Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:56

Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən saxlanıb


M.Ə.Rəsulzadənin Novxanıda heykəli
M.Ə.Rəsulzadənin Novxanıda heykəli

Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli sayılan şəxsin saxlandığı deyilir.

Bu barədə Novxanı kənd bələdiyyəsindən bildiriblər.

Bələdiyyədən ad çəkməsələr də, olaydan təəssüfləndiklərini vurğulayıblar.

Bu deyilənləri polisdən də təsdiq ediblər.

Ancaq saxlanan şəxsin ittihama münasibəti açıqlanmır.

Novxanı kəndindən verilən məlumata görə, hadisə yanvarın 15-nə keçən gecə baş verib. M.Ə. Rəsulzadənin Novxanı kəndində doğulduğu və hazırda uşaq bağçası kimi fəaliyyət göstərən evinin önündə yerləşən misdən hazırlanmış barelyefin oğurlandığı aşıqlanmışdı. Həmin barelyef 1992-ci ildən Rəsulzadələr ailəsinin keçmişdə yaşadığı binanın divarına vurulmuşdu.

Ötən illərdə bəzi ictimai simalar dəfələrlə rəsmi qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış etmişdilər. Rəsulzadənin doğulduğu həmin kənddə heykəli də var.

Xatırlatma

M.Ə.Rəsulzadə 1918-1920-ci illərdə mövcud olan və Rusiyanın silahlı müdaxiləsi ilə süqut edən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biridir.

2018-ci ildə ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elən edilsə də, bəzi ekspertlər və müxalifət hesab edir ki, Rəsulzadəyə ögey münasibət var.

Onlar son illər Bakı Dövlət Universitetindən və başqa bəzi yerlərdən M.Rəsulzadənin büstlərinin götürülməsini buna misal göstərirlər.

Müxalifətin fikrincə, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) bir çox aparıcı simalarının kommunist keçmişi Rəsulzadəyə layiqli qiymətə imkan vermir. Hərçənd, YAP rəsmiləri belə fikirləri qəbul etmirlər.

M.Ə.Rəsulzadə Azərbaycanın işğalından sonra mühacirətə üz tutub. Onun ailə üzvləri repressiyalara məruz qalıb. Rəsulzadə şahidlərin deməsinə görə, 1955-ci ildə Türkiyədə son nəfəsində “Azərbaycan” deyərək dünyadan köçüb.

1991-ci ildə Azərbaycanın təkrar müstəqillik qazanması ilə ölkənin bir sıra yerlərində ona heykəl və büstlər qoyulmuşdu.

XS
SM
MD
LG