Azərbaycan rəsmiləri deyir ki, 2023-cü ildə ölkənin qeyri-neft ixracının 3 milyard ABŞ dollarını ötəcəyi gözlənir. Bu barədə bu günlər Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev danışıb. «Xarici ticarətin genişləndirilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, bu ilin 8 ayı ərzində qeyri-neft ixracımız 15 faiz artıb. Gələn il bu göstəricinin 20 faiz təşkil edəcəyi, 2023-cü ildə 3 milyard ABŞ dollarını ötməsi gözlənir», - o qeyd edib.
Ötən il bu göstəricinin 1.69 mlrd dollar olduğu bildirilir. Bu il isə bunun 1.9 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.
İqtisadçı Rövşən Ağayev bildirib ki, gözləntilərin reallığa uyğun olmasını demək üçün əldə ciddi hesablamalar olmalıdır: «Görünür, nazirin əlinin altında bununla bağlı məlumatlar var, ona görə də onlar rahat proqnozlaşdıra bilirlər. Bu il, yəni 2019-cu ilin ötən dövründə 1.7-1.8 milyard dollarlıq qeyri-neft məhsulu ixrac edildiyi deyilir. Son 10-15 il ərzində qeyri-neft ixracı 1.3-1.5 milyard həcminə çatıb və onu keçməyib».
Ekspert vurğulayıb ki, 2014-cü ildən qabaq qeyri-neft ixracının həcmi elə 1.6-1.7 milyard dollar civarında olub, sonrakı illərdə bir qədər düşüb. Onun fikrincə, bu qədər müddətdə qeyri-neft ixracı yerində sayıb.
«Açığı, mən real görmürəm»
R.Ağayev söyləyib ki, SOCAR-ın 3 zavodu açılıb və ya açılma ərəfəsindədir: «SOCAR-ın zavodlarının məhsullarını da qeyri-neft ixracına aid etdiklərinə görə müəyyən bir artım gözlənir. Amma bunun indidən deyilən kimi 3 milyard dollar həcminə çatacağı real görünmür və açığı, mən real görmürəm».
İqtisadçı vurğulayıb ki, kimya sənayesi də SOCAR-a birləşdirilib, bu məhsulların da ixracında artım proqnozlaşdırılır: «Neft-kimya hesabına müəyyən bir atımın olması mümkündür, amma bunun 4 il ərzində 1.6-1.7 milyard dollardan 3 milyard dollara çata biləcəyi real deyil».
R.Ağayevə görə, mövcud vəziyyət iqtisadiyyatın şaxələndirilməsi baxımından yaxşı gələcək vəd etmir: «Qeyri-neft ixracının kimya sektoru hesabına artması belə iqtisadiyyatın şaxələnməsi baxımından yaxşı gələcək vəd etmir...».
«İxrac neft-kimya sektorundan kənar artmalıdır»
R.Ağayev hesab edir ki, Azərbaycanın neft ixrac potensialı da o qədər böyük deyil. Ekspert əlavə edib, burada bütün ölkə üzrə işçi qüvvəsinin kiçik bir hissəsi çalışır: «İxrac neft-kimya sektorundan kənar artmalıdır. İxrac şaxələndirilməlidir ki, daha çox sayda insan bu sahədə çalışa bilsin. Bu gün sahələrin potensialının aşağı olmasının bir səbəbi ixrac qabiliyyətinin az olması ilə bağlıdır. İxrac potensialı məhdud olan ölkə işçi qüvvəsini artıra bilmir, geniş vergi potensialı formalaşdıra bilmir».
Ekspert hesab edir ki, hökumətin əsas hədəflərindən biri də ixrac coğrafiyasını genişləndirmək olmalıdır: «Qeyri-neft ixracının 60-70 faizi inkişaf etmiş ölkələrin bazarlarına çıxarılmalıdır. İndi Azərbaycanın qeyri-neft ixracının 75-80 faizi inkişaf etməkdə olan Rusiya, Türkiyə, Gürcüstan, İran, İraq kimi ölkələrin bazarlarına yönəlir. Əsas hədəf ixracın həcmini artırmaqla yanaşı, ixrac bazarlarının da şaxələndirilməsi olmalıdır... Bu, dayanıqlı inkişaf üçün daha etibarlı vasitədir».
Deputat: «O qədər də böyük rəqəm saymıram»
«Yəqin, proqramları hazırdır. Çünki qeyri-neft sektorunun ixracında müəyyən problemlər var. Bu da onunla bağlıdır ki, bizim əsas ixracımız neft-qaz və neft-qaz məhsullarıdır».
Bunu isə Milli Məclisin İqtisadiyyat sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, qeyri-neft sektorunun bir sıra sahələri, o cümlədən kənd təsərrüfatı müəyyən qədər dirçəlir, bəzi yeni sahələr meydana çıxır: «Ola bilər ki, 2023-cü ilə kimi bu rəqəm 3 milyard dollara çatsın, çox da böyük rəqəm deyil. Çox da böyük rəqəm hesab etmirəm. Ümumiyyətlə isə, prezident hökumət qarısında məqsəd qoyub ki, qeyri-neft sektoru inkişaf etdirilməlidir. Özü şəxsən bu məsələyə toxunur və nəzarətdə saxlayır».
Deputat əlavə edib ki, bu məqsədlə müəyyən sənaye parkları, sənaye məhəllələri tikilir. Üstəlik, onun deməsinə görə, bu məsələ ilə əlaqədar yeni fabriklərin, zavodların tikilməsi ilə bağlı müəyyən təkliflər də veriblər: «Amma bu gün hesab edirəm ki, indiki səviyyə qənaətbəxş deyil, qeyri-neft sektorunun ixracı, hələlik, axsayır. Bu sektoru inkişaf etdirməyə çox böyük ehtiyac var. Çünki dövlət büdcəsi faktiki neft-qaz ixracından asılı olaraq formalaşdırılır».