Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:08

‘İnsan haqlarını kütləvi pozan’ Raisi İran ədliyyəsinin rəhbəri oldu


Ebrahim Raisi
Ebrahim Raisi

İranın ali rəhbəri ayətüllah Ali Khamenei çoxsaylı insan haqları pozuntularında ittiham olunan sərt xətt-hərəkət tərəfdarı Ebrahim Raisini ölkənin qüdrətli ədliyyəsinin rəhbəri təyin edib.

Khamenei bu barədə fərmanı martın 7-də imzalayıb.

Ali rütbəli ruhani və uzun müddət prokuror kimi fəaliyyət göstərmiş 58 yaşlı Raisi həm də Astan Qüds Rəzavi təşkilatının rəhbəridir. Bu qurum ölkənin bütün müqəddəs şiə ocaqlarına nəzarət edir.

Human Rights Watch (HRW) insan haqları təşkilatı və ABŞ Dövlət Departamenti 1980-ci illərdə məhbusların kütləvi edamlarına görə məsuliyyət daşıyan şəxsin ədliyyənin başına gətirilməsini sərt tənqid ediblər.

Müşahidəçilər bildirirlər ki, Raisinin bu təyinatı sərt xətt-hərəkət düşərgəsini gücləndirə, prezident Hassan Rohaninin mötədillərini zəiflədə bilər.

Human Rights Watch bu barədə verdiyi bəyanatda xatırladır ki, Raisi 1988-ci ildə bir neçə min siyasi məhbusun edamı barədə qərar qəbul etmiş komitənin dörd üzvündən biri olub.

Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sarah Leah Whitson deyib ki, belə bir şəxsin ölkə ədliyyəsinə rəhbərlik etməsi “vahimə doğurur”.

Xanım Whitson-un sözlərinə görə Raisiyə vəzifə vermək yox, “onun törətdiyi ağır cinayətlərə” görə təhqiqat başlamaq lazımdır.

ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino martın 5-də Twitter-də yazıb: “Siyasi məhbusların kütləvi edamlarında iştirakı olan Raisi İran ədliyyəsinə rəhbər təyin edilib. Bu nə rüsvayçılıqdır!”

O əlavə edib ki, “İran rəhbərliyi ədalətsiz mühakimələrlə və qeyri-insani həbsxana şəraitinə yol verməklə ədaləti “ələ salır”, halbuki iranlılar bundan daha yaxşısına layiqdirlər!”

Khamenei isə deyir ki, Raisinin “etiqadı, biliyi və təcrübəsi” var. O ədliyyə sistemi heyətinin cavanlaşdırılmağa ehtiyacı olduğunu bildirib və qeyd edib ki, bu təyinat ölkədə ictimai haqların və qanuni azadlıqların bərpasına, qanunların icrasına nəzarətin gücləndirilməsinə imkan verəcək.

Raisi bu vəzifədə Khamenei-yə yaxınlığı ilə tanınan ayətüllah Sadeq Amoli Larijanini əvəz edəcək.

Ötən ilin dekabrında Larijani qüdrətli Məsləhət və Nizam Şurasının rəhbəri təyin edilib. Bu qurum parlament və Konstitusiya Məhkəməsi rolunu oynayan Nəzarət Şurası arasında mübahisələrin çözümü üçün yaradılıb.

Raisinin Larijaninin postuna təyin ediləcəyi barədə şayiələr artıq bir müddət idi ki, dolaşırdı.

Onun adı 79 yaşlı ali rəhbər Khamenei prostat xərçəngindən əməliyyat olunanda hətta onun varisləri sırasında çəkilirdi.

Raisi 2017-ci ilin prezident seçkisində Rohaniyə uduzub.

Ölkə ədliyyəsinin rəhbəri birbaşa ali rəhbər tərəfindən beş il müddətinə təyin olunur.

Bu qərar İran üçün son dərəcə mürəkkəb beynəlxalq şəraitdə qəbul olunub.

ABŞ prezidenti Donald Trump ölkəsini İranla Qərb arasında bağlanmış 2015-ci il nüvə sazişindən çıxarıb və Tehran üzərinə sanksiyaları bərpa edib.

İranın mühafizəkar fiqurları bu sazişi imzalandığı gündən tənqid edirdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG