Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:50

REAL Partiyası qanunvericilik təşəbbüsü ilə çıxış edəcək


Respublikaçı Alternativ (REAL) Partiyası devalvasiyalar nəticəsində vurulan zərərin ödənilməsi, ali məktəblərdə ödənişləri növbəti illərdən etibarən dövlətin həyata keçirməsi və Bakıda seçkili mer vəzifəsinin təsis edilməsini nəzərdə tutan qanun layihələrini Milli Məclisə verəcək.

Partiyadan verilən məlumata görə, “40 min imza” kampaniyası fevralın 24-də başa çatdırılacaq: “Toplanmış imzalar qanun layihələri və aidiyyatı əsaslandırma sənədi ilə birlikdə fevralın sonuncu həftəsi ərzində Milli Məclisə göndəriləcək,” mətbuat xidmətinin məlumatında yazılıb.

Partiyadan vurğulanıb ki, ölkə Konstitusiyasının 96-cı maddəsinə (Qanunvericilik təşəbbüsü hüququ) görə, seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisinin müzakirəsinə verdiyi qanun layihələri müzakirəyə çıxarılır və səsə qoyulur.

REAL Partiyası bundan ötrü seçicilərin imzasını toplamaq kampaniyasına 2018-ci ilin noyabrın əvvəlləriində başlayıb.

Xatırlatma

Rəsmi məlumatlara görə, hazırda Azərbaycandakı ali məktəb tələbələrin yalnız 30 faizə yaxını dövlət hesabına təhsil alır. Prezidentin bir neçə gün əvvəl verdiyi sərəncamla bunun yaxın aylarda 45 faizə çatacağı gözlənir.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib, manat dollar qarşısında iki dəfə dəyər itirib.

Hazırda problemli kreditlərin həcminin 1,6 milyard manata yaxın olduğu bildirilir. Dollarla götürülən kreditlərin əvvəlki məzənnə ilə qaytarılması ilə bağlı şikayətə iki dəfə Konstitusiya Məhkəməsi baxsa da bunu düzgün saymayıb.

Hələ illər öncə isə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanın paytaxtı Bakı şəhərinin başçısının seçki yolu ilə müəyyənləşdirilməsi ilə bağlı tövsiyə verib.

Ancaq Azərbaycan rəsmiləri, hələlik, bu tövsiyəyə soyuq yanaşırlar.

XS
SM
MD
LG