Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Ölkədən çıxışına qadağa olduğunu deyən yazıçı baş prokurora üz tutub


Rasim Qaraca
Rasim Qaraca

“Siyasi mövzuda olmayan 2 məqaləyə görə 3 il müddətində ölkədən çıxışıma qadağa qoyulması ədalətsizlikdir, hüquqlarımın kobud şəkildə pozulmasıdır”.

3 ildir, Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirən yazıçı Rasim Qaracanın baş prokuror Zakir Qaralova açıq məktubunda belə yazılır.

10 kitab müəllifi olan Rasim Qaraca məktubunda vurğulayıb ki, 2015-ci ildə Meydan TV saytında ədəbiyyat mövzusunda dərc edilən 2 yazısına görə adı sözü gedən qurumla bağlı açılan cinayət işinə salınıb və ölkədən çıxışına qadağa qoyulub.

Qaraca baş prokurora məktubunda yazıb: “Nəzərinizə çatdırıram ki, yazılardan biri başqa saytdan götürülərək yayınlanıb. Bu yazıya görə Meydan TV-dən heç bir qonorar almamışam və siyasi fəaliyyətlə məşğul deyiləm. Siyasi mövzuda olmayan cəmi 2 məqaləyə görə 3 il müddətində bu şəkildə “cəzalandırılmağım” ədalətsizlikdir, hüquqlarımın kobud şəkildə pozulmasıdır. Bunun bir yanlışlıq olduğuna və sizin göstərişinizlə aradan qaldırıla biləcəyinə inanıram”.

Rasim Qaraca baş prokurorun diqqətinə çatdırıb ki, mayın 14-dən 19-dək Tbilisdə düzənlənəcək beynəlxal ədəbiyyat festivalına dəvət olunub. O xahiş edib ki, festivala qədər məhdudiyyətin aradan qaldırılmasına göstəriş verilsin.

Bu müraciətə, hələlik, Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Rasim Qaraca 2001-ci ildə yaradılmış Azad Yazarlar Ocağının (AYO) qurucularındandır. Həmin birlikdə əsasən Azərbaycan Yazıçılar Birliyindən narazı olan yazıçı və şairlər təmsil olunur.

2001-2008-ci illərdə AYO-ya rəhbərlik edən Rasim Qaraca həm də ədəbiyyat-sənət bülleteni olan "Alatoran" müstəqil jurnalının rəhbəridir.

Qaracanın ölkədən çıxışına 3 il əvvəl, 2015-ci ildə xaricdən yayımlanan “Meydan TV” ilə bağlı açılan cinayət işinə görə qadağa qoyulduğu bildirilir.

Meydan TV-nin bəzi rəhbər işçiləri ilə bağlı cinayət işinin qaldırıldığı 3 il əvvəl açıqlanmışdı.

O zaman Meydan TV-nin rəhbəri Emin Milli demişdi: “Artıq bəlli olub ki, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır”.

Baş prokurorluğun bu cinayət işi ilə bağlı bir neçə jutnalistə də ölkədən çıxış qadağası qoyduğu deyilir. Həmin jurnalistlər prokurorlugun bu qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər.

Hazırda həmin şikayətlər araşdırılır.

XS
SM
MD
LG