Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 14:05

Ramiz Mehdiyev Mikayıl Müşfiqlə bağlı iclas keçirib


Ramiz Mehdiyev
Ramiz Mehdiyev

Şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində (KİV) yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılan işçi qrupunun ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantı bu gün, noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında düzənlənib.

İclasda işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNT analizinin keçirilməsi və başqa zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verildiyi bildirilir.

Toplantıda Milli Elmlər Akademiyasının, Səhiyyə, Mədəniyyət nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Milli Arxiv İdarəsinin və Yazıçılar Birliyinin rəhbərləri iştirak ediblər.

Bir gün əvvəl, oktyabrın 31-də prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirmişdi ki, Stalin repressiyasının qurbanı, 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar KİV-də yayılan materiallar prezidentin diqqətini cəlb edib.

Prezident məsələnin araşdırılmasından ötrü Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və başqa əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçiriləcək.

Xatırlatma

Buna qədər KİV-lərində Qaradağ rayonunun Puta qəsəbəsində axtarış işləri aparılarkən Mikayıl Müşfiqin qalıqlarının aşkar edildiyi haqda məlumatlar yayılmışdı.

Hətta qeyd edilirdi ki, bu haqda məlumat Mədəniyyət Nazirliyinin rəhbərliyinə də verilib.

Son günlər sosial şəbəkələrdə yayılan məlumatlara görə isə, bu məsələyə yer ayıran bəzi KİV-lər sonradan həmin yazıları öz səhfələrindən çıxarıblar.

Onda bir sıra sosial şəbəkə istifadəçiləri hesab edirdilər ki, “hansısa əl KİV-lərdə bu mövzunun qapanmasını istəyib”

Bu il iyunun 5-də Mikayıl Müşfiqin anadan olmasının 110 ili tamam olub.

XS
SM
MD
LG