Ziddiyyətli bəyanatlarla ad çıxarmış özbəkistanlı imam Rahmatulloh Saifutdinov deyib ki, «homoseksuallıq bütün dünya ictimaiyyətini narahat edən xəstəlikdir». O, valideynlərə övladlarının gey olmasını önləməkdən ötrü necə davranacaqları haqda məsləhət də verib.
Daşkəndin Mirzo Yusuf məscidinin baş imamı Rahmatulloh Saifutdinov dindarlara deyib ki, seks zamanı həyat yoldaşlarından başqa hər hansı bir şəxs haqda düşünsələr, həyat yoldaşları dünyaya homoseksual uşaq gətirəcək.
«Cinsi əlaqədə 3 nəfərin iştirakı»
Martın 2-də cümə moizəsində Saifutdinov deyib ki, bəzi özbək qadınlar ərləri ilə sekslə məşğul olan zaman «yaraşıqlı» əcnəbi kişilər haqda düşünürlər.
«Məsələn, qadınlar seriallarda gördükləri yaraşıqlı türk aktyorları haqda fantaziyalar qururlar. Sosial mediada bəzi evli qadınların paylaşdığı çoxlu belə postlar var. Bu, cinsi əlaqə zamanı üç nəfərin iştirakı kimi bir şeydir», – Saifutdinov deyib.
***Buna da bax-Özbək imam kişi ginekoloqları 'biabırçılıq' adlandırdı
Tanınmış imamın sözlərinə görə, belə bir cinsi əlaqə qadının homoseksual oğlan uşağına hamilə qalmasıyla sonuclana bilər.
Saifutdinov kişilərin də intim fantaziyalarına eyni dərəcədə dözümsüz yanaşıb.
«Kişilər də öz arvadları ilə cinsi əlaqədə olarkən hər hansı başqa gözəl qadını təsəvvür edə bilməzlər. Çünki bu, lesbiyan uşağın dünyaya gəlməsinə yol aça bilər», – deyə imam xəbərdarlıq edib.
Saifutdinov bu bəyanatı evlilikdə harmoniya, ailə dəyərləri, nikahda tərəflərin hüquqları və vəzifələrinə həsr olunmuş moizə zamanı verib.
Daha öncə serial yasaqlandı
Saifutdinov AzadlıqRadiosunun suallarına cavab olaraq, bu iddialarını hər hansı elmi dəlillərlə əsaslandırmaqdan imtina edib. İmamın köməkçisi radioya bildirib ki, Saifutdinov-un mövzu ilə bağlı hər hansı əlavə şərhi yoxdur.
Saifutdinov-un bu qeyri-adi bəyanatından bir neçə gün öncə Özbəkistanda son dərəcə populyar «Kara sevda» adlı türk teleserialı qadağan edilib. Həm radikal, həm də mötədil müsəlman dindarlar serialın efirdən yığışdırılmasını tələb ediblər.
***Buna da bax-Mamaçalıqdan danışan imam medianı suçlayır
Bu janra aid digər filmlərdəki kimi, «Kara sevda» serialında da sevgi, münasibətlər, evlilik, xəyanət və hətta intiharla bağlı səhnələr var. Özbəkistanda dini qruplar «Kara sevda» serialının islam dəyərlərinə zidd olduğunu iddia ediblər. Ancaq Saifutdinov sözügedən son moizəsində türk serialı ilə bağlı heç bir şey deməyib.
«Mamaçalığı qızlar öyrənməlidir»
Ötən il Saifutdinov özbək kişilərin ginekologiya sahəsində təhsil almasının və bu sahədə çalışmasının yolverilməz olduğunu deməklə gündəmə gəlmişdi. O, iddiasını «müsəlman olmağın kişi ginekoloq olmaqla bir araya sığmaması» ilə əsaslandırmışdı.
«Kişilərin ginekoloq olmasına yol vermək biabırçılıqdır. Biz buna son qoymalıyıq», – deyə imam moizəsində bildirmişdi. Bu moizənin səsi yazılaraq internetdə yayılmışdı. Ancaq sonradan o, dediklərini təkzib etmişdi.
«Həmin moizə zamanı mən ginekologiya haqqında danışmışam. Ancaq, əslində, çoxları bu moizənin mənasını anlamayıblar. Mamaçalığı qızlara öyrətmək lazımdır. Qadınlardan doğuşu kişilər yox, qadınlar qəbul etməlidirlər. Kişiləri kişi, qadınları qadın həkimlər müayinə etməlidir. Özü də bu, mənim tələbim deyil, şəriətin tələbidir», – deyə Saifutdinov bildirmişdi.
O, həmçinin medianı bu məsələni həddindən artıq şişirtməkdə və yanlış yozmaqda suçlamışdı.
Saifutdinov onun çıxışı haqda yazmış AzadlıqRadiosunun özbək xidmətini, BBC və «Amerikanın səsi»ni fitnə yaratmaqda suçlamışdı.
«Onlar fitnə yaradırlar... Yazırlar ki, özbək imam kişi mamaçalardan imtinaya çağırır. Onlar bu materialları rusdilli auditoriyaya çatdırırlar, onların fikrini öyrənmək istəyirlər. Ancaq mənim moizəm rusdilli auditoriyaya aid deyil», – Rahmatulloh Saifutdinov demişdi.
42 yaşlı Saifutdinov eyni zamanda Daşkənddəki İmam əl-Buxari İslam İnstitutunun professorudur. O, mötədil islam dəyərlərini təbliğ edən saytı da idarə edir, orada öz çıxış və məqalələrini yayır.