Keçid linkləri

2025, 16 May, Cümə, Bakı vaxtı 18:16

Barhani ən böyük filmini necə çəkdi


"The White Tiger" filmindən kadr
"The White Tiger" filmindən kadr

"Netflix"in Aravand Adiqanın 2008-ci ildə çıxmış romanı əsasında çəkdiyi "The White Tiger" filmi müasir Hindistanda uğur qazanmaq üçün cinayət yolunu tutan sürücü haqdadır. Ancaq "Indiewire" saytı yazır ki, bu layihənin kökləri hələ Kolumbiya Universitetinin yataqxanasına və " Mean Streets" filminin DVD-sinə gedib çıxır. O zaman hələ rejissor olmaq istəyən Ramin Bahrani 1993-cü ildə Adiqa ilə məhz burada tanış olmuşdu. Onları Yaxın Şərqdən olan ortaq dostları tanış etmişdi. "Hamımız Dostoyevski və Kamü kimi şeylər oxuyuruq. Bir gün Ramin kitabxanada qrupa yaxınlaşıb dedi ki, bizim görməli olduğumuz bir film var ki, oxuduğumuz kitablar qədər güclüdür", – Hindistanda böyümüş və ixtisası ingilis ədəbiyyatı olan Adiqa sayta müsahibəsində deyib.

İlk aya 27 milyon baxış

Adiqa karyerasına maliyyə jurnalisti kimi başlasa da, Bahraninin ilk iki filmində özünün ssenari yazma istedadını kəşf etdi. 2005-ci ildə çəkilmiş "Man Push Cart" filmi sonradan Manhettendə yemək satışı ilə məşğul olmağa başlayan keçmiş pakistanlı rok ulduzu haqdadır. 2007-ci ildə çıxmış "Chop Shop" adlı filmsə Nyu-Yorkun Kuins hissəsində küçədə yaşayaraq həyatda qalmağa çalışan Latın Amerikası əsilli yetimlərdən bəhs edir.

Adiqanın sözlərinə görə, bu iki ilk filmin gizli hekayəsinin axtarışı "The White Tiger" filminin yaranmasına ilham verib.

Film "Netflix"də son dərəcə populyardır. Artıq platformaya yerləşdirildiyi ay baxış sayı 27 milyona çatmışdı. Bahrani üçün bu, karyera uğurunun başqa bir mərhələsi deməkdir.

"Çox radikal filmdir"

Şimali Karolinaya köçmüş iranlı mühacirlərin övladı olan Ramin Bahrani marginallaşdırılmış personajları meynstrimə gətirmək üçün çox çalışıb. Sonradan, bir növ, kompromis variant taparaq filmlərinə ağdərili baş qəhrəmanları çəkməyə başlayıb. 2014-cü ildə "99 Homes" filminə Endrü Qarfild, Maykl Şennon, 2012-ci ildə isə "At Any Price" filminə Dennis Kueyd və Zak Efron kimi aktyorları çəkib. Bu onun məşhur aktyorlarla işləmək və kommersiya uğuru qazanmaq imkanlarını artırıb. Ağdərili personajların olmadığı "The White Tiger" filmi isə onun həssaslıqla yanaşdığı məsələləri geniş auditoriya qarşısına çıxarmaq üçün ideal vasitədir.

"Mən bu kimi hekayələri daha çox insanın diqqətinə çatdırmağın yolunu tapmağa ümid edirdim. Bu, deməyə və etməyə çalışdığı şeylər baxımından çox radikal filmdir...", – Bahrani sayta "Zoom" müsahibəsində deyib.

Bahraninin rejissorluğa həvəsi Skorseze yaradıcılığına marağından başlayıb və İran "Yeni dalğa"sından ilhamlanıb. O, Abbas Kiarostaminin 1987-ci ildə çəkdiyi "Where Is the Friend's Home?" dramını "Mean Streets" filminə köçürməyə çalışıb. Əgər Kiarostaminin filmi bütün gün ərzində sinif yoldaşının dəftərini qaytarmağa çalışan məktəbli uşaq haqdadırsa, Bahraninin filmi Manhettenin Litl İtali (Kiçik İtaliya) məhəlləsindəki küçə fırıldaqçıları haqdadır. "Biri poetik İran hekayəsi, digəri isə ekspressiv şəxsi mühacir hekayəsidir. Ancaq mən hər kəsin baxmaq istədiyi belə bir film çəkəcəyimi təsəvvür etmirdim", - Bahrani deyib.

70 min dollarlıq film

Səfil bir kənddən çıxmış Balram (Adarş Qurav) Dehlidə zəngin bir ailənin evində işə düzəlir, kriminal instinktlərini işə salır və onu işə götürmüş adama qarşı çıxır. Maraqlı hiphop saundtreki və axıcı hekayəsi olan "The White Tiger" Skorsezenin məşhurlaşdırdığı qəzəbli cinayət saqasını Hindistan çərçivəsinə salıb. Ağ aktyorların çəkilmədiyi filmin 30%-i hindi dilindədir.

Bahrani böyük maraqla qarşılanmış "Man Push Cart" filmini cəmi 70 min dollara çəkib. Bu pulu da borc götürüb. Filmin maraqla qarşılanması ona növbəti filmini çəkməkdə kömək edib. "Big Beach" adlı prodakşn şirkəti "Chop Shop" filminin çəkilişini maliyyələşdirib. Qalan xərcləri də Bahrani kinoşünaslıq professoru kimi aldığı məvacibdən ödəyib. "Həyatımda [həmişə] nəyisə ilk dəfə etmək üçün kimsə mənə pul ödəyib", – Bahrani deyir.

"…Düşündüm ki, mən tənqidçilərin bəyəndiyi üç film çəkmişəm, bu filmlər ən yaxşı festivallara çıxıb və çox şükür ki, distribusiya olunub. Ancaq dünyanın böyük bazarları bizə bağlı idi. Satış agentləri mənimlə xoş və səmimi davranırdılar. Onlar dedilər ki, əsas qəhrəmanların pakistanlı, latın amerikalı və qara olduğu filmləri dünyanın xeyli hissəsinə sata bilməzlər. Əgər onların adları Denzel Vaşinqton və ya Uill Smit deyilsə", – o deyir.

XS
SM
MD
LG