədə “demokratiyanın imitasiyası” dövrü də bitib:

“Açıq-aydın, leqal olaraq avtoritar rejim qurmaq, onu möhkəmlədirmək, ailə hakimiyyəti bərqərar etmək və onun uzunömürlü olmasının əsaslarını qoymaqla məşğuldur. Belə bir ağır şəraitdə biz mümkün addımları atmağa çalışırıq. Ölkədə müqavimət davam edir və biz bunun böyüməsindən ötrü addımlar atacağıq”.

Cəmil Həsənli ötən seçkilərdə səsvermə zamanı yetərincə qanun pozuntularının qeydə alındığını yada salır:

Cəmil Həsənli: Adamın əlində saxta bülleten tutursan...
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00
Direct-ə keçid

“Adamın əlində saxta bülleteni tutursan, karusel briqadalarının məntəqə-məntəqə gəzdiyini lentə alırsan. Amma bunlar hakimiyyətə təsir etmir, təsir mexanizmi yoxdur. 2013-cü il seçkilərində ATƏT-in Varşava bürosu 58 faiz saxtakarlıq müşahidə etdiyini bildirdi. Avropa Şurasının üzv ölkəsində bu rəqəm elan olunanda seçkilərin nəticələri ləğv edilməliydi. Sadəcə olaraq, Azərbaycanda seçki korrupsiyası elə həddədir ki, müşahidə missiyasının qeyd etdiyi pozuntular nəzərə alınmır. Bu halda müxalifət neynəsin?”

MÜHİTİ MÜZAKİRƏ ETMƏK

Ələsgər Məmmədli isə deyir:

Ələsgər Məmmədli: Hansısa bələdiyyə qrupunu qeydiyyata alıb...
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid

“Hansısa “Bələdiyyə” qrupunu qeydə alıb, Müsavat kimi yüzillik partiyanın qrupunu qeydə almırlarsa və ya REAL kimi qrupun yaradılmasından ötrü imza toplanmasına imkan verilmirsə, fəal üzvünü həbs edirlərsə, burda müxalifətin gücünü müzakirə etmək yersizdir, mühiti müzakirə etmək lazımdır”.

Hüquqşünasın qənaətincə, hökumət alternativ düşüncələrə imkan yaratmalıdır ki, siyasi plüralizmi təmin etsin:

“Oyunun hakimi də, komandalardan biri də eyni tərəfdə oynayır.Buna görə qarşı tərəf davamlı olaraq məğlub görünür. Hakim lazım olanda penalti verir və ya qapıçını çıxarır, qarşı komanda da istədiyi qədər qol atır”.

YAP RƏSMİSİ DANIŞMAQ İSTƏMİR

Müxalifətdən fərqli olaraq hakim Yeni Azərbaycan Partiyasının eyni adlı qrupu - “Yeni Azərbaycan” referendumla bağlı təbliğatını apara biləcək. Onunla yanaşı bələdiyyə və QHT-lərin yaratdıqları “Bələdiyyə” və “Vətəndaş cəmiyyəti” qrupları da.

Buna da bax: REAL referendumda iştirakdan imtina etdi

YAP-dan müxaliflərin və hüquqşünasın iradlarına münasibət öyrənmək istədik. Partiyanın bəzi üzvləri, o cümlədən mətbuat xidmətinin rəhbəri istirahətdə olduğundan danışa bilmədiklərini bildirdilər. YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə AzadlıqRadiosunu suallarına cavab vermək istəmədiyini söylədi.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG