Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Qeydiyyat ünvanında yaşamayanlar niyə indi yada düşür?


500 min sənədsiz evlə bağlı qərar gözlənir
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

500 min sənədsiz evlə bağlı qərar gözlənir (Arxiv. 2021)

Kəlbəcər rayonunda qeydiyyatda olan jurnalist Fərid İsmayılov Binəqədi rayonu Sulutəpə qəsəbəsində doğulub və orada yaşayır. Deyir ki, bəzən işdən gec çıxanda Sulutəpədəki evinə gedə bilmir. Buna görə də, xaricdə yaşayan dostu ilə razılığa gəlib ki, onun boş qalan evinə həm nəzarət etsin, həm də bəzən orda gecələsin: "Dostumun Nəsimi rayonunda evi boşdur. O evdə yaşamıram, ayda dörd-beş gün qalıram. Ev sahibinin qohumu da mənim dostumdur. Sahə müvəkkili həmin qohuma deyib ki, "sizin evdə, deyəsən, yaşayış var, o kimdirsə, gəlsin qeydiyyata düşsün". O da bildirib ki, "bizim evdə yaşayış yoxdur, sadəcə açarı bir nəfərdə var". Getdim sahə müvəkkilinin yanına. O, çatar-çatmaz dedi, "sən o evə nə qədər pul ödəyirsən?". Dedim, "nə pul? Dostumun evidir, pul vermirəm". Dedi, "yox, sən ora pul verirsən, adam mənə etiraf edib. Buna görə sənə cərimə yazıram"".

İsmayılovun sözlərinə görə, sahə müvəkkili ona öncədən xəbərdarlıq etməyib: "Dedi, "sən bundan sonra o evə yenə gedib-gəlsən, mən səni hər 10 gündən bir bu maddə ilə cərimə edəcəm". Soruşuram ki, "yaxşı, bu hadisənin bir də başıma gəlməməsi üçün nə etməliyəm?". Deyir, "deyə bilmərəm"".

Fərid İsmayılov yanvarın 13-də İnzibati Xətalar Məcəlləsinin 563.1 maddəsi ilə cərimə olunub. Bu maddədə deyilir ki, vətəndaşa yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq olunur və ya 30 manat məbləğində cərimələnir.

"Qeydiyyatda olduğum ünvanda yaşamağımı istəyirlərsə, problem deyil, məni göndərsinlər Kəlbəcərə", – bunu AzadlıqRadiosuna qanunsuz cərimələndiyini düşünən jurnalist deyir.

Kəlbəcər rayonu 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarətinə qaytarılıb. İşğaldan azad olunmuş digər rayonlar kimi, Kəlbəcərə də əhalinin tammiqyaslı qayıdış planı gerçəkləşməyib.

Rayonlarda işsizlik: 'Qarnımıza çörək yemirik'
Gözlə

No media source currently available

0:00 0:05:33 0:00

Yeni, ya köhnə qanun?

Son günlərdə aktyor Bəhram Bağırzadənin "rayondan gələnlərin Bakıya uyğunlaşa bilməməsi" sözlərinin sosial şəbəkələrdə yaratdığı müzakirələr fonunda "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun icrası da diqqət mərkəzinə gəlib. Belə ki, Daxili İşlər Nazirliyi (DİN) məlumat yayaraq bildirib ki, yaşayış yerindən kənarda 60 gündən artıq qalmaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində polisə məlumat verməlidir. Əks halda, inzibati məsuliyyətə cəlb olunaraq xəbərdarlıq ediləcək və 30 manat cərimələnəcək.

Ötən ilin sonunda isə yerli mediada Bakıda DİN-in reyd keçirməsi ilə bağlı xəbər yayılıb. Məlumata görə, rayon polis əməkdaşları sakinlərin yaşayış qeydiyyatını yoxlayıb və yaşadığı ünvanda qeydiyyatda olmayanlara xəbərdarlıq olunub.

Bugünlərdə həm sosial şəbəkələrdə, həm də mediada "Yaşayış yeri üzrə qeydiyyatda olmayanlar cərimə olunacaq" məzmunlu paylaşımlara, xəbərlərə rast gəlinib. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi rəsmi Facebook səhifəsində 2019-cu ildən bəri bu haqda paylaşımlar edir, şərhlərdə isə vətəndaşların qeydiyyata düşmək və prosedur haqda suallarını görmək olar.

R.Mustafayev
R.Mustafayev

1997-ci ildən qüvvədə olan qanunun uzun müddət tətbiq olunmadığını deyən hüquqşünas Ruslan Mustafayev hesab edir ki, onun yenidən gündəmə gəlməsinin səbəblərindən biri böyük şəhərlərdə əhali sıxlığıdır: "Digər məsələ nəzarətdir. Tutaq ki, Gəncə qeydiyyatında olan şəxslər var ki, faktiki olaraq uzun müddət Bakıda yaşayırlar. Sonra hər hansı bir hadisə ilə bağlı dövlət orqanları, hüquq-mühafizə orqanları qeydiyyat yerinə məktub göndərirlər, orda axtarış aparırlar. Amma həmin şəxsi tapa bilmirlər. Azərbaycan ərazisində həmin şəxsin axtarılması, tez bir zamanda tapılması qeyri-mümkün, ağır bir prosesə dönür".

Hüquqşünas xarici ölkələrdə də bu təcrübənin olduğunu deyir.

Dünya təcrübəsi

Rusiya Federasiyasının vətəndaşı bir yerdən digər yerə köçəndə 90 gün ərzində qeydiyyata düşməlidir. Əks halda, Moskva və Sankt-Peterburq şəhərində vətəndaş 3 min rubldan (43 dollar) 5 min rubla (72 dollar) qədər, digər regionlarda isə 2 min rubldan (29 dollar) 3 min rubla (43 dollar) qədər cərimə oluna bilər. Rusiyada buna görə ev sahibi də 2 min rubldan 7 min rubla (101 dollar) qədər cərimə olunur.

Qazaxıstanda yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşları 21 min tenqe (45 dollar) cərimə gözləyir.

Finlandiyada qeydiyyatda olduğun ərazidən kənara 3 aydan çox müddət üçün müvəqqəti qalmağa belə gedəndə qeydiyyata düşmək tələb olunur.

C.Həsənli
C.Həsənli

"Cəriməni əhalinin belinə yükləməklə büdcəyə əlavə vəsait toplanacaq"

Ancaq Azərbaycanda illərlə qüvvədə olan qanunun sanki indi yada düşməsi birmənalı qarşılanmayıb. Müxalifət partiyalarının birləşdiyi Milli Şuranın sədri Cəmil Həsənli öz Facebook səhifəsində yazır ki, bununla hökumət vətəndaşlara nəzarəti qanuniləşdirir: "Niyə hökumət buna gedir? Əlbəttə, ilk növbədə əhalinin yerdəyişməsi nəzarət altına alınır. Vətəndaşları izləməyin "qanuni" əsaslarını əldə edir. ...Bundan başqa, bu dəyişiklik kütləvi rüşvətxorluğa yol açır. Polis orqanları üçün əlavə rüşvət yerlərini təmin edir. Qeydiyyat pulsuzmu olacaq? Yəqin ki, yox. Deməli, vətəndaş həm də qeydiyyat rüsumu ödəməli olacaq. Əlbəttə, burada bir məqsəd də rayonlardan Bakıya axının qarşısını almaqdır. Amma bu, regionların sosial - iqtisadi inkişafı hesabına olmalıdır. Son 15 ildə regionların sosial-iqtisadi inkişafı adı altında 70 milyard dollar ətrafında vəsait xərclənsə də, ortada bir şey yoxdur. Region əhli iş, çörək, dolanışıq tapa bilmir, 5-10 manat qazanc dalınca Bakıya gəlməli olur".

N.Cəfərli
N.Cəfərli

"SSRİ-nin qılıncı qarşısını ala bilmədi"

İqtisadçı ekspert Natiq Cəfərli isə keçmiş SSRİ Moskvasını yada salır. Belə ki, sovet dövründə bütün iqtisadi fürsətlər, iş yerləri Moskvada olduğundan paytaxta güclü axın vardı, qadağa və qapanmalara baxmayaraq, hər il əhalinin sayı 200-250 min artırdı. İqtisadçı Bakıda qeydiyyatsız yaşayan ən azı 600-700 min adamın cərimələnməsini mümkün saymır: "Adamlar Bakıya kefindən gəlmir. Hökumətin borcudur ki, regionlarda iqtisadi fürsətlər yaratsın, iş yerləri qursun, infrastrukturu yaxşılaşdırsın. Söhbət təkcə kommunal infrastrukturdan getmir, regionlarda teatr yox, kino yox, iş yerləri yox. Camaat ona görə Bakıya gəlir. Bakının yükünün azaldılması vacibdir. Amma bu, iqtisadi, sosial və hüquqi yollarla gerçəkləşdirilməlidir, zorla və ya qadağalarla deyil".

Bəzi müşahidəçilər qeydiyyat məsələsinə nəzarətin güclənməsinin bir səbəbini də hökumətin iqtisadiyyatı "ağartmaq", paytaxtda müqaviləsiz, sənədsiz işləyənləri müəyyənləşdirmək cəhdində görürlər.

E.Hacıyev
E.Hacıyev

"Polis əməkdaşları tərəfindən reyd aparılmır"

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev AzadlıqRadiosuna bildirib ki, polis əməkdaşları Bakıda yaşayış yeri və qeydiyyat məsələsi ilə bağlı reyd keçirmir: "Xüsusi olaraq polisə hansısa göstəriş, tapşırıq verilməyib. Bu qanun 1998-ci ildən Azərbaycan Respublikasında icra olunur".

Vətəndaşın qeydiyyata düşməməsi necə müəyyənləşir, cərimə necə tətbiq olunur? AzadlıqRadiosunun bu suallarını Hacıyev belə cavablandırıb: "Əgər ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən vətəndaşın yaşadığı ünvan üzrə qeydiyyatı aparılmayıbsa, ona inzibati qanunvericiliyə uyğun xəbərdarlıq oluna, yaxud cərimə tətbiq edilə bilər".

DİN yanvarın 17-də yaydığı açıqlamasında yaşayış yeri üzrə qeydiyyatı zəruri edən səbəblər kimi hərbi səfərbərlik, sosial müavinət, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar müraciətlərə baxılarkən vətəndaşı tapmaqda çətinlikləri göstərir.

Bu arada bəzi sosial media istifadəçiləri bpqmi.gov.az saytında e-qeydiyyat bölməsinin işləməməsindən gileylənir, bu halda qeydiyyatdan necə keçə biləcəklərini sual edirlər.

Qeydiyyatda olduğu Kəlbəcər rayonunda yaşamadığına görə cərimələnən jurnalist Fərid İsmayılov isə bununla bağlı DİN-ə şikayət etdiyini bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG