Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 12:20

Redaktor həbs olunub


Əfqan Sadıqov
Əfqan Sadıqov

Mayın 13-də saxlanan “Azel TV” saytının baş redaktoru Əfqan Sadıqov həbs edilib.

O, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələbetmə) maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Məlumata görə, o “Xəbərfakt.az” internet portalının baş redaktoru Sakit Muradovla birgə ittiham edilir.

İddiyaya görə, onlar barələrində rüsvayedici məlumatları kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə bu il mayın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək 15 min manat pul tələb ediblər. Baş Prokurorluğun vurğulamasına görə, hər iki şəxs paytaxtın Xətai rayonu ərazisində 10 min manat alarkən saxlanıb:

“Əfqan Sadıqov törətdiyi cinayət əməli ilə bağlı ifadə verməkdən imtina etsə də, digər şübhəli şəxs Sakit Muradov törətdikləri əməli tam etiraf edib”.

Bildirilir ki, Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb ediliblər:

“Ə.Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, S.Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib”

Bu açıqlamaya, hələlik, saxlananlardan və ya vəkillərindən münasibət almaq mümkün olmayıb.

“30 manatdan başqa heç nə tapmayıblar”

Amma Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova isə bildirib ki, mayın 13-də yaşadıqları evdə axtarış aparılıb:

"Əfqanla günorta saat 3-dən əlaqə saxlaya bilmirdim. Axşam isə özlərini təqdim etməyən 6 nəfər evimizdə axtarış aparıblar, 30 manatdan başqa heç nə tapmayıblar. Axtarış aparanlar Əfqana məxsus diskləri aparıblar. Əfqan barədə mənə heç bir məlumat verilməyib".

O, ərinə qarşı irəli sürülən ittihama inanmır. Həmin ittihamlar subuta yetirilmiş sayılarsa şəxsə 10 ilə qədər həbs cəzası verilə bilər.

Xatırlatma

“Azel TV” saytının baş redaktoru Əfqan Sadıqov bundan əvvəl 2016-cı il noyabrın 22-də saxlanmışdı.

Ona Cinayət Məcəlləsinin (CM) 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

O, icra hakimiyyətində bir qadına xəsarət yetirməkdə ittiham edilirdi. Ancaq o, ittihamı qəbul etmir, işi qurama sayırdı.

2017-ci il yanvarın 12-də Cəlilabad Rayon Məhkəməsi onu 2 il yarım müddətinə azadlıqdan məhrum edib. Həmin ilin noyabrında isə Ali Məhkəmə Əfqan Sadıqovun cəza müddətini 2 il yarımdan 1 il yarımadək azaldıb. O, 2018-ci il mayın 23-də azadlığa çıxıb.

Həmin il iyulun əvvəlində isə o, polisin qanunu tələbinə əməl etməməkdə günahlandırılaraq 30 sutka həbs cəzası da almışdı.

Əfqan Sadıqov təkrar azadlığa çıxdıqdan sonra şərləndiyini və polisdə işgəncəyə məruz qaldığını iddia etmişdi. Amma o vaxt onun dediklərinə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmamışdı. Nazirlik polisdə saxlananlara işgəncə verilməsi ilə bağlı şikayətləri, bir qayda olaraq, təkzib edir.

Sosial şəbəkələrdə kəskin tənqidi statuslar və bəzən də ağır ittihamlar paylaşan Əfqan Sadıqov həmin il noyabrın 27-də də İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşının və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq) maddəsi ilə günahlandırılaraq bir ay həbs cəzası almışdı. O onda da ittihamı qəbul etmirdi.

Əfqan Sadiqov bu həbsindən az əvvəl də Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində zorlanma olayının baş verməsi haqqında iddialar paylaşmışdı. Amma Baş Prokurorluq elə bu gün , mayın 14-də həmin iddianı da təkzib edib.

XS
SM
MD
LG