AMEA prezidenti Ramiz Mehdiyev istefa vermək niyyətində deyil. O, bununla bağlı "Amerikanin səsi"nin sualına cavabında bildirib.
Akademik deyib ki, onu bu vəzifəyə AMEA-nın ümumi yığıncağı seçib və Prezident İlham Əliyev də təsdiqləyib: "Məni istefaya göndərmək səlahiyyəti də ona məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini isə qəbuledilməz sayıram. Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm".
AMEA-nın mətbuat xidməti: 'Avtobus', yaxud 'cib müxalifəti'…
Azərbaycan Milli Elmlər Akademiyasının mətbuat xidməti son günlər bəzi KİV-lərdə bu qurumun prezidenti akademik Ramiz Mehdiyevə qarşı tənqidlərə cavab verib.
Cavabda qeyd edilir ki, açıq-aşkar sifariş mahiyyəti daşıyan və diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmağa hesablanmış bu tamaşanın birinci pərdəsində əsas rollar xalq arasında daha çox "avtobus", yaxud "cib müxalifəti" kimi tanınan müxtəlif partiya liderlərinə ayrılıb.
Qurum bu sırada bəzi deputatları da saxta seçilməkdə və trolluqda günahlandırır. ""Cib müxalifəti" kateqoriyasına aid olan partiya rəhbərlərinin də akademik Ramiz Mehdiyevin vasitəsilə gündəmi dəyişmək cəhdləri cəmiyyətdə gülüş doğurub", - açıqlamada yazılıb.
"Müxalifət və söz azadlığı imitasiyası yaratmaq"
Açıqlamaya görə, belə şəxslərin vəzifəsi ara-sıra efirlərdə peyda olub hay-küy salmaq, müxalifət və söz azadlığı imitasiyası yaratmaq, həmçinin müəyyən qüvvələrin maraqlarına müvafiq şəkildə gündəmi dəyişməyə çalışmaqdır: "Belə adamların tərifi də, tənqidi də icazəlidir, limitlidir. Onlar azad deyillər, öz iradələri ilə danışmırlar. Azad olmayan insan başqalarına necə azadlıq gətirə bilər ki?".
Mətbuat xidmətinə görə, bəzi çıxışlarda daim vurğulanır ki, guya Azərbaycanda rus məktəblərinin açılması və genişlənməsi Ramiz Mehdiyevin işidir. Həmçinin əlavə edilir ki, onlar öz övladlarını rus məktəblərinə qoyan azərbaycanlıları da xainlər, milli satqınlar adlandırırlar: "O ki qaldı rusdilli məktəblərdə təhsil alan azərbaycanlıların milli satqın olduğuna dair fikrə, bu da tam mənada bir sayıqlamadır. Belə çıxır ki, ölkə rəhbərliyində təmsil olunan və övladları rus bölməsində təhsil almış, yaxud alan şəxslərin hamısı vətən xainləridir"
Xatırlatma
Akademik Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilin oktyabrına qədər Prezident Administrasiyasına rəhbərlik edib. Daha sonra AMEA prezidenti seçilib.
Həmin dövrdən də hakimiyyətə yaxın bəzi kütləvi informasiya vasitələrində ona qarşı tənqidlər başlayıb. O, belə tənqidlərdə Azərbaycanda rus dilinin inkişafında xidmətləri olan şəxs kimi təqdim edilib. Bu yaxınlarda isə bir sıra şəxslər onu AMEA-da islahatlara maneə kimi göstərir və istefasını tələb edirlər.
AMEA-nın açıqlamasına cavab: 'Eynilə bizi tənqid edən "müxalifət" kimi…'
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətinin açıqlamasına bəzi müxalifət partiyalarından cavab verilib.
Onlardan Ağ Partiyasının sədri Tural Abbaslı deyib ki, son zamanlar Azərbaycanın hazırki vəziyyətə düşməsinin baiskarlardan biri Ramiz Mehdiyevin məsələsi aktualdır. Onun vurğulamasına görə, akademik indi də Milli Elmlər Akademiyasının prezidenti kimi kreslosundan getməməyə və Azərbaycan xalqına son gününə qədər ziyan vurmağa çalışır: "AMEA-nın rəsmi saytı onun şəxsi bloqu, Milli Elmlər Akademiyası isə şəxsi mülkü deyil. Cəsarəti çatırsa, çıxsın özü cavab versin".
Partiya sədri qeyd edib ki, "beşinci kolon"un bir hissəsi hakimiyyət, bir hissəsi isə müxalifətin daxilindədir. "Bu gün Ramiz Mehdiyevin ritorikasına baxsanız, görərsiniz ki, özünə ənənəvi müxalifət deyən bir kəsim, - hansı ki, hamıya "cib müxalifəti", "avtobus müxalifəti" deyir, - Ramiz Mehdiyevlə eyni ifadələri işlədir. Eynilə bizi tənqid edən "müxalifət" kimi, Ramiz Mehdiyev də deyir ki, "bunlar gündəmi dəyişmək çalışırlar"".
O, bəzi deputatların saxta adlandırılmasına da münasibət bildirib: "Bəs deyirdin parlamentdə saxta deputat yoxdur? Bu gün səni tənqid edən kimi saxta deputatlar oldu?...".