Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:29

Real data COVID-19 vaksinlərinin effektini göstərir


Sarayevoda vaksin növbəsi
Sarayevoda vaksin növbəsi

Mayın 21-dən Quanqjouda 100-dən çox yoluxma aşkarlanıb

Cənubi Amerikada yerləşən Uruqvay COVID-19-a qarşı vaksinlərin effektini göstərən real datanı açıqlayıb.

Hökumətin iyunun 8-də yaydığı hesabatda deyilir ki, Çinin Sinovac vaksini ölümləri 95, reanimasiyaya yerləşdirmələri isə 92 faiz azaldır. Vaksin həm də COVID-19-un önlənməsində 62 faiz effekt ortaya qoyub.

800 minədək peyvənd olunmuş şəxs

Vaksinin effektini müəyyənləşdirmək üçün Sinovac-ın ikinci dozasını qəbul etmiş 800 minədək şəxsin durumu peyvənd olunmayanlarla müqayisə edilib.

Hökumət həmçinin Pfizer/BioNTech vaksininin reanimasiyaya yerləşdirmələr və ölüm halların qarşı 94 effektli olduğunu, yoluxmaları isə 78 faiz azaltdığını aşkarlayıb.

İndiyədək ölkə əhalisinin 52 faizinə Sinovac, Pfizer/BioNTech, yaxud AstraZeneca vaksinlərinin azı bir dozası vurulub. Əhalinin 29 faizi tam peyvəndlənib.

Daha öncə vaksinasiya üzrə lider ölkə sayılan İsrail Pfizer/BioNTech vaksininin yoluxma, ölüm və xəstəxanaya yerləşdirmələrin azalmasından yüksək səviyyədə effektli olduğunu bildirmişdi.

Baydenin hədəfi

Bu arada Birləşmiş Ştatlarda Prezident Co Baydenin vaksinasiya üzrə hədəfinə çatılmaya bilər. Bayden 4 iyul – Müstəqillik Gününə qədər əhalinin 70 faizinə vaksinin azı bir dozasını vurmağı hədəfləyir.

Bu hədəfdən ötrü növbəti dörd həftə ərzində 15.5 milyon nəfərə azı bir doza vurulmalıdır. Amma gündəlik vurulan doza sayı 400 min nəfərə düşüb. İki ay öncə bu rəqəm günə 2 milyona yaxın idi.

Gündəlik peyvəndləmə göstəricisinin azalması isə əhali arasında tərəddüd, bəzilərinin peyvənddən birbaşa imtinasıyla bağlıdır.

Bayden administrasiyası elan edib ki, Kanada, Meksika, Avropa Birliyi və Britaniya ilə işçi ekspert qrupu yaradıb, 15 aylıq qadağalardan sonra səyahətin təhlükəsiz bərpası müəyyənləşdiriləcək. Məlumatı Ağ ev yayıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) isə 110 ölkə və əraziylə bağlı səyahət tövsiyələrini yüngülləşdirdiyini bildirib. Amma COVID-19-dan dolayı səyahət qadağaları ləğv olunmayıb.

Çin

Çinin cənubundakı Quanqjou şəhərində qapalı əyləncə yerləri bağlanıb. Hakimiyyət koronavirusun yeni dalğasını önləməyə çalışır.

Şəhərdə yoluxmaların aşkarlandığı yaşayış yerləri təcrid olunub. Sakinlərin şəhərdən və ətraf Quanqdonq vilayətindən vacib olmayan hallarda çıxması yasaqlanıb. Rəsmilər hazırda şəhərin 10 milyon sakinini test edirlər.

Mayın 21-dən Quanqjouda 100-dən çox yoluxma aşkarlanıb.

Çin indiyədək kəskin tədbirlər və kütləvi testlər vasitəsilə lokal yayılmaların kökünü kəsib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG