Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

R.İbrahimbəyov: 'Mən vətəndaş mövqeyimi dəyişmirəm'


R.İbrahimbəyov
R.İbrahimbəyov

«Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu. Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq qurumunun əmlakı və sənədlərindən gedir».

Bunu Rusiyada yaşayan, bu günlərdə Bakıya gələn kinodramaturq, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov «Turan» agentliyinə müsahibəsində bildirib.

Son illər rəsmi təbliğatda ona dövlət əleyhinə fəaliyyətlə bağlı ittihamlar səslənməsindən sonra Bakıya gəlişi məsələsinin necə həll olunması barədə sualın cavabında R.İbrahimbəyov deyib ki, o, öz müraciətlərində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir.

«İnsanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?»

«İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir? Mənim vətəndaş mövqeyim hakimiyyətin fikrindən fərqləndiyinə görə kinematoqrafçıların mülkiyyətini və əmlakını götürmək lazımdır? Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?», - R.İbrahimbəyov sual edib.

O, sonra əlavə edib: «İttifaqın qurultayını keçirmək, onun işini sahmana salmaq lazımdır. Adamlara yaradıcılıqla məşğul olmağa şərait yaratmaq, bu mənasız cinayət və vergi təqiblərinə son qoymaq lazımdır».

«Hakimiyyətin mənə iradları ola bilər, ancaq niyə başqaları əziyyət çəkməlidir? «Qafqaz üçlüyü» filminə görə mənə qarşı təqiblərə son qoymaq lazımdır», - dramaturq vurğulayıb.

«Növbəti qurultayı keçirmək və...»

O qeyd edib ki, müraciətlərinə cavab olaraq Prezident Administrasiyasından ona telefon zəngi olub. «Dedilər ki, gəl», - o əlavə edib.

Bakıda olduğu qısa müddətdə R.İbrahimbəyov həmkarları ilə görüşüb və vəziyyəti müzakirə edib.

«Növbəti qurultayı keçirmək və pozulmuş mülkiyyət hüquqlarını, İttifaqın itirilmiş sənədlərini bərpa etmək lazımdır. Bizim bu məsələləri qanuni şəkildə, məhkəmə qaydasında həll etmək cəhdlərimiz indiyədək nəticə verməyib. Ümid edirik ki, nəhayət, yuxarılarda bu özbaşınalığa son qoymaq istəyənlər var», - o vurğulayıb.

«Ölkə hakimiyyətinin siyasətində nələrinsə dəyişdiyini hesab etmək olarmı?» sualının cavabında R.İbrahimbəyov deyib ki, bunu yaxın gələcək göstərəcək: «Mayda qurultay keçirməyi planlaşdırırıq, Buna qədər nəsə həll olunmalı, dəyişməlidir».

Siyasətə gəlincə, o deyib: «Sadəcə, hamıya xatırlatmaq istəyirəm: bu gün hakimiyyət bizim Azərbaycan Ziyalılar Forumunda qaldırdığımız məsələlərin çoxunu qaldırır və həll edir. Əgər bu gün həmin məsələlər, məsələn, korrupsiya yuxarılarda müzakirə olunursa və ona qarşı mübarizə aparılırsa, niyə bizi dövlətin düşmənləri elan edirdilər?».

Xatırlatma

R.İbrahimbəyov Azərbaycan və Rusiyanın əməkdar incəsənət xadimidir.

2013-cü ildə ölkə prezidenti postuna namizədliyini irəli sürüb. Ancaq sənədlərinin qaydasında olmaması üzündən bu istəyi gerçəkləşməyib. O, Milli Şuranın namizədi Cəmil Həsənlini müdafiə edib, həmin qurumun fəxri sədri olub.

Hələ, həmin seçkilərdən bir il əvvəl (2012-ci ildə) Azərbaycanda yeni Kinematoqrafçılar İttifaqı yaradılıb. Eyni vaxtda R.İbrahimbəyovun rəhbərlik etdiyi eyniadlı qurumda vergi yoxlamaları başlayıb.

2013-cü ildən bəri R.İbrahimbəyov doğulduğu Azərbaycana yalnız bir dəfə, 2016-cı ildə qardaşı Maqsud İbrahimbəyovun dəfnində gəlmişdi.

Son illər isə o rəsmi təbliğatda «Qafqaz üçlüyü» filminə görə sərt tənqid olunurdu. R.İbrahimbəyovu 2015-ci ildə çəkilən bu filimə görə hətta vətənpərvərlikdən uzaq olmaqda günahlandırırdılar.

Mədəniyyət Nazirliyindən isə həmin filmi R.İbrahimbəyovun yaradıcılıq bioqrafiyasında «qara ləkə» adlandırmışdılar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG