Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:42

REAL-ın təşəbbüsünü kim niyə tənqid edir


A.Qasımlı
A.Qasımlı

REAL Partiyası Bakıda seçkili mer vəzifəsinin təsis olunması, devalvasiya nəticəsində banklara borcu olanlara dəyən zərərin ödənilməsi, pulsuz təhsillə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edir. Bu məqsədlə 40 min imza toplamalıdır. Partiyanın Ali Məclis başqanı Azər Qasımlı AzadlıqRadiosuna artıq 12 minlik imza vərəqinin götürüldüyünü, dekabrın ortalarına qədər gərəkli 40 min imzanın toplanacağını bildirir. Onun sözlərinə görə, öz təşəbbüsü ilə imzatoplama kampaniyasına qoşulanlar da çoxdur.

Bəxtiyar Hacıyev: «Sıradan vətəndaşın arzuları səviyyəsindən o yana keçmir»

REAL-ın bu təşəbbüsünü dəstəkləyənlərlə yanaşı, tələsik hazırlandığını söyləyənlər də var.

Siyasi fəal Bəxtiyar Hacıyev pulsuz təhsillə bağlı təklifi dəyərləndirərkən sıradan bir vətəndaşın arzuları səviyyəsindən o yana keçmədiyini, iqtisadi və hüquqi baxımdan əsaslandırılmadığını, hərtərəfli işlənmədiyini bildirir. O, fikrini əsaslandırmaq üçün bir məqama toxunur, bununla bağlı qanun layihəsində sadəcə, 2019-cu ilin dövlət büdcəsinə dəyişikliklər edilməsinin nəzərdə tutulduğunu deyir:

B.Hacıyev
B.Hacıyev

«Yaxın müddətdə REAL 40 min imzanı toplayaraq parlamentin müzakirəyə çıxarmasına nail olsa və bir neçə oxunuşdan sonra qəbul edilsə, prezident də bunu təsdiqləsə, sadəcə olaraq o təklifdə 2019-cu ildə ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqqının ödənməsindən söhbət gedir. 2020, 2021-ci illərdə və ya ondan sonrakı illərdə ödənişi təhsil alan tələbələrlə bağlı layihədə heç nə deyilmir. REAL bu təklifini verəndə qeyd edir ki, cəmiyyət ədalətsiz ola bilər, amma dövlət ədalətsiz olmamalıdır. Amma bu təşəbbüs özü ədalətsizdir, çünki o, sadəcə 2019-cu ildə ödənişli təhsil alan tələbənin təhsil haqqının ödənilməsini nəzərdə tutur».

Paytaxt Bakıda mer seçkisinə toxunan B.Hacıyev deyir ki, mer seçilməsi üçün ilk növbədə Konstitusiya dəyişməlidir, sadəcə qanun qəbul etməklə məsələ bitmir: «Maraqlıdır, Konstitusiyanın 124-cü maddəsində yerli icra başçılarının prezident tərəfindən təyin olunduğu yazılır. Seçkili mer (REAL layihəsində mer yerli icra başçısı kimi təqdim olunur) üçün Konstitusiya dəyişməli deyil ki? REAL-ın qanun layihəsi təklifinə baxmışam, ancaq mənə bələdiyyə, icra hakimiyyəti arasında çox çiy ideya kimi göründü».

B.Hacıyev devalvasiyaya görə banklara borclu olanların zərərinin dövlət tərəfindən ödənilməsini də «həvəskar şəkildə hazırlanmış qanun layihəsi» adlandırır.

F.Mehdiyev
F.Mehdiyev

Fərhad Mehdiyev: «Belədirsə, bu, yaxşı hazırlanmış təklif deyil»

Hüquqşünas Fərhad Mehdiyevsə qanun layihəsi ilə tanış olmasa da, ilk dəfədir xalqın adından qanunvericilik təşəbbüsü ilə çıxış edildiyini bildirir. Və bunu «maraqlı addım» kimi qiymətləndirir. Bununla belə, qeydlərini də bölüşür. Hüquqşünas ali təhsilin ödənişsiz olması ilə bağlı təklif haqqında deyir ki, mühüm olan təhsilin keyfiyyətinin artırılmasıdır.

F.Mehdiyev Bakı şəhərinə mer seçilməsini gözəl təşəbbüs saysa da, layihədə icra başçısının seçilməsindən danışıldığını deyir və sual edir ki, icra başçısı ilə bələdiyyə başçısının səlahiyyətləri arasında bölgü necə aparılacaq?

«Yox əgər söhbət Bakıda icra hakimiyyətinin ləğvindən gedirsə, bu halda Konstitusiya dəyişməlidir. Belədirsə, bu, yaxşı hazırlanmış təklif deyil. Amma icra hakimiyyətini saxlamaqla, onun səlahiyyətlərini azaltmaqla təklifi qanuni etmək olar, Konstitusiya dəyişikliyinə ehtiyac qalmaz», – o bildirir.

Ancaq hüquqşünas Bakı kimi böyük şəhərlərdə seçkili qurumun fəaliyyət göstərməli olduğunu, bu halda şəffaflıq, hesabatlılıq artmaqla yanaşı, xidmətin keyfiyyətinin də artacağını vurğulayır.

Hüquqşünas devalvasiyadan sonra kredit borclarının köhnə məzənnə ilə ödənilməsi təklifinə isə dəstək verir. F.Mehdiyevin sözlərinə görə, vətəndaş kredit götürəndə dolların məzənnəsinin dəyişməyəcəyinə söz verilmişdi, ona görə də həmin şəxslər sonradan məhkəməyə çıxaraq müqaviləni ləğv etdirə bilərdilər. O hesab edir ki, məsələnin ən ədalətli həlli borcun köhnə məzənnə ilə ödənilməsidir, ancaq bankların də zərəri kompensasiya olunmalıdır.

A.Mollazadə
A.Mollazadə

Deputat: «Şərh etmək istəmirəm»

Deputat Asim Mollazadə deyir ki, hansısa partiyanın addımlarını şərh etmək istəmir.

«Nə vaxt parlamentə göndərərlər, onda da danışarıq», – deyə söhbəti bitirir.

Hakim Yeni Azərbaycan Partiyasından deputat Şəmsəddin Hacıyevdənsə bir məsələyə - kredit borclarına görə dəyən zərərin ödənilməsi haqda təklifə münasibət öyrənmək mümkün olur. O, belə təşəbbüsdən xəbərsiz olduğunu deyir.

«Buna Konstitusiya Məhkəməsində də baxıldı. Kredit götürülməsi və qaytarılması müqavilələrə əsasən, yəni onu alanla kredit verən arasında bağlanmış müqavilə əsasında tənzimlənir. Yəni bu məsələ qanunvericilik bazasına əsasən həll olunmalıdır. O ki qaldı silinmək məsələsinə, bu, artıq dövlətin özünün apardığı siyasətdən asılıdır», – deputat deyir.

Erkin Qədirli: «Daha çox siyasət məsələsidir, sadəcə hüquqi don geydirilib»

REAL İdarə Heyətinin üzvü, partiyanın xarici əlaqələr katibi Erkin Qədirli layihələri sayta yerləşdirdiklərini və tənqidə açıq olduğunu vurğulayır. «Burda çatışmazlıq yoxdur demirəm», - söyləyərək tənqidlərə cavab verir. O proses yekunlaşmadığından bütün «xoşniyyətli» tənqidləri və təklifləri dinləməyə hazır olduqlarını qeyd edir.

E.Qədirli
E.Qədirli

Konkret tənqidlərlə bağlı E.Qədirli deyir ki, bütün təkliflərlə və onlar haqqında səslənən iradlarla bağlı tədricən, kampaniya boyunca izahat veriləcək, «kartları indidən niyə açaq» deyə sual edir. Onun fikrincə, kampaniyanın başlanğıcında bütün suallara cavab verilsə, maraqsızlaşacaq.

E.Qədirlinin sözlərinə görə, bu təkliflər «daha çox siyasət məsələsidir, sadəcə, hüquqi don geydirilib». O, fikrini belə izah edir: «Sadəcə, hüquq çərçivəsində təklif vermişik. Eyni zamanda, iqtidarın da niyyətini və hazırlığını yoxlamağa çalışırıq. Bunun siyasi riski yoxdur, müzakirə edirik».

REAL təmsilçisi partiyanın təşəbbüslə çıxış etdiyi eyni vaxtda hökumətin də həmin problemlərə toxunduğunu deyir: «Maliyyə Nazirliyi, Təhsil Nazirliyi Milli Məclisdə imkansız tələbələr üçün dövlət hesabına ali təhsilin artırılması haqqında danışdılar. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı çoxdandır təyin edilmirdi, o təyin olundu. Yəni mən demirəm ki, bunlar birbaşa bizim təşəbbüslərlə bağlıdır. Ancaq maraqlıdır ki, üst-üstə düşdü».

İmzatoplama kampaniyası dekabrın ortalarında başa çatmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG