Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:07

REAL 41 min imza topladığını açıqladı


İ.Məmmədov
İ.Məmmədov

REAL Partiyası üç təşəbbüs üzrə iki qanun layihəsi hazırlayıb və yaxın günlərdə qanun layihələrini Milli Məclisə təqdim edəcək.

REAL Partiyasının sədri İlqar Məmmədov bunu fevralın 28-də keçirdiyi mətbuat konfransında bildirib. Onun deməsinə görə, qanunvericilik təşəbbüsü ilə çıxış etməkdən ötrü lazım olam imzalar da toplanıb. O deyib ki, ölkədə 2015-ci ildə baş verən devalvasiyalardan sonra yaranan problemli kreditlərin həlli və təhsilin pulsuz olması ilə bağlı təkliflər bir qanun layihəsi şəklində hazırlanıb. Bakı şəhər başçısının seçkilər vasitəsilə seçilməsinə dair qanun layihəsi isə ayrıca hazırlanıb.

«Konstitusiyaya görə, bunun üçün 40 min imza toplanması tələb edilir. REAL isə 2018-ci il noyabrın sonlarından üç ay ərzində davam edən imzatoplama kampaniyasında 41min 658 imza toplayıb və yaxın günlərdə imzalar qanun layihələri ilə birgə Mili Məclisə təqdim olunacaq», - İ.Məmmədov əlavə edib.

REAL sədri deyib ki, problemli kreditlərin həllini vətəndaş-bank-iş adamları üçlüyü çərçivəsində görürlər. Onun fikrincə, buna gücü çatmayanların kreditlərini isə dövlət öz hesabına silməlidir.

Partiya sədri hesab edir ki, əhalinin indiki yaşayış səviyyəsində ali məktəblərdə təhsilin pullu olması düzgün deyil.

Bakı meri seçkilərinə gəlincə, REAL sədri əlavə edib ki, bu, Azərbaycanın 2001-ci ildə Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərdən biridir.

«İndi söz Milli Məclisindir, biz imzaları və qanun layihələrini yaxın günlərdə Milli Məclisə təqdim edəcəyik. Yaxın iki ay ərzində bizə ya müsbət və ya mənfi cavab verməlidir»,-deyə İ.Məmmədov bildirib.

Xatırlatma

Rəsmi məlumatlara görə, hazırda Azərbaycandakı ali məktəb tələbələrin yalnız 30 faizə yaxını dövlət hesabına təhsil alır. Prezidentin bir neçə həftə əvvəl verdiyi sərəncamla bunun yaxın aylarda 45 faizə çatacağı gözlənir.

2015-ci ildə ölkədə iki dəfə devalvasiya baş verib, manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib. Hazırda problemli kreditlərin həcminin 1.6 milyard manata yaxın olduğu bildirilir. Lakin elə bu gün, fevralın 28-də prezident İlham Əliyev fiziki şəxslərin problemli kreditlərinin həllinə dair fərman imzalayıb. Fərmana görə, 10 min dollar qədər kredit borcu olan şəxslərə devalvasiyadan sonra dəyən ziyanı, əsasən, dövlət ödəyəcək.

Hələ illər öncə isə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanın paytaxtı Bakı şəhərinin başçısının seçki yolu ilə müəyyənləşdirilməsi ilə bağlı tövsiyə verib. Ancaq Azərbaycan rəsmiləri, hələlik, bu tövsiyəyə soyuq yanaşırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG