Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:51

"Məhkəmələr Səhiyyə Nazirliyindən niyə qorxur?" - Jurnalistin ölümü


Jurnalistin ölümündə təqsirkar bilinənlərin yaxınları aşağı instansiya məhkəməsinin hökmündən sonra
Jurnalistin ölümündə təqsirkar bilinənlərin yaxınları aşağı instansiya məhkəməsinin hökmündən sonra

►Jurnalistin ölüm işi üzrə apellyasiya məhkəməsi başlanır

“Rasim Əliyevin ölümündə əsas günahkar həkimlərdir. Amma məhkəmə onları çağırıb dindirmədi. Başa düşə bilmirəm, istintaq orqanı, məhkəmələr Səhiyyə Nazirliyindən niyə qorxur? MTN-də nə baş verdiyini gördünüz də..."

Bunu jurnalist Rasim Əliyevi döyüb öldürməkdə təqsirləndirilən beş nəfərdən dördünün vəkili Şəmsəddin Quliyev məhkəmədə çıxışında deyib.

“SÜBUTLAR DÜZGÜN QİYMƏTLƏNDİRİLMƏYİB”

Mayın 27-də Bakı Apellyasiya Məhkəməsində jurnalistin ölümü ilə bağlı ilkin baxış iclası keçirilib. Həm təqsirləndirilən şəxslər və onların vəkilləri, həm də zərərçəkmiş - mərhum jurnalistin anası Teyfurə Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinin bu iş üzrə hökmündən narazı qalaraq apellyasiya şikayəti veriblər.

Zərərçəkmişin nümayəndəsi Fariz Namazlı işin təkrar araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması haqda vəsatət verib. Vəkil bunu həkimlərin məsuliyyətdən kənarda saxlanması ilə izah edib:

"Bu iş üzrə istintaqın sonunda sübutlar düzgün qiymətləndirilməyib, ittiham aktı qanuna zidd tərtib olunub. Sübutların qiymətləndirilməsinə dair qərarda həkimlərlə bağlı cinayət təqibinə xitam verilib. Biz bu məsələni birinci instansiya məhkəməsində qaldıranda hakimlər bildirdilər ki, "onunla bağlı ayrıca məhkəmə nəzarəti qaydasında şikayət verin". Halbuki, buna həmin məhkəmə özü baxıb qiymət verməli idi. Amma yenə də biz məhkəmə nəzarəti qaydasında şikayət verdik və Səbail Rayon Məhkəməsi onu geri qaytardı. Beləliklə, həkimlərin məsuliyyəti məsələsi məhkəmə tərəfindən araşdırılmamış qaldı. Ona görə də xahiş edirik, yenidən araşdırma aparılması üçün işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarasınız".

Rasim Əliyevin döyülməsi videosu yayıldı

Rasim Əliyevin döyülməsi videosu yayıldı
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

EYNİ MÖVQE

Təqsirləndirilən şəxslərin vəkilləri də vəsatəti müdafiə edib.

"Nadir hallarda olur ki, müdafiə tərəfilə zərərçəkmiş tərəfin mövqeyi üst-üstə düşür. həkimlərin cəzalandırılması məsələsində də mövqeyimiz eynidir. Rasim Əliyev həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişib və bu məsələ araşdırılmalıdır", - Kənan Mədətovun vəkili Rəsul Yusifbəyli bildirib.

Digər müdafiəçi Şəmsəddin Quliyev vəsatəti müdafiə etməklə yanaşı, özü də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib: "Həkimlər gəlsin, cavab versin görək, rəhmətliyin "rentgen snimkası" hardadı? Rasim Əliyevin xəstəlik tarixçəsi dörd dəfə dəyişdirilib, niyə? İstintaq faktiki həkimlərə köməklik eləyib".

____________________________________________________________

Bunlara da bax:
Rusiya ABŞ-dan 9 dəfə geri qaldığını etiraf etdi
Qarabağı işğal edən generalın qayıtması narahatlıq yaradıb

____________________________________________________________

MƏHKƏMƏ İSTİNTAQI APARILMAYACAQ

Lakin Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılmasına qərar verilib. Məhkəmə baxışı iyunun 10-na təyin olunub.

Jurnalist Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. O, xəstəxanaya yerləşdirilib. R.Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Avqustun 9-u jurnalist xəstəxanada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun işi ayrılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayev 9 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Prokuror «Qəbələ» klubunun keçmiş kapitanı Cavid Hüseynova 4 il iş istəyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG