Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 05:04

Aparat rəhbəri məhkəmədə ifadə verib


O qeyri-yaşayış sahələrinin qanunsuz söküntüsünə  səbəb olmaqda şübhəli sayılır

Bu gün, avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

O, Dilarə Əliyeva küçəsi 141-də ofis, yaşayış binasının tikilməsinə dair sərəncam imzalamaqla orada 1893-cü ildə inşa edilən yerli əhəmiyyətli tarix, mədəniyyət abidəsi kimi qorunan yaşayış evini nəzərə almamaq və ayrı-ayrı fiziki şəxslərin mənzillərinin, qeyri-yaşayış sahələrinin qanunsuz söküntüsünə səbəb olmaqda şübhəli sayılır.

İttihamda başqa məsələlər də yer alır.

Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verilib.

Rasim Quliyev özünü təqsirli bilmədiyini deyib.

Rasim Quliyev məhkəmədə ifadə verib.

O, 2018-ci ildə Hacıbala Abutalıbovun baş nazirin müavini vəzifəsinə təsdiq edilməsindən sonra BŞİH-nin fəaliyyətinə rəhbərlik etməyə başladığını bildirib.

Quliyev qeyd edilən sərəncama münasibətdə bunları bildirib:

"Həmin sənədlər mənim qarışma gələndə artıq bütün hüquqi işlər aparılmışdı. Mən həmin yaşayış yerinin harada olduğunu belə bilmirdim. Sərəncamı da mən yazmırdım. Mən sərəncam imzalayana qədər orda bütün işlər aparılmışdı”.

Təqsirləndirilən şəxs ifadəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə ittihamla da razılaşmadığını bildirib.

Növbəti proses avqustun 30-a təyin edilib.

Rasim Quliyev kimdir?

Rasim Quliyev bu ilin martında həbs edilib. O, hakim Yeni Azərbaycan Partiyasının üzvü olub.1970-ci ildə Şahbuz rayonunda doğulub.

Azərbaycan Dövlət Neft Akademiyasini bitirib. 1996–2001-ci illərdə "Səs" qəzetində çalışıb.

2000-ci ildə 29 saylı Səbail Seçki Dairəsinin sədri olub.

2001-ci ildən BŞİH-də işə başlayıb. 2018-ci ildə orada Aparat rəhbəri işləyib. Həmin il də ərizəsi ilə işdən çıxdığı qeyd edilir.

2015-ci ildə Prezident onu "Dövlət qullugunda fərqlənməyə görə" medalı ilə təltif edib.

XS
SM
MD
LG